Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qafqaz döyüşü (həmçinin Qafqaz uğrunda döyüş;[2] rus. Битва за Кавказ; Qafqazın müdafiəsi[3]), Şimali Qafqaz əməliyyatı (alm. Nordkaukasische Operation, rus. