Bu səhifədə iş davam etməkdədir. |
"Müsavat" (ərəb. مساواة — bərabərlik) — XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən siyasi partiya. Partiyanın əsası 1911-ci ildə Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulub. Partiya 1918-1920-ci illərdə Azərbaycanda baş verən əsas siyasi proseslərdə iştirak edib. Onun funksionerləri və üzvləri Azərbaycan Demokratik Respublikasının yaradılmasında önəmli rol oynayıblar.[1]
Müsavat Müsəlman Demokrat Partiyası | |
---|---|
Qurucu | |
Lideri | Məhəmməd Əmin Rəsulzadə |
Quruluş tarixi | 1911 |
Dağılma tarixi | 1930-cu illərin sonu |
Birləşən |
Difai Partiyası Türk Ədəmi-Mərkəziyyət Firqəsi |
Sələfi | Hümmət Partiyası |
Xələfi | Müsavat Partiyası |
Baş qərargah | Bakı |
İdeologiya | İslam liberalizmi, sivil millətçilik, pantürkizm, antikommunizm |
Mətbuat orqanı | Açıq söz qəzeti |
Partiyanın ilk fəaliyyət dövrü Birinci Dünya müharibəsi illərinə düşür. Onun üzvləri gizli şəkildə müsəlmanların və bütün türk dünyasının rifahı üçün fəaliyyət göstərirdilər.[2][3]
Müsavat Partiyası 1911-ci ildə Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev tərəfindən yaradılıb. Partiyanı yaradanlar Hümmət Partiyasının keçmiş üzvüləri idi. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat partiyası gizli olaraq fəaliyyət göstərib. Partiya üzvlərinə "partiyanın mövcudluğunu ciddi şəkildə gizli saxlamaq və hələlik üzvlərinin sayını artırmaqla məhdudlaşmaq, gələcək mübarizəyə hazırlaşmaq və güc toplamaq" tapşırılıb. "Açıq söz" vasitəsilə Birinci Dünya müharibəsi illərində Müsavat partiyasının rəhbərləri müsəlmanları Osmanlı imperiyası ilə müharibəni "zəfərlə sona çatdırmağa" çağırırdılar.[4][5] Lakin bununla yanaşı partiyanın lideri M. Ə. Rəsulzadə eyni zamanda türk kimliyini müdafiə edirdi ("Bizim dilimiz türk, milliyyətcə türkük"), lakin bu pantürkizm rus əsaslı idi və İsmayıl Qaspıralının islam modernizmindən qaynaqlanırdı.[6] Türklər Anadolu türkləri, azərbaycanlılar, qazaxlar və özbəklər daxil olmaqla vahid bir millət kimi başa düşülürdü. Bundan başqa, Azərbaycan türkləri dedikdə şirvanlılar, bakılılar, gəncəlilər, irəvanlılar, borçalılar və İranın şimal-qərbində yaşayanlar başa düşülürdü. Fevral inqilabından əvvəl Müsavat mədəni və milli muxtariyyət idealları ilə məhdudlaşaraq müstəqil türk dövlətinin yaradılmasını tələb etmirdi.
Müsavatın üç əsas prinsipi var idi. Bu prinsplər türkçülük (dil), islamçılıq (din) və avropaçılıq (müasirlik, tərəqqi, zaman) idi. Hər üç prinsip üz rəngli milli Azərbaycan bayrağında (mavi, yaşıl və qırmızı) öz əksini tapıb.[7]
İlk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışırdı.[8]
Müsavatın Cənubi Qafqazda populyarlığı onunla izah olunur ki, onun nizamnaməsində Qurana, İslam dininə və millətinə beyət edən hər kəs bu partiyaya üzv ola bilər yazılmışdı.[9] Amma şiə mollaları baxımından Müsavat anti-islamçı, sosialist və millətçi bir partiya idi.[9]
Fevral inqilabından sonra Azərbaycanda yeni şəraitdə hakim mövqe tutan partiya Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsini tələb etməklə yanaşı, "Rusiya Demokratik Respublikası"nın yaradılmasının tərəfdarı idi. 1917-ci il iyunun 17-də Müsavat Türk Federalist Partiyası ilə birləşdi. Partiya "Türkiyə Demokratik Federalist-Müsavatçılar Partiyası" adlandırılmağa başladı. Bu partiyanın proqramında artıq demokratik Rusiya daxilində milli-ərazi muxtariyyəti tələbi var idi.[10] Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək şəhərdə yerləşib.
Müsavat Azərbaycan millətinin daxilində sinfi sülhü təbliğ edirdi. Müsavat partiyasını iri burjuaziya və mülkədarlarla yanaşı, xırda burjuaziya, millətçi ziyalılar, eləcə də kəndlilərin bir hissəsi dəstəkləyirdi. Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət idi və o, islami xarakter daşıyırdı. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirildi. 1915-ci ilin oktyabr ayında M. Ə. Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat partiyasının rəsmi orqanına çevrildi.
1917-ci il oktyabrın 26–31-də Bakıda "İsmailiyyə" binasında Müsavat partiyasının ilk qurultayı baş tutdu. Qurultayda partiyanın ilk Mərkəzi komitəsinə üzvlər seçildi. Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Musa bəy Rəfiyev, Mustafa bəy Vəkilov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, Mirzə Məhəmməd Axundzadə Mərkjəzi komitənin üzvləri oldu. Birləşmiş partiyanın birinci qurultayında aşağıdakı tələbləri özündə əks etdirən yeni proqram qəbul olundu:
Ümumilikdə proqram 76 bənddən ibarət idi və torpaq, əmək, milli, dini və digər məsələlərlə bağlı müddəaları ehtiva edirdi.[12]
Qurultayda Məhəmməd Əmin Rəsulzadə partiyanın Mərkəzi Komitəsinin sədri seçildi. Partiyanın şöbələri nəinki Azərbaycanın bütün qəzalarında o, cümlədən Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və İstanbulda təşkil edilmişdi.
Müsəlman Demokrat Partiyası 125 deputatlıq Zaqafqaziya Seymində 30 deputatla təmsil olunub.
1918-ci il mayın 28-də Tiflisdə Müsavat partiyası bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. 44 nəfərlik Milli Şuranın sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçildi.
1919-cu ilin dekabrında Bakı şəhərində Müsavat partiyasının II qurultayı keçirildi. Qurultay dekabrın 2-dən 12-dək müddətdə davam etdi. Cümhuriyyətin bütün bölgələrindən qurultaya 140 nümayəndə gəlmişdi. Qurultayı giriş sözü ilə Məhəmməd Əmin Rəsulzadə açdı və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış etdi.
Qurultayın Siyasi Komissiyasına Məmməd Yusif Cəfərov, Musa bəy Rəfiyev, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və Məhəmməd Əmin Rəsulzadə seçildi. Mandat Komissiyasına isə Cavad bəy Məlik-Yeqanov, Məhəmməd Əmin Rəsulzadə və Əbdülvahab Məmmədzadə üzv oldular. Qurultayın birinci iclası gecə saat 10-a dək davam etmiş, ikinci gün isə qurultaya Şəfi bəy Rüstəmbəyli sədrlik etmişdir. İkinci gün qurultayın Rəyasət Heyəti seçilmişdir. Rəyasət Heyətinə Məhəmməd Əmin Rəsulzadə sədr kimi, Şəfi bəy Rüstəmbəyli, Məşədi Əli Rəfiyev, Əbdül Qasım Rüstəmzadə, İbrahim Yusif sədarət kimi seçilmişdisə, İslam bəy Qəbulzadə, Mirzə Məhəmməd Axundzadə, Cavad Axundzadə, Mövsümzadə katiblik üzvü olmuşdular.
İkinci qurultayda Qafqaz konfederasiyası, Denikin təhlükəsi, Dağıstan məsələsi haqda qərarlar qəbul edilib. Partiya Proqramı yenilənib, 67 maddəlik iki hissəlik yeni proqram qəbul edilib. Proqramın birinci hissəsi, Nəzəriyyə və uzaq məqsəd, ikinci hissəsi isə Əməliyyə və yaxın məqsəd adlanırdı. Proqramın birinci hissəsində Azərbaycan İstiqlalını qorumaq əsas məqasəd kimi qoyulmuşdusa, ikinci hissədə iqtisad və maliyyə işləri, torpaq, işçi, ədliyyə, ruhani idarəsi, maarif kimi məsələlər əksini tapmışdır.
İkinci qurultayda Məhəmməd Əmin Rəsulzadə yenidən Müsəlman Demokrat Partiyasının sədri seçilib.
1917-ci ildə Fevral inqilabından sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirmək haqda qərar verdi.[13][14] Ümum-Rusiya Müəssislər Məclisinə seçkilərdə Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı.[15] Burada seçkilərdə 15 siyahı mübarizə aparırdı.[16] Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası o cümlədən "Müsavat" iştirak edirdi. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat"a qarşı vahid cəbhədə çıxış etdilər.[17] Seçkilərdən az sonra gürcü menşevikləri açıq şəkildə millətçilik yolunu tutdular.[16]
Cənubi Qafqaz seçki dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.[18] Azərbaycan milli hərəkatında "Müsavat" partiyasının aparıcı mövqeyi seçkilər nəticəsində əyani təsdiqini tapdı. Azərbaycan partiyalarının aldığı səslərin 66,5%-i "Müsavat"ın payına düşürdü. Seçki siyahısında 10-cu yerdə olan Müsavat Partiyası ümumilikdə 615,816 nəfərdən səs alaraq ümumi səsvermədə münşeviklərdən sonra 25.08 %-lə ikinci yerdə qərarlaşmışdı.[19]
1917-ci ilin dekabrında Gəncədəki 219-cu alayın əsgərlərini tərksilah edən müsavatçılar 1918-ci ilin yanvarında Qafqaz cəbhəsindən qayıdan rus ordusu qüvvələrinin də silahlarını Şəmkir stansiyasında əllərindən aldılar. Bu hadisə tarixi Şamxor hadisəsi kimi düşdü. 1918-ci ilin fevralına kimi müsavatçıların silahlı dəstələri Yelizavetpol quberniyasına nəzarət edirdilər. Martın əvvəllərində onlar öz nüfuzunu Lənkəran, Şamaxı, Quba və Salyana qədər yaya bildilər.[20] Artıq 1918-ci ildə Bakıda və Azərbaycan bölgələrində tam üstünlük Müsavat partiyasının və Müsəlman Milli Şurasının tərəfində idi. Ona görə də Bakı Sovetinə rəhbərlik edən bolşeviklər başa düşürdülər ki, şəhərdə hakimiyyət uğrunda mübarizədə ilk növbədə "Müsavat"ın siyasi təsiri aradan qaldırılmalı və onların sosial dayaqları məhv edilməlidir. Onlar ən müxtəlif metodlarla şəhərdə "Müsavat"ın mövqeyinin bundan sonra güclənməsinə imkan verməməyə çalışırdılar. Nəticədə 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın zamanı müqavimətin təşkilində müsavat üzvləri mühüm rol oynadılar[21]
1918-ci il aprelin 22-də Tiflisdə keçirilən Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) elan edilməsi haqqında qərar qəbul etdi. Aprelin 26-da Akaki Çxenkelinin rəhbərliyi ilə Zaqafqaziyanın yeni hökuməti yaradıldı. Bu hökumətin tərkibinə Azərbaycanın 5 nümayəndəsi, o cümlədən Müsavatı təmsil edən Nəsib bəy Yusifbəyli (maarif naziri) və Məmmədhəsən Hacınski (ticarət və sənaye naziri) daxil idi.[22]
Mayın 27-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvləri öz iclaslarında özlərini Azərbaycan Müvəqqəti Milli Şurası elan edərək,[23] Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər.[24] M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri oldu.[25] 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad edərək AXC hökümətinin Bakıya köçməsinə şərait yaratdı.[26] 1918-ci il noyabrın 17-də türk qoşunları Azərbaycanı tərk etdi. Müsavat höküməti Britaniya imperiyası ilə danışıqlara başladı.
Müsavat partiyasının nümayəndələri Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli ADR-in bütün hökumətlərində məsul vəzifələrdə çalışıblar. Həmçinin müsavat üzvləri Məmməd Yusif Cəfərov, Ağa Əminov, Nəriman bəy Nərimanbəyli və başqaları ADR-in hökumətlərində təmsil olunublar. Sovet tarixşünaslığında 1918-1920-ci illərdə Azərbaycan ərazisində mövcud olmuş siyasi rejim adətən “müsavatçı” adlanır.
1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Müsavat bir neçə il gizli fəaliyyətini davam etdirərək Azərbaycanda sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlaşırdı. Lakin 1926-1927-ci illərdə qruntun rəhbəri Dadaş Həsənov və onun silahdaşları həbs edilərək güllələndi. Bundan sonra müsavatçıların ayrı-ayrı qrupları mühacirətdə fəaliyyət göstərirdilər. AXC süqut edən kimi, partiyanın daxilində parçalanma baş verdi, solçular qolu üstünlüyü əldə etdilər, keçmiş rəhbərlik ölkəni işğaldan qurtara bilmədiyinə görə şiddətli tənqid edildi. Yeni solçu "Müsavatın" təşəbbüs qrupuna Əbdül Vahab Məmmədzadə (Yurtsevər), Məmmədsadıq Quliyev, Rasim Qasımov, Seyid Zərgər və daha 21 nəfər daxil idi[27].
1920-cu il aprelin 29-da Müsavat partiyasının fövqəladə konqresi keçirildi. Orada Azərbaycanın müstəqilliyinin bərpa edilməsi və işğalçıların ölkədən çıxarılması uğrunda mübarizəyə başlamaq qərarına gəlindi[28]. Bolşevik sisteminə qarşı gizli müqavimətin təşkil edilməsi üzrə iş 1920–1922-ci illər ərzində aparılırdı. Əsas məqsəd müstəqilliyin bərpası və işğala qarşı silahlı üsyanın təşkili idi. 1922-ci ildən başlayaraq, gizli təşkilat "İstiqlal" adlı qəzet yayımlamağa başlamışdır.[29] Onun cəmi 18 nömrəsi işıq üçün görmüş, hər sayı 30–50 nüsxədən ibarət idi. Bundan başqa, gizli mətbəədə partiyanın proqramı və müxtəlif vərəqələr dərc edilib yayılırdı. 1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının Azərbaycan bölməsinin əməkdaşları mətbəənin yerləşdiyi evi mühasirəyə aldı. Qurban Musazadə və Ağasəlim Rəhimov çapla məşğul olduqları zamanı həbs olundu. Onlar 19-cu nömrəni yığırdılar. Sonrakı günlərdə daha 18 nəfər həbs olundu.[30]
Təşkilatın Bakı ilə yanaşı Salyanda və Lənkəranda da yerli bölgələri fəaliyyət göstərirdi.[27]
Müsavatçılar silahlı üsyan yolu ilə işğala son qoymaq məqsədilə MK nəzdində hərbi təşkilat yaratmışdırlar. Ona 1923-cü ilə qədər Dadaş Həsənov (Həsənzadə) rəhbərlik edib.[31] Ondan sonra təşkilata Məmməd Sadıq Quliyev, Əhməd Hacınski, İbrahim Axundzadə, Əli Hüseyn Dadaşev və İsfəndiyar Vəkilov rəhbərlik edib. Hərbi təşkilat 1922-ci ildə Azərbaycanı bürümüş üsyanları təşkilində iştirakçı olub. Hərbi təşkilatın daxilində şöbələri də olub[27]
1922-ci ildə gizli Müsavat Partiyasının Mərkəzi Komitəsi (MK) Azərbaycan Milli Şurasının keçmiş sədri Məmməd Əmin Rəsulzadənin xaricə göndərilməsi haqqında qərar qəbul etdi. Qeyd edək ki, Azərbaycan Cümhuriyyəti süqut etdikdən sonra o, həbs olunmuşdu. Lakin sonra İosif Stalinin dəstəyi ilə azad edilərək Moskvaya göndərildi. Rəsulzadə orada Millətlər Şurasında bir müddət çalışmışdı. O, Müsavatın ideoloji lideri və simvolu idi. Müsavatçılara fəaliyyətlərini davam etdirmək üçün M.Ə.Rəsulzadənin nüfuzu lazım idi və ona görə də onun sovet rejimi tərəfindən məhv edilməsinin qarşısını almaq onlar üçün vacib idi. Buna görə də onun Finlandiyaya qaçmasını təşkil etdilər. Oraya qaçmağa müvəffəq olan Rəsulzadə sonradan Türkiyəyə gəldi.[31] Gizli Müsavatın bu məxfi əməliyyatını 1922-ci ildə Dadaş Həsənov, Rəhim Vəkilov və məşhur tatar maarifçisi Musa Bigiyev həyata keçirmişdi. Bəzi ehtimallara görə onun qaçışında türk kəşfiyyatının da müəyyən rolu var idi.
Gizli Müsavatın fəaliyyətində gürcü antisovet hərəkatı ilə əlaqələrə böyük əhəmiyyət verilirdi. Hər iki ölkənin dövlət müstəqilliyini bərpa etmək üçün onların ümumi məqsədləri var idi. Bundan əlavə, müsavatçılar gürcü menşevikləri ilə əlaqə quraraq Antantadan kömək ümid edirdilər.
Gürcüstanın bolşevik Rusiyasının qoşunları tərəfindən işğalından sonra ölkədəki bütün əsas partiyalar daxili ziddiyyətləri aradan qaldırmaq və işğala qarşı mübarizə aparmaq üçün qüvvələrini birləşdirmək qərarına gəldilər.[32] Bu, “Gürcüstan İstiqlal Komitəsi”nin (Paritet Komitəsi) yaradılmasına səbəb oldu.
1921-ci ildə Mirzəbala Məmmədzadə üç dəfə Tiflisdə olmuş, gürcü gizli təşkilatının rəhbərlərindən biri Silvestr Cibladze ilə görüşmüşdür.[27] Bolşeviklərə qarşı birgə üsyan haqqında razılaşma əldə edilmişdi. Bundan sonra Gürcüstan müxalifəti ilə əlaqələri Əliövsət Nəcəfov, Dadaş Həsənov və Əli Yusifzadə saxlayırdı.
