Misirdə iyul inqilabı

Misirdə iyul inqilabı (ərəb. ثورة 23 يوليو 1952‎, həmçinin 1952-ci il çevrilişi (ərəb. إنقلاب 23 يوليو 1952‎ kimi də tanınır)[1] — 23 iyul 1952-ci ildə Məhəmməd NəcibCamal Əbdül Nasirin rəhbərlik etdiyi bir qrup ordu zabitinin cəmləşdiyi Azad Zabitlər Hərəkatı tərəfindən həyata keçirilmiş hərbi çevriliş. İnqilab əvvəlcə Kral Farukun taxtdan salınmasına yönəlmişdi. Miles Kopeland və Kermit Roseveltə görə, çevriliş Misirdə siyasi hakimiyətinn başına Amerika tərəfdarı olacaq yeni liderin gəlməsini hədəfləyən "Fat Fukker" əməliyyatının bir hissəsi idi.[2][3][4]

Misirdə iyul inqilabı
1952-ci il Misir inqilabının ikinci ildönümü münasibətilə keçirilən şənliklərdə Baş nazir Camal Əbdül Nasir (sağda) və prezident Məhəmməd Nəcib (solda) üstü açıq avtomobildə.
1952-ci il Misir inqilabının ikinci ildönümü münasibətilə keçirilən şənliklərdə Baş nazir Camal Əbdül Nasir (sağda) və prezident Məhəmməd Nəcib (solda) üstü açıq avtomobildə.
Yer Misir
Tarix 23 iyul 1952
Səbəb Monarxiyanın devrilməsi
Əsas məqsəd Respublika qurmaq
Nəticə Respublika elan edilməsi
Təşkilatçılar Camal Əbdül Nasirin başçılığı ilə bir qrup zabit
Hərəkətverici qüvvələr Azad zabitlər hərəkatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bununla belə inqilab daha böyük siyasi nəticələrə gətirib çıxardı. Qısa müddətdə Misir və Sudanda konstitusiya monarxiya ləğv edildi. Aristokratiya sıradan çıxarıldı. Respublika quruldu, ölkədəki ingilis işğalına son qoyuldu və Sudanın müstəqilliyini təmin etmək üçün hərəkat genişləndi (o dövrdə Sudan İngiltərə-Misir müştərək olaraq idarə olunurdu).[5] İnqilabçı hökumət əsasən ərəb millətçiliyibeynəlxalq birliklərə qoşulmamaqla siyasi mövqeni ifadə edən qatı millətçi, anti-imperialist sistem qurdu.

İnqilabın ilk müvəffəqiyyətləri, Avropa imperiyalarına qarşı müstəmləkəçi üsyanların olduğu Əlcəzair kimi digər ərəb və Afrika ölkələrindəki çoxsaylı digər millətçi hərəkatları təşviq etdi. Həm də bölgədəki və qitədəki mövcud qərbyönümlü monarxiyaların və hökumətlərin devrilməsinə ilham verdi.

İnqilab hər il iyulun 23-də Misirdə bayram günü kimi anılır.

İnqilabdan əvvəl

[redaktə | mənbəni redaktə et]

1882-ci ildə İngilis-Misir müharibəsi zamanı ingilis hərbi qüvvələri Misirə müdaxilə etdi. 1888-ci ildə Konstantinopol Konvensiyasında İngiltərə Süveyş kanalını hərbi güclə qorumaq hüququnu qazandı. Bu konvensiya İngiltərəyə Misiri tabe etmək üçün bir baza rolu oynadı. Misir hələ bir Osmanlı vassalı olsa da, tədricən İngiltərə protektoratına çevrildi. Birinci Dünya müharibəsindən sonra İngiltərə Məhəmməd Əlinin sülaləsindən etibar etdiyi namizədi taxta oturtdu və Misiri öz Protektoratı elan etdi. İkinci Dünya Müharibəsi zamanı Misir Şimali Afrika kampaniyası zamanı müttəfiqlərin əsas hərbi bazası idi. Müharibədən sonra İngiltərə siyasəti imperiya ticarəti üçün həyati əhəmiyyət daşıyan Süveyş kanalının nəzarətinə yönəlməyə davam etdi.

Lakin, II Dünya Müharibəsi zamanı silahlı qüvvələrin içərisində olan Misir millətçiləri nüfuz qazanmağa başladı. 1948-ci il Ərəb-İsrail müharibəsində məğlubiyyət ingilislərin dəstəklədiyi Kral Farukun nüfuzunu aşağı saldı. Millətçilər bu məğlubiyyətin səbəbkarı kimi onu görürdülər. Məhz bu müharibədə məğlubiyyətdən sonra millətçilər Misir xalqı arasında nüfuz qazanmağa başladılar.

Azad Zabitlər Hərəkatı (ya da bəzən Gənc Zabitlər Hərəkatı olaraq da adlandırılır) Sovet İttifaqı və ABŞ-nin dəstəklədiyi bir qrup islahat düşüncəli zabit tərəfindən quruldu.[1] 1940-cı illər ərzində başlayan və genişlənən hərəkət Camal Əbdül Nasirin rəhbərliyə keçməsi ilə nəticələndi.[6] Hərəkatın daha da genişlənməsi üçün orduda böyük nüfuzu olan general Məhəmməd Naqib onun rəhbəri təyin olundu.

İnqilabın səbəbləri

[redaktə | mənbəni redaktə et]
Misir polisi Qahirədə İngiltərə əleyhinə nümayişlər zamanı ingilis bankının girişini bağlayan qadınları həbs etməyə çalışır.

Misirdə inqilabın baş verməsi səbəbləri müxtəlif idi. 1948-ci il Ərəb-İsrail müharibəsində məğlubiyyət isə sadəcə olaraq onu sürətləndirmişdi. İnqlabın əsas baş vermə səbəbləri aşağıdakılar idi:[7]

  • Əhalinin həddən artıq yoxsulluğu;
  • Kral hökumətinin kəskin İngiltərə yönümlü siyasəti;
  • Ordu, polis və digər hüquq-mühafizə orqanlarında korrupsiya;
  • 1948-1949-cu illərdə İsrailə qarşı müharibədə məğlubiyyət.

İnqlabı sürətləndirən 1952-ci ilin yanvar və fevral aylarında Qahirədə ingilislər əleyhinə olan bir sıra kütləvi nümayişlər oldu. Bu çıxışlar Misir polisi və mülki şəxslər arasında ölənlər və yaralananların olması ilə sona çatdı. 1952-ci il yanvarın 26-sı (Qara Şənbə), bir çox misirlinin yadaşında "ikinci inqilab" (ilk 1919 Misir inqilabı) kimi qaldı.[8] Məhz bu hadisələrdən sonra ordu nəhayət müxalifətin nəzarətinə keçdi. Ölkədə vəziyyəti yenidən nəzarət altına almaq ümidi ilə üç dəfə kral yeni baş nazirlər təyin etdi. Əli Maher (27 yanvar - 1 mart),[9] Əhməd Naqib El-Hilali (2 mart - 29 iyun və 22-23 iyul)[10] və Hüseyn Sirri (2-20 iyul)[11] növbə ilə hökumət qurmağa cəhd etdilər. Lakin onların səyləri uğursuz oldu.

Əvvəlcə Azad Zabitlər təşkilatının icra komitəsinin sədri polkovnik-leytenant Camal Əbdül Nasir rəhbərlik etdiyi radikal hərbçilərlə çevriliş etməyi avqustun 5-nə planlaşdırırdı. Lakin sui-qəsd qrupunun tərkibi hökumətə sadiq təhlükəsizlik xidməti tərəfindən deşifrə olduqdan sonra Nasir həbslərdən qorxaraq bu tarixi iyulun 23-nə çəkməyi qərara aldı.[12]

İnqilabi hadisələrin xronikası

[redaktə | mənbəni redaktə et]

1952-ci ildə kapitan Əhməd Həmruş ilk Ərəb-İsrail müharibəsində Misirin məğlubiyyəti ətrafında ehtirasların hələ də səngimədiyi Misir qoşunları arasında təbliğatla məşğul olduğu İskəndəriyyədə xidmət edirdi. Həmruş Nasir, Xalid Mohi əd-Din, Salah Salem, Hamdi Ubeid, Əhməd Fuad və Əbdül Rəhman Annan ilə birlikdə broşuralar yazaraq payladığı Azad Zabitlər təşkilatına qatılan ilk şəxslərdən biri idi.[13].

  • 21 iyul 1952-ci il tarixində "Azad Zabitlər" hərəkatının üsyanı ərəfəsində Naserin qardaşları Şavki və Ezz əl-Ərab Əbdül Nasirlər Həmruşun yanına gəldilər və onun İsgəndəriyyə qarnizonunun nümayəndəsi olaraq təcili olaraq təlimat üçün Nasirlə Qahirəyə çağrıldığını bildirdilər.
  • 22 iyul axşamı təqribən 17.30 radələrində Nasir Kamal əl-Din Hüseyn və daha iki zabitin müşayiəti ilə qara "Ostində" küçədə gözləyən Həmruşa yaxınlaşdı. O gecə ordunun çevriliş edəcəyini və Kral Faruka qarşı tələblər irəli sürəcəklərini açıqladı. Həmruş üçün bu xəbər tamamilə sürpriz oldu, xüsusən də HADETU arasında hərbi çevriliş fikri yox, xalq inqilabı nəzəriyyəsi daha populyar idi.[13][13] :156
Çevrilişdən sonra Azad Zabitlər, 1953. Saat əqrəbinin tərs istiqaqmətində: Zəkəriyə Moheddin, Əbdül Lətif Bağdadi, Kamal Əl-Din Hüseyn (ayaq üstə),Camal Əbdül Nasir (oturan), Əbdül Hakim Amer, Məhəmməd Naqib, Yusuf Sedek və Ahmad Şavki

Nasir Kral Faruk və hökumətin tətildə olduğu ölkənin “yay paytaxtı”nda "Azad Zabitlər"ə sadiq ordu birləşmələrinin səfərbər olunmasına başlamaq, qoşun yerlərini dəyişdirmədən əraziyə nəzarəti təmin etmək və İsgəndəriyyə ilə Qahirə qarnizonları arasında qarşıdurmaların qarşısını almaq vəzifəsini qoydu. Bununla belə, kapitan Əhməd Həmruş qarnizonuna dönmədən əvvəl kommunist Əhməd Fuada, İnqilab Komandanlığı Şurasının gələcək üzvləri mayor Xalid Mohi ed-Dinə və polkovnik-leytenant Yusef Seddikə, habelə HADETU Baş katibi Seyid Süleyman Rifaiyə (Badrai) yaxınlaşan hərbi çevriliş barədə məlumat verdi. Marksistlərin çevrilişi dəstəkləməsinə qərar verildi. Artıq gecə yarısı Həmruş İsgəndəriyyəyə gəldi[13] :157 və dərhal 2-ci işıq alayına[13] :167 getdi, sonra bölgə qərargahından bölük komandirlərinə yerlərinə gəlmələri üçün işarə verdi.

İskəndəriyyədə, Qahirədən fərqli olaraq, həbslərə əl atmadılar, ancaq səhərə qədər vəziyyət qeyri-müəyyən qaldı, çünki krala sadiq zabitlər, birliklərində sərbəst olaraq nə edəcəklərini bilmirdilər.

  • 22 iyul 1952-ci ildə Misir İnqilabının qəti qərarı verilən mayor Xalid Mohi ed-Dinin mənzilində son görüş keçirildi. İnqilab Komandanlığı Şurasının üzvü mayor Xalid Mohi ed-Din, ordu kazarmalarının yerləşdiyi strateji Abbasiya - Heliopolis bölgəsinin ələ keçirilməsindən məsul idi.[14].

Zirehli bölmələrə daxil olan Ordunun Süvari Qrupunda xidmət edən mayor Xalid Mohi ed-Dindən əlavə, əl-Maza hava limanı bölgəsindəki və Abbasiya bölgəsindəki zirehli birləşmələrin hərəkətlərinə polkovnik-leytenantlar Hüseyn Şafei və Sarvat Okraşa cavabdeh idilər. Xalid Mohi ed-Dinin zirehli taburu, "Roksi kinoteatrının yaxınlığında Heliopolisin girişində mövqe tutmalı idi.[13] :163[15]

  • 1952-ci il iyulun 22-dən 23-nə keçən gecə qoşunlar Qahirəyə daxil olaraq bütün dövlət idarələrini tutdular. Səhər 6:00-da Azad Zabitlərə daxil Hava Qüvvələri bölmələri Qahirə səmasında dövrə vurmağa başladı.[16] Artıq iyulun 23-də səhər saat 7:30-da, general-mayor Məhəmməd Naqibin "korrupsiyalaşmış" hökumətin devrildiyini bildirən səs yazısı səsləndi. Nasir və Mohi ed-Din birlikdə xalqa ilk müraciətin mətnini düzəltdilər. Müraciəti polkovnik-leytenant Ənvər Sadat oxudu.[17]

Çevriliş yüzdən az zabit tərəfindən həyata keçirildi - demək olar ki, hamısı kiçik rütbəlilər idi. Çevrilişçilərə isə Misir İnqilab Komandanlığı Şurası rəhbərlik edirdi (Camal Əbdül Nasir, Əbdül Hakim Amer, Ənvər Sadat da daxil olmaqla 9 zabit, polkovnik-leytenant və mayorlar). Çevrilişdən dərhal sonra xalq küçələrə axışdı. Böyük izdiham yaşandı.[18]

  • 23 iyul axşamı - Cənubi Hərbi Dairənin komandiri və Azad Zabitlər təşkilatının üzvü, 51 yaşlı general Məhəmməd Naqib, Kraldan Ordu Baş Komandanı vəzifəsini aldı.[13] :179 Kral Fərux hələ də ABŞ-nin hərbi köməyinə ümid edirdi, lakin tezliklə tutuldu, taxtdan əl çəkməyə məcbur edildi və ölkədən qovuldu. Kral taxtı körpə oğluna keçdi.[8]
  • 26 iyul 1952-ci il tarixində general Məhəmməd Naqibin rəhbərlik etdiyi Azad Zabitlər, İskəndəriyyədə sürgündə olan Kral Fəruxu yolasalma mərasimində iştirak etdilər. Mohi ed-Din, xatırlayırdı ki, kral inqilabın liderlərini onun özünün dəyişiklikləri həyata keçirmək niyyətində olduğuna inandırmağa çalışırdı.[19].

İnqilabçı Misir zabitlərinin sonrakı hərəkətləri

[redaktə | mənbəni redaktə et]
Azad Zabitlərin üzvləri 1953-cü ilin yanvarında Qahirədə izdiham tərəfindən qarşılanması. Avtomobildə olanlar, soldan sağa: Yusif Seddik, Salah Salem, Camal Əbdül Nasir və Əbdül Latif Bağdadi
  • 12 avqust 1952-ci il tarixində - İnsanlar arasında təcili islahatlar gözləntiləri, Kafr-Davarda fəhlələrin çıxışına səbəb oldu və nəticədə yeni hakimiyyət çıxışları amansızcasına yatıraraq, hətta iki ölüm hökmü də çıxardı.
  • 15 avqust 1952-ci il tarixində - Misir İnqilab Komandanlığı Şurasına Quru qoşunları general-mayoru Məhəmməd Naqib rəhbər seçildi. Camal Əbdül Nasir onun müavini təyin edildi.

“Azad Zabitlər” iqtidara gəldikdən sonra, MİKŞ-nın ilk iclaslarından birində, siyasi və iqtisadi islahatlar planlarını hazırlamaq üçün mütəxəssislərin cəlb edilməsi təklifi verildi. Nasser fikri dəstəklədi və mütəxəssis siyahısının hazırlanmasını Marksist baxışlara sadiq qalan iqtisadçı Əhməd Fuada tapşırdı.[20] Marksistlər Rəşid əl-Barravi və Əbdül Razik əs-Sannur da aqrar layihə daxil olmaqla islahat layihələrinin hazırlanmasına cəlb edildilər.[20]:91

  • 7 sentyabr 1952-ci ildə general Məhəmməd Naqib yeni bir hökumət qurdu, bu da artıq dövlət hakimiyyətinin iyulun 23-də devrilən kral tərəfindən təyin olunmuş Baş nazir Əli Mahirdən Azad Zabitlərin əlinə keçməsini nəzərdə tutdu.[13] :195
  • 9 sentyabr 1952-ci ildə Aqrar İslahat Qanunu qəbul edildi. Latifundiyalar 126 hektarla məhdudlaşdırıldı. Torpağın qalan hissəsi müsadirə edildi. Torpaqsız və az torpaqlı kəndlilər arasında paylandı. Kral evinin torpaqları kompensasiya edilmədən müsadirə edildi. Həmçinin torpaq kirayəsi də məhdudlaşdırıldı.
  • Misir 1952-ci il iyul inqilabından sonra Sudan xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıdı.
  • 15 yanvar 1953-cü ildə — artilleriya zabitləri sui-qəsdində iştirak etmək ittihamı ilə həbs olundu (həbs olunanlar arasında kapitan Əhməd Həmruş da vardı).[13] :229 Nasir Misir kommunistləri ilə açıq qarşıdurmaya girdi və ordu bölməsi olan "Milli Qurtuluş üçün Demokratik Hərəkat" kommunist təşkilatı olan HADETU üzvlərini həbs etməyə başladı. HADETU üzvləri ilə sıx əlaqədə olan MİKŞ-nın üzvü Xalid Mohi ed-Din, Şuranın digər üzvü, prinsiplərinə sadiq qalaraq istefa edən və sürgünə göndərilən marksist Yusif Seddikdən fərqli olaraq İnqilab Komandanlığı Şurasındakı mövqelərini qorudu.[13] :230 Nassirin dəstəyinə arxalanaraq Mohi ed-Din 15 yanvar hadisələrindən sonra tutulanların solçu və ya sağçı olmasından asılı olmayaraq edam cəzasına məruz qalmasına qarşı çıxırdı. məhz onun mövqeyi sayəsində mürtəce tərəfindən sui-qəsd ittihamı ilə həbs olunan topçu zabitlərinə ölüm cəzası tətbiq edilmədi.[13] :243-244
  • 17 yanvar 1953-cü ildə Naqib silahlı qüvvələrin baş komandanı olaraq, bütün siyasi partiyaların ləğvi, fondlarına əl qoyulması və üç illik "keçid dövrü" haqqında manifest imzaladı.[13] :193, 217
  • 10 fevral 1953-cü ildə keçid dövründə fəaliyyət göstərməli olan Misirin müvəqqəti konstitusiyası nəşr olundu.[13] :219

1953-cü ilin yayından "Azad Zabitlər"in rəhbərləri respublika hökumətində əsas vəzifələri tutdular.

  • 18 iyun 1953-cü ildə —Kral II Fərux devrildi və ölkədə respublika quruldu.[21] İlk prezident və hökumət başçısı general-mayor Məhəmməd Naqib oldu.[22] Nassir Baş nazirin müavini oldu. Lakin Nassirlə Naqib arasında ziddiyyətlər dərhal üzə çıxdı. Camal parlamentin olmasına qarşı çıxırdısa, general Naqib bunun əksini düşünürdü.
  • 25 fevral 1954-cü ildə İnqilabi Komandanlıq Şurası Misir Prezidenti general Naqibi bütün vəzifələrdən kənarlaşdırdı və ev dustağı etdi.[23][24] Nasir baş nazir təyin olundu.[25]
  • 26 fevral cümə günü süvari qüvvələrin zabitləri Naqibin vəzifələrinə dərhal qayıtmasını və "demokratiyanın bərpasını" tələb etdilər. Baş nazir təyin edilmiş Nasirin onları siyasi dəyişiklikləri qəbul etməsinə inandırmaq cəhdi müvəffəqiyyətsizliyə uğradı. O, süvari və zirehli hərbi birləşmələrin hərbi çevriliş edəcəyi fikri ilə İnqilab Komandanlığı Şurasının iclasında iştirak etmək üçün onların kazarmasından ayrıldı.

Bu vaxt Xalid Mohi əd-Din cümə gününü ənənəvi bir müsəlman istirahət günü kimi keçirirdi və həmkarlarının bu çıxışından xəbərsiz idi. Əhməd Hamruş xatırlayır ki, o kinoteatrdan çıxıb evə gedəndə, təcili olaraq İnqilabi Komandanlıq Şurasının iclasına çağırıldı. Əd-Din içəri daxil olanda, ordakıların asılmış sifətləri ilə qarşılaşdı. Zabit yoldaşlarının hərəkətindən tam xəbərsiz olan Əd-Din nə isə yaxşı bir şeyin baş verdiyini anladı. Lakin Nasir Naqibin qaytarılmasını və Mohi əd-Dinin Misirdə konstitusiya quruluşunu bərpa etmək üçün təcili tədbirlər alması üçün baş nazir təyin etməyi təklif etdi. Mohi əd-Din İKŞ-nın digər üzvlərinin istefasına etiraz etməyə başladı, lakin Nasir qərarını dəyişdirmədi. Əbdül Hakim Amir, baş komandan vəzifəsində qalmağa razı oldu və Kamal əd-Din Hüseyn Mohi əd-Dini "ölkəni kommunist məmləkətinə çevirməməyə" çağırdı, bundan sonra Şura Nasirin təkliflərini təsdiqlədi.[26]

İnqilab Komandanlığı Şurasının beş maddəlik qərarı Misir tarixini bütünlüklə dəyişdirə bilərdi. General Naqib parlamentli respublikaya çevrilən bir ölkənin prezidenti vəzifəsinə qayıtdı, Xalid Mohi əd-Din 6 ay müddətinə keçid hökuməti quran və Təsis Məclisinə seçkilər keçirən baş nazir təyin edildi, İKŞ ləğv edildi və üzvləri hərbi hissələrinə qayıtdı.[27]

  • 27 fevralda Nasir və Mohi əd-Din İKŞ qərarını süvarilər kazarmasına gətirdilər. Qərarlar zabitlər tərəfindən böyük sevinclə qarşılandı. Sonra Xalid Mohi əd-Din, mayor Şəms Badranla birlikdə Məhəmməd Naqibin evinə getdi və ona vəzifəsinə qayıtması barədə məlumat verdi.

Ancaq "Azad Zabitlər"in "ikinci eşelonu" deyilən qrupu ordunun kazarmalara qaytarılması qərarını dəstəkləmədi. Hərbi hava qüvvələrində nüfuzu olan hərbi polisin rəisi polkovnik-leytenant Əhməd Ənvər, polkovnik-leytenantlar Vagih Abaza və Əli Səbri, kapitanlar Kamal Rifaat (daha sonra o, Birləşmiş Ərəb Respublikasının vitse-prezidenti oldu), Həsən at-Tuxami və başqaları hərbi birliklərini qaldıraraq Qahirədəki vəziyyəti nəzarətə götürdülər. Silahlı zabitlər İKŞ-nın qərargahına doluşdular, ikisi Naqibin yanından qayıdan Mohi əd-Dinə hücum etməyə cəhd etdi, lakin o, İKŞ üzvləri Əbdül Hakim Amir və Camal Salem tərəfindən müdafiə edildi. Əksinə mexanikləşdirilmiş tabor tərəfindən mühasirəyə alınmış süvari kazarmasının qarşısında tank əleyhinə silahlar qurdular və Əli Səbrinin qaldırdığı aviasiya oraya göndərildi.[13] :250-251 Kapitan Kamal Rifaat öz təşəbbüsü ilə prezident Naqibi həbs etdi və bu barədə Amirə açıq şəkildə məruzə etdi. Aydın oldu ki, Nasirin dünənki, qərarının artıq yerinə yetirilməsi mümkünsüzdür.

27 fevral 1954-cü ildə günortadan sonra dağılmış İKŞ üzvləri iclasa toplandılar. İclasda Salah Salem, Camal Salem, Həsən İbrahim, Kamal əd-Din Hüseyn və Ənvər Sadat yekdilliklə Xalid Mohi əd-Dini Şuradan uzaqlaşdırıb həbs etməyi təklif etdilər. Sonra kimsə onu Mersa Matruha, Əbdül Hakim Amir isə onun Misir xaricinə sürgün edilməsini təklif etdi. Yalnız Əbdül Lətif əl-Bagdadi Mohi əd-Dinin müdafiəsinə qalxaraq dedi:

" Xalid heç vaxt öz fikirlərini bizdən gizlətmədi. Onun fikirlərinin bizdən fərqli olduğunu bilirdik. Üstəlik istefa da vermişdi, amma biz onu rədd etdik. "

[13] :251

Nasir bu yerdə mübahisəyə müdaxilə etdi, məsələnin Xalid Mohi əd-Din deyil, Naqib olduğunu bildirərək müzakirəni dayandırdı.[13] :251

Elə həmin gün axşam Naqib yenidən prezident kürsüsünə qayıtdı və Mohi əd-Din İKŞ-nin üzvü olaraq qaldı[13] :253, lakin əmisi oğlu Zakariyənin tövsiyəsi ilə Mohi əd-Din martın 5-nə qədər Qahirədə görünmədi.[28]

