Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mir Həmzə Nigari (1805, Cicimli, Laçın rayonu – 1885, Amasya) — Sufi şairi, təsəvvüf alimi.
Mir Həmzə Nigari | |
---|---|
Mir Həmzə Mir Paşa oğlu Qarabaği | |
Təxəllüsü | Нигари |
Doğum tarixi | 1805 |
Doğum yeri | |
Vəfat tarixi | 1885 |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Siracəddin Əfəndi |
Atası | Mir Paşa |
Anası | Xeyrənsə Xanım |
Fəaliyyəti | şair, yazıçı |
Janr | təkkə-təsəvvüf ədəbiyyatı |
Mir Həmzə Nigari Vikimənbədə |
Mir Həmzə Seyid Nigari Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində 1805-ci ildə dünyaya gəlmiş Qarapapaq türklərindəndir. Atası Mir Paşa (türk mənbələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qız Xanım adı ilə tanınan Xeyrənsə Xanım olmuşdur.
Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Yolçuluğu sırasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Xarputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra isə Qarabağa qayıtmışdır. Qarabağda ikən cəddi əmcədi Həzrət Əlinin mənəvi işarəsi ilə "Hər bir nəfəsi Məsih-əsa, hər bir nəzəri nazir-i kimya" dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. Şeyx İsmayılın müridi olmuşdur.
Kürdəmirdə şeyxin yanında mənəvi tərbiyyəsinə başlayan Həmzə Nigari şeyxini təqib edərək ardından Anadoluya gəlmiş, Sivas və Amasiyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalmışdır.
Həmzə Nigari İsmayıl əfəndidən izin alaraq, müqəddəs məkanları ziyarət üçün səfərə çıxmış, əvvəlcə Konyaya Mövlana Cəlaləddin Rumi türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə getmişdir. Ziyarətlərinin sonunda Amasiyaya qayıtmış və bir il sonra seyri sülukunu tamamlayaraq mürşidi İsmayıl Şirvanidən xilafətnamə alıb Azərbaycana qayıtmışdır.
Həmzə Nigari irşad fəaliyyətinə Bərgüşad və Bərdə ətrafında başladı. Rusiya ilə Osmanlı dövləti arasında çıxan Krım müharibəsi zamanı Osmanlı ordusunda cihada qatılmaq üçün müridləri ilə birlikdə gizlicə Qarsa gəldi. Və ruslara qarşı vuruşdu. Müharibədən sonra Ərzuruma yerləşərək Bakırlar məhəlləsindəki məscidin dərsxanasında üç il qaldı.
Ərzurumdan İstanbula gedən Həmzə Nigari nəhayət Amasiyaya qayıdaraq orada məskunlaşmışdır. Burada uzun müddət təfsir və hədis dərsləri deməklə yanaşı təsəvvüfi fəaliyyətlə də məşğul olmuşdur, lakin onun fəaliyyətindən narahat olanların şikayətindən sonra Xarputa sürgün edilmişdir.
1885-ci ildə Xarputda vəfat edən Həmzə Nigarinin nəşi vəsiyyətinə uyğun olaraq şeyxinin yanına Amasiyaya gətirilmişdir. Qazaxlı Hacı Mahmud Əfəndinin himməti ilə Qarabağ, Qazax və Gürcüstandakı müridlərinin də yardımı ilə türbəsi və türbənin yaxınlığında məscid inşa edilmişdir.
Həmzə Nigarinin Muhyiddin Arabinin "Fütuhatı-məkkiyyə" əsərinə yazdığı Təvzihat, türkcə və farsca divanı, ayrıca "Nigarnamə" və "Saqinamə" adlı əsərləri vardır. Onun şeirləri Amasiya ətrafında, şərqi Anadoluda, Borçalı, Qazax və Qarabağda yaşayan türklər tərəfindən əzbərləndi, zikir məclislərində sürətlə böyük mistik həyəcanla illərlə mənəvi zövqlə oxundu. Onun Türkiyəyə hicrətindən sonra Şimali Qafqazdan minlərlə insan köçərək Amasiya və ətrafında məskunlaşdı.