Eyni zamanda RSFSR NKVD-si yanında Dövlət Siyasi İdarəsi Gürcüstan-Azərbaycan antisovet ittifaqının yaradılmasını diqqətlə izləyirdi. 1923-cü ilin iyununda Müsavat Mərkəzi Komitəsinin bütün tərkibi repressiyaya məruz qaldı. Əbdül Vəhhab Məmmədzadə, Rəhim Vəkilov, Kərbəlayi Vəli Mikayılov və başqaları həbs edildi. Mərkəzi Komitənin sədri Mirzəbala Məmmədzadə İrana qaçmağa müvəffəq oldu.[33]
Azərbaycan gizli təşkilatının məğlubiyyəti planlaşdırılan ümumqafqaz üsyanına ciddi zərbə oldu. Əslində Dövlət Siyasi İdarəsi müsavatçıların fəal mərkəzinin mövcudluğuna son qoydu və onların bütün strukturlarını dağıtdı.[33] Gürcü gizli təşkilatına da zərbə vuruldu və 1924-cü ilin avqust-sentyabr aylarında gürcü üsyanı uğursuzluğa düçar oldu və Qızıl Ordu tərəfindən yatırıldı.
Birinci Gizli Müsavatın üzə çıxmasından bir müddət sonra repressiyalardan yayına bilən fəallar fəaliyyətlərini davam etdirərək partiyanın fəaliyyətini canlandırmaq üçün yenidən fəaliyyətə başladılar. İkinci gizli fəalların ilk yığıncağı 1923-cü ilin noyabrında Dadaş Həsənovun mənzilində keçirildi.[33] Bu iclasda D.Həsənov, A. Hacınski, Əbülfəz Babayev, Əbdül Əbdülzadə, Əli Yusifzadədən ibarət Mərkəzi Komitə kimi müvəqqəti komitə yaradıldı. Partiyanın ikinci Mərkəzi Komitəsinin sədri Dadaş Həsənov (1897-1927), katibi isə Əhməd Hacınski idi.[27][33][34]
1924-cü ilin sonuna qədər bütün işlər repressiyaya məruz qalan müsavatçıların ailələrinə maddi yardım üçün vəsait tapmağa yönəldilmişdi.
1925-ci ilin əvvəlindən gizli təşkilat öz fəaliyyətini gücləndirdi. Noyabrda ikinci gizli MK-nın D.Həsənov (sədr), A.Hacınski (katib), A.Babayev, M.Q.Vəliyev (Baharlı) və R.Vəkilovdan ibarət yeni tərkibi formalaşdırıldı.[33]
MK-nın yeni tərkibi də seçildi ki, onun da tərkibinə Mir Əbdül Qəni Mir Qasimov, Qəzənfər Sultanov (Pedaqoji İnstitutun tələbəsi), Süleyman İsrafilov (Tibb İnstitutunun tələbəsi), Həbib Məmmədov (Nərimanov adına texnikumun müəllimi) daxil idi.
Hərbi təşkilat da yenidən quruldu. Qızıl Ordu hissələrinin yerləşdiyi yer, şəxsi heyətin silahlanması, dəmir yollarındakı vəziyyət və s. haqqında kəşfiyyat məlumatları toplanmağa başlandı. Türkiyə kəşfiyyatı ilə əlaqələr davam etdirildi.[27]
Rayonlarda da müsavatçıların fəaliyyəti gücləndirildi, yerli özəklər yaradıldı. O cümlədən, Qarabağda güclü gizli özək quruldu. 1925-ci ilin yayında Şuşada Müsavatın Qarabağ təşkilatının plenumu keçirildi və bu plenumda Dadaş Həsənov iştirak etdi.[35]
Azərbaycanın istiqlal ideyalarının təbliği təkcə partiyasız vətəndaşlar arasında deyil, həm də kommunistlər arasında gedirdi ki, onların arasında çoxlu gizli müsavatçılar da var idi.
Dadaş Həsənovun görüşlərinə görə qarşıya qoyulan məqsədlərə “dövlət və sovet müəssisələrinin təhsil strukturlarına daxil edilməli olan savadlı kadrlar korpusu yaradılmalıdır və onların sayı artdıqca bütün hakimiyyət aparatı müstəqillik tərəfdarlarının əlinə keçməlidir”.[27]
1925-ci ilin noyabrına qədər Əhməd Hacınski təhsil müəssisələrində və təhsil dərnəklərində istifadə olunmağa başlayan “Gənclərin partiyasız təhsili üçün göstərişlər” adlı iş planı hazırladı.[27] Bu plana əsasən, təhsil müəssisələrinə gətirilən müəllimlər türk tarixini, ədəbiyyatını və incəsənətini təbliğ etmək üçün sinifdə dərslər keçirir, işğala qarşı müqavimətə çağırırdılar. Həmçinin müsavatçılar türk (azərbaycan) gənclərinin və ziyalılarının təhsil aldığı çoxsaylı maarifləndirici dərnəklər yaratdılar.
Gizli Müsavat partiyasının maarifçilik proqramı 1925-1931-ci illərdə Azərbaycanın təhsil müəssisələrində də fəaliyyət göstərən çoxsaylı vətənpərvər gənclər təşkilatları və dərnəklərinin yaradılmasına səbəb oldu.[36] Müsavatın gizli fəaliyyəti nəticəsində gənclər arasında millətçilik hisslərinin artması qeydə alınıb.
Bəzi təhsil ocaqlarında komsomol hüceyrələrinə qarşı fəaliyyət göstərən “Türk xalqının gənclər təşkilatları” yaradıldı. Sovet hakimiyyəti tərəfindən qadağan edilmiş millətçi ədəbiyyatın yayılması üçün də iş aparılırdı. Vərəqələr çap olunur, M.Ə.Rəsulzadənin kitabları paylanırdı.
Həmin dövrün gizli iclaslarında 1926-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan Birinci Türkoloji Qurultaya mühüm yer ayrılmışdı. Ümumilikdə bu tədbiri dəstəkləmək, lakin əlifbanı ərəb əlifbasından latın qrafikasına dəyişmək ideyasından imtina etmək qərara alındı.[36] Mərkəzi Komitə üzvlərinin bu məsələ ilə bağlı yaydıqları vərəqədə deyilirdi: "Əlifbanın dəyişdirilməsinə ehtiyac olduğu bildirilirdi. Lakin bu məsələ bolşeviklər tərəfindən siyasi məqsədlər üçün istifadə edilir. Türk dünyasını parçalamaq və inteqrasiyasına imkan verməmək üçün təbliğat aparılır. Təkcə Azərbaycan üçün deyil, bütün türk xalqları üçün yeni vahid əlifba qəbul edilməlidir Amma bolşeviklərin icazə vermək istəmədiyi məhz budur. Ona görə də hazırda əlifbanın dəyişdirilməsinə qarşı çıxmaq və bu məsələni gələcəkdə bütün türk xalqlarının mənafeyinə uyğun həll etmək lazımdır".[27]
1926-cı ilin əvvəlində Birləşmiş Dövlət Siyasi İdarəsi öz agentləri vasitəsilə Müsavatın gizli fəaliyyətini izləyirdi. 1926-cı il martın 11-də ikinci gizli Musavatın rəhbərləri: Dadaş Həsənov, Əhməd Hacınski və Əli Yusifzadə həbs edildi.[33] Bundan sonra bütün Azərbaycanda müsavatçılara qarşı kütləvi repressiyalar baş verdi.
D.Həsənovun həbsindən sonra təşkilata 1926-cı ilin iyulunda həbs edilən Əbülfəz Babayev rəhbərlik edirdi. Həbs edildikdən sonra MK üzvlərindən yalnız M.Q.Baharlı və R.Vəkilov azadlıqda qaldılar. Onlar ən ağır repressiyalara baxmayaraq, öz fəaliyyətlərini dayandırmamış və Mir Əbdülqəni Mir Kasımovdan, Qəzənfər Sultanovdan, Süleyman İsrafilovdan və Həbib Məmmədovdan ibarət yeni rəhbərliyi formalaşdırdılar.[27] Bununla gizli fəallar Azərbaycanda müsavatçıların fəaliyyətinin dayandırılmasının qarşısını almağa çalışıblar. Lakin bir qədər sonra onların hamısı həbs edildi.
Gizli Müsavatın ləğvi 1926-cı ilin oktyabrına qədər davam etdi. Ümumilikdə 34 nəfər həbs edildi. Onlar 1923-cü ildə dağıdılmış ilk Müsavat gizli təşkilatının və onun hərbi təşkilatının fəaliyyətini bərpa etməkdə, xarici xüsusi xidmət orqanlarının xeyrinə casusluq və kəşfiyyat məlumatları toplamaqda, AKP(b) və hökumət orqanlarını daxildən parçalamaq cəhdlərində, 1923-cü ildə dağıdılmış hərbi qurumun fəaliyyətini bərpa etməkdə, Azərbaycanda hakimiyyəti ələ keçirməkdə ittiham olunurdular.
Birləşmiş Dövlət Siyasi İdarəsi kollegiyasının 28 fevral 1927-ci il tarixli məhkəmə iclasının hökmü ilə Dadaş Həsənov, Mövsüm İbrahimov, Cavad Axundov və Mir Bağır Seyid Rzayev ölüm cəzasına məhkum edildilər. Gizli Musavatın qalan üzvləri altı ildən on ilədək müddətə azadlıqdan məhrum edilib və konvoyla Moskvadakı Butırka həbsxanasına göndərildi. Hökm 1927-ci il aprelin 6-da icra olundu.