  • 8 mart 1954-cü ildə prezident Məhəmməd Naqib "12 günlük insidentdən"dən sonra baş nazir vəzifəsinə qaytarıldı.
  • 25 mart 1954-cü ildə İKŞ iclasında Xalid Mohi əd-Din martın 5-də təsis məclisinin çağırılması qərarlarını müdafiə edərək yeni bir demokratiya quruluşunun tətbiq edilməsini tələb etdi.[13] :257 Bundan sonra prezident Naquib və Səudiyyə Ərəbistanı Kralı İbn Səudu İskəndəriyyə səfərində müşayiət etdi. Təhlükəsizliyindən ehtiyat edərək bir neçə gün orada qaldı.[13] :258
  • 1 apreldə Nasir Mohi əd-Dini[29] paytaxta çağırdı, bundan sonra o, Qahirəyə qayıtdı və istefa verdi və Nasir dərhal bunu qəbul etdi.(Digər bir mənbə Mohi əd-Dinin 1954-cü il martın 9-da İKŞ-dan ayrıldığını iddia edir).[13] :257
  • 18 aprel 1954-cü ildə 36 yaşlı Camal Əbdül Nasir baş nazir təyin edildi.
  • 14 Noyabr 1954-cü ildə parlamenti və siyasi partiyaları canlandırmağa, həmçinin ölkənin siyasi həyatında ordunun rolunu məhdudlaşdırmağa çalışan ilk prezident Məhəmməd Naqib hakimiyyətdən uzaqlaşdırıldı və ev dustağı edildi. Ölkənin faktiki lideri baş nazir kimi Camal Əbdül Nasir oldu.
  • 1954-cü ildə Müsəlman Qardaşlar Dərnəyi üzvlərinin Camal Əbdül Nasirə uğursuz sui-qəsd cəhdindən sonra, Misirdəki Müsəlman Qardaşların fəaliyyətləri qadağan edildi və bəzi fəallar həbs edildi.[30]

Həm ölkə daxilində, həm də xaricində vacib tədbirlər həyata keçirməyə cəhd edən Nasir 26 iyul 1956-cı ildə Süveyş kanalının milliləşdirdiyini elan etdi.[31] Bu həm də Nil çayı üzərində tikiləcək Asuan bəndinin maliyyələşməsi məqsədi ilə edilmişdi. Çünki, kanaldan gələn gəlirlərin əsas hissəsi onun sahiblərinə İngiltərə və Fransa səhmdarlarına çatırdı. Bu qərar 1956-cı ilin oktyabrından 1957-ci ilin martına qədər Süveyş Kanalı Administrasiyasının statusunun müəyyənləşdirilməsi ilə əlaqəli beynəlxalq münaqişəyə gətirib çıxardı. Ziddiyyətlərin kəskinləşməsi Böyük Britaniya, Fransa və İsrailin Misir əleyhinə hərbi əməliyyatlarının başlanması ilə nəticələndi. Süveyş böhranı münaqişəsi yalnız SSRİ, ABŞ və BMT-nin səyləri nəricəsində dayandı. Tərəflər öz əvvəlki mövqelərinə qayıtsalar da, hərbi məğlubiyyətə uğrayan tərəf Misir oldu.[32]

  • 16 yanvar 1956-cı ildə prezident Nasir xalq qarşısında izdihamlı mitinqdə yeni bir Konstitusiya qəbul edildiyini elan etdi. Yeni konstitusiya prezidentin nazirləri təyin etmə və vəzifədən alma səlahiyyətinə sahib olduğu prezident üsul-idarəetmə sistemini qurdu.[33]
  • 3 Martda Misir tarixində ilk dəfə qadınlara səs vermək hüququ verən seçki qanunu qəbul edildi.[34]
  • 23 iyun 1956-cı ildə Nasir Misir Respublikanın ikinci prezidenti seçildi.[34]

1957-ci ildə Nasir, 1952-ci ildən bəri ilk parlament olan Milli Məclis üçün iyul seçkilərinə yol açaraq Milli Birliyin (Əl-İttihad Əl-Kavmi) qurulduğunu elan etdi.[35]

Beynəlxalq təsirlər

[redaktə | mənbəni redaktə et]

İlkin dövrdə yeni hökumət Qərb ölkələri ilə mülayim əlaqələr saxlayırdı. Lakin Misir tərəfindən Süveyş kanalının milliləşdirilməsi FransaBöyük Britaniya ilə yanaşı İsrail ilə (bax: Süveyş böhranı) müharibəyə səbəb oldu. Bu, həm Moskvanın, həm də Vaşinqtonun kəskin tənqidlərinə səbəb oldu. Buna baxmayaraq, ABŞ-nin mövqeyi, əsasən NATO-nun müttəfiqlərinin xarici siyasət məsələlərində müstəqilliyinə dözümsüzlükdən qaynaqlanırdı, Sovet rəhbərliyi isə Misiri güclü bir müttəfiq kimi görürdü və Nassirə hərtərəfli dəstək verməyə çalışdı. N.Xruşşov hətta onları ParisəLondona nüvə zərbələri ilə təhdid etdi.[7] Nəticədə Nassir hökuməti Sovet İttifaqının tam dəstəyini aldı.