Hələ 9 yaşında olanda məna aləmində görüb aşıq olduğu Qarabağ bəyləri nəslinə mənsub və özü kimi eşq əhli Nigar adlı bir qadına görə şeirlərində Nigari təxəllüsünü seçdi.
Divanı Tiflisdə (1908) və İstanbulda (1883) dərc edilmişdir. Farsca divanı da yenə İstanbulda 1911-ci ildə nəşr olunmuşdur.
Həmzə Nigarinin Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstanda çox sayda müridi və xəlifəsi olmuşdur. Türkiyə və Azərbaycanda onun nəslindən olan bir çox insan var. Onun xəlifələrindən bəziləri bunlardır: Oğlu Siracəddin əfəndi, Hacı Mahmud Əfəndi Aslanbəyli, Cəfər Təyyar Paşa, Ömər Kəşfi Dağıstani, Ərzurumlu Mehmet Zakir Əfəndi, Ərzurumlu Xoca Hafiz Osman Siraci, Mir Seyid Həsən Hüsnü Əfəndi əd-Dağıstani, Hacırəhim Ağa Dilbazi, Şahnigar Xanım Rəncur, Qazi Osman Əfəndi, Hacı Zəkəriyyə Əfəndi, Sadi Qarabaği, Hafız Mehmet Kaşif Dağıstani, Trabzonlu Osman Nefi, Dağıstanlı Rəcəb Haberi, Hacı Teyyub Əfəndi, Hacı Mustafa Əfəndi, Postlu Hacı Mahmud Əfəndi, Amasyalı Payasizadə Hacı Haqqı Əfəndi.
Mir Həmzə Nigari sufi şairdir. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Yəhya Şirvani, Məhəmməd Füzuli, Yunus Əmrə kimi şerlərində təsəvvüfi mövzuları işləmişdir. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm xalq şeiri nəzm şəkilləri ilə heca ölçüsündə təsəvvüfi şeir yazan divan sahibi şairdir. Şeirlərində Allah, peyğəmbər və əhli beyt eşqi və məhəbbəti işlənmişdir. O "vətən sevgisi imandandır" sözünü rəhbər tutaraq Azərbaycan və Qarabağı da şeirlərində yazmışdır.
Mir Həmzə Nigari öz doğma vətənı Qarabağa çox böyük məhəbbət bəsləmiş, Türkiyədə olduğu vaxtlar Qarabağa olan həsrətini şeirlərində dilə gətirmişdir. Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şerində bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu izdıraba qərq etdiyini ifadə edir. Bununla birlikdə, sanki o, Qarabağın ermənilər tərəfindən işğal edilib talan ediləcəyini hiss etmiş kimi bugünkü insanların əhvalı ruhiyyəsini şerində əks etdirmişdir:
Sinəmə çəkilən qara dağımdır, Qara bağrım qanlı Qarabağımdır. Qan əkər, odlar tökər Miri-Nigari məgər, Yad qılıbdır yenə Qarabağ torpağını.
Eşqin kanı Qarabağdır məkanım, Bülbülü-şeydayam, cənnət yerimdir. Əvvəl başdan Qaraqaşdır bostanım, İndi gülüstanım Qarapirimdir.
Bir qönçə gülünün tarımarıyam, Görüm abad olsun ol Qarabağı. Bir gözəl ceyranın giriftarıyam, Şənlik olsun dağı, bağı, ovlağı.
Gözlərimdən hər dəm qan – yaş tökülür, Sərvtək qamətim yaytək bükülür. Sinəmə çal-çarpaz dağlar çəkilir, Yadıma düşəndə Çilgəz yaylağı.
Xabları Huridir, Mələk mənzərdir, Sözləri şirindir, şehdü-şəkərdir. Cənnəti-Məvadır, Hovzi-Kövsərdir, Qaraqaş yaylağı, Həmzə bulağı.
Ey Nigari, ömrün erişdi payə, Salmadı başıma ol sərvi sayə. Can qurban eylərəm peyki səbayə, Xəbər versə bir gün ol Qarabağdan.