Birinci və İkinci Gizli Müsavatın ifşa olunması və dağıdılmasından sonra partiya Azərbaycan və Sovet İttifaqı ərazisində fəaliyyətinini tamamilə dayandırdı. 1937-ci ildə isə vaxı ilə Musavat partiyasının üzvü olmuş şəxslər və partiya ilə əlaqəli insanların çoxu represiyalara məruz qaldılar. Represiya olunanlar içərisində Musavatın lideri mühacirətdə olan M.Ə.Rəsulzadənin ailəsi də var idi.
Qeyd edək ki, Gizli Müsavat ifşa edildikdən sonra müsavatçıların ayrı-ayrı qrupları mühacirətdə fəaliyyət göstərirdilər.
Aprel işğalından sonra Azərbaycandan güclü mühacir axını başlandı. Həmçinin işğal ərəfəsində xarici diplomatik nümayəndəliklərdə, o cümlədən Versal konfransında xeyli sayda müsavatçı təmsil olunurdu. İşğaldan sonra xaricə gedən Azərbaycan siyasi mühacirləri Tehran, Gilan, Təbriz, Astara, Ərdəbil, Trabzon, İstanbul və başqa şəhərlərdə mühacir cəmiyyətləri yaratsalar da bu cəmiyyətlər qısa müddətdən sonra fəaliyyətlərini dayandırdılar. Yalnız Məhəmməd Əmin Rəsulzadənin xaricə mühacirətindən sonra müxtəlif ölkələrə səpələnmiş Azərbaycan mühacirlərini bir təşkilat ətrafına toplamaq mümkün oldu. Rəsulzadə 1922-ci ildə Türkiyəyə gələrək, ilk növbədə, Müsavat Partiyasının Xarici Bürosunu təşkil etdi. Müsavat Partiyasının Xarici Bürosu ilk vaxtlar öz komitələrini partiya üzvlərinin daha çox məskunlaşdığı Türkiyə və İranda yaratdı. Bu komitələr geniş fəaliyyətə başladılar.[37] İstanbulda fəaliyyət göstərən Xarici Büronun sədri M.Ə.Rəsulzadə, katibi Mirzə Bala Məmmədzadə, xəzinədarı Xəlil bəy Xasməmmədov idi. Onlar Xarici Büronun Rəyasət Heyətini təşkil edirdi. Büro üzvləri Şəfi bəy Rüstəmbəyli və Mustafa bəy Vəkilov Rəyasət Heyətinin üzvləri ilə birlikdə onun icraiyyə orqanına daxil idilər ki, bunları da "beşlik" adlandırırdılar. Məmmədsadıq Axundov və Abbasqulu Kazımzadə Büronun üzvləri idilər. Bu dövrdə partiyanın İranda Cəfər Cəfərov (sədr), Məhəmməd Əli Rəsulzadə və Qulam Şərifovdan ibarət Tehran (Rəşt və Ənzəli təşkilatları da bu komitəyə tabe idilər), Teymur bəy Məlik-Aslanovun sədrliyi ilə Təbriz komitələri (Ərdəbil və Astara təşkilatları bu komitəyə tabe idilər) fəaliyyət göstərirdi.[37]
Mühacirətdə olan partiya funksionerləri Gürcüstan və Şimali Qafqaz milli təşkilatları ilə ittifaqa girmiş, ilk əvvəl Qafqaz İstiqlal Komitəsi təşkil etmiş, sonra isə istiqlalın bərpa ediləcəyi təqdirdə Qafqaz işlərini idarə edəcək Qafqaz Konfederasiyası Şurasını yaratmağa nail olmuşdu. Rəsulzadənin rəhbərliyi ilə Müsavat Partiyasının xaricdə fəaliyyətinin genişlənməsi Sovet hakimiyyəti dairələrində böyük narahatlıq doğururdu. 1925-ci ildə Sovet İttifaqının xarici işlər komissarı Georgi Çiçerin Bakıda keçirilən IV Sovetlər qurultayındakı çıxışında bu məsələyə toxunaraq demişdi: "Son zamanlar müsavatçıların Türkiyədə fəaliyyətlərinin gücləndiyini qeyd etməmək olmaz - Biz dəfələrlə Türkiyə hökumətinə müraciət edərək, Sovet hökuməti əleyhinə intriqalara etirazımızı bildirmişik və buna, nəhayət, son qoyulmasını tələb etmişik."