  1. 1 2 Matthew, Holland. America and Egypt: From Roosevelt to Eisenhower. United States of America: Praeger. 1996. 27. ISBN 0-275-95474-9. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.
  2. Copeland Jr., Miles Axe. The Game of Nations. New York: Simon and Schuster. 1969. 62–65. ISBN 9780297764168.
  3. "The Mysterious Doings of CIA" (PDF). cia.gov. 6 November 1954. 17 November 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 30 November 2020.
  4. "Our Secret Agents" (PDF). cia.gov. 17 November 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 30 November 2020.
  5. Lahav, Pnina. "The Suez Crisis of 1956 and its Aftermath: A Comparative Study of Constitutions, Use of Force, Diplomacy and International Relations". Boston University Law Review. 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30.
  6. Gelvin, James L. The Modern Middle East: A History. New York: Oxford University Press, 2008.
  7. 1 2 "Спасая Египет, Хрущев собирался бомбить Париж и Лондон — brainity.moscow". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  8. 1 2 Hilton Proctor Goss and Charles Marion Thomas. American Foreign Policy in Growth and Action, 3rd ed. Documentary Research Division, Research Studies Institute, Air University, 1959. p. 273.
  9. Middle East Perspectives: Personal Recollections (1947 - 1967) - A Mardelli Bassil a Mardelli, Bassil Mardelli - Google Books. İstifadə tarixi: 2012-01-11 – Google Books vasitəsilə.
  10. Goldschmidt, Arthur Jr. (2000). Biographical dictionary of modern Egypt. Lynne Rienner Publishers, ISBN 978-1-55587-229-8
  11. Menzies, Sir Robert. Afternoon Light: Some Memories of Men and Events (Second). London: Cassell. 1967. 23–24.
  12. "Arxivlənmiş surət" (PDF). 2018-07-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  13. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Хамруш А. Революция 23 июля 1952 года в Египте/М.1984 — С.8.
  14. Агарышев А. А. Гамаль Абдель Насер / М. 1975 — C.64.
  15. Alexander, 2005, p. 41.
  16. Alexander, p. 42.
  17. Ibrahim, Sammar. 'Profile: Anwar Al-Sadat' Arxiv surəti 25 noyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-11-25 at the Wayback Machine, Egypt State Information Service, Retrieved on 2008-07-20.
  18. Egypt on the Brink by Tarek Osman, Yale University Press, 2010, p. 40
  19. Aburish, Said K. Nasser, the Last Arab /2004, St. Martin’s Press,New York City, ISBN 978-0-312-28683-5 — p.52.
  20. 1 2 Агарышев А. А. Гамаль Абдель Насер / М. 1975 — C.89.
  21. Lagnado, Lucette. "The Lonely King Without a Throne". Wall Street Journal. 18 September 2010. ISSN 0099-9660. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
  22. كنت رئيسا لمصر الفصل السابع
  23. Мухаммед Нагиб (Т. А. Елистратова) // Африка. Энциклопедический справочник т.2 /М.1987 — С.215.
  24. Kandil, 2012. səh. 32
  25. Nutting, 1972. səh. 60
  26. Kandil, 2012. səh. 34
  27. Kandil, 2012. səh. 35
  28. Aburish, 2004. səh. 52
  29. Gordon, Joel Nasser’s Blessed Movement: Egypt’s Free Officers and the July revolution / 1992, Oxford University Press US, ISBN 0-19-506935-8 — p. 158.
  30. Commins, David, The Wahhabi Mission and Saudi Arabia, I. B. Tauris, 2006, p.152
  31. "The Suez Crisis". 2010-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  32. Barnett, Michael N. (1992). Confronting the Costs of War: Military Power, State, and Society in Egypt and Israel. Princeton, NJ.: Princeton University Press. ISBN 978-0691078830.
  33. Alexander, 2005. səh. 126
  34. 1 2 Jankowski, James P. (2001), Nasser's Egypt, Arab Nationalism, and the United Arab Republic, Boulder: Lynne Rienner Publishers, ISBN 1-58826-034-8
  35. Peretz, 1994. səh. 241

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]