Sovet İttifaqının tələbi ilə Türkiyədə müsavatçıların fəaliyyəti xeyli dərəcədə məhdudlaşdırıldı. 1931-ci ildə müsavatçılar Türkiyəni tərk etməyə məcbur oldular. Polşa hökuməti Azərbaycan mühacirlərini qəbul etdi. Partiyanın lideri olan Rəsulzadə Polşada məskunlaşdı.[37]
Qeyd edək ki, eyni zamanda İranda da Müsavat Partiyasının güclü təşkilatı formalaşmışdı. Lakin sonradan burda partiyanın bölməsinin daxilində parçalanmalar baş verdi. Belə ki, bölmə daxilində fars və türk təmayüllü qüvvələr arasında mübarizə gedirdi. Fars meyilli qüvvələrə parlamentin sabiq üzvü molla Mirzə Səlim Axundzadə başçılıq edirdi. İran hökumətinin nümayəndələri fars meyilli qüvvələrin təsir dairəsini genişləndirmək məqsədilə onlara maddi yardım göstərirdi. Türk təmayüllü qüvvələrə isə Məmmədsadıq Quliyev rəhbərlik edirdi. Mirzə Bala Məmmədzadə İstanbula getdikdən sonra M.Quliyev Xarici Büronun Cənubi Azərbaycandakı nümayəndəsi təsdiq olundu.[37]
1931–1932-ci illərdən sonra Müsavat təşkilatlarının fəallığının zəifləməsi müşahidə olunurdu. Müsavatın Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi daxilindəki fıkir ayrılığının və ixtilafların dərinləşməsi bunun əsas səbəbi idi. Belə ki, Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbul qrupunda Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov və digərləri Rəsulzadəyə müxalif mövqedə dururdu. Getdikcə dərinləşən ixtilaflar Müsavat mərkəzlərinin fəaliyyətini çətinləşdirdi. Vəziyyəti nizamlamaq məqsədilə 1928-ci ildə partiyanın rəhbər orqanı olan Divanın yenidən formalaşdırılması qərara alındı. Yeni Divan ayrı-ayrı partiya mərkəzlərinin təmsilçilərindən ibarət olmalı idi. Əksəriyyətin qəbul etdiyi qərara qarşı çıxdıqlarına görə Ş.Rüstəmbəyli, X.Xasməmmədov, M.Axundzadə İstanbul təşkilatından xaric edildilər. Lakin qısa müddət sonra nüfuzlu partiya üzvlərinin səyi ilə partiyada parçalanmasının qarşısı alındı. İlk vaxtlar ixtilafların səbəbi, formal olaraq, Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbuldan Parisə və yaxud Varşavaya köçürülməsi məsələsində yaranmış fikir ayrılığı kimi qələmə verilsə də, əslində, bu mübarizə partiyaya rəhbərlik, onun rəhbər xadimlərinin təsir dairəsinin müəyyən edilməsi ilə bağlı idi. Getdikcə güclənən təşkilatdaxili çəkişmələr 1934-cü ildə bir qrupun partiyadan xaric edilməsi ilə nəticələndi.[37]
Varşavada 1936-cı ilin avqustunda Müsavat Partiyasının qurultay səlahiyyətli konfransı keçirildi. Konfransda Məhəmməd Əmin Rəsulzadə "Milli hərəkatda birgə" mövzusunda hesabat məruzəsi ilə çıxış etdi. O, çıxışında partiyanın həm Azərbaycanın daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini bildirdi. O, "şəxslər müvəqqəti, ideologiya əbədidir" tezisini əsas tutaraq, müsavatçıları ideologiyaya sadiqliyə çağırdı. Konfrans partiya sıralarının təmizlənməsi məsələsini müzakirə edərək, ilk növbədə, partiya rəhbərliyinin Mir Əziz Seyidli və Şəfi bəy Rüstəmbəylinin partiyadan xaric olunması haqqında vaxtilə çıxardığı qərarı təsdiq etdi.
İkinci Dünya müharibəsi illərində faşist Almaniyasının rəhbərliyi Sovet İttifaqı xalqlarının nümayəndələrindən milli legionlar formalaşdırarkən bu xalqların siyasi mühacirətinin tanınmış və mötəbər nümayəndələrinə arxalanırdı. Azərbaycan mühacirətində belə bir şəxsiyyət müsavatçılıqla nasional-sosializmin sıx bağlılığına əmin olan M.Ə.Rəsulzadə idi. O qeyd etdi ki, Müsavat partiyasının sosial proqramı milli sosialist xarakterlidir.[38] Lakin Almaniyanın Azərbaycanın müstəqilliyi ideyasını dəstəkləməyəcəyini bilən Rəsulzadə əməkdaşlıqdan imtina etdi.[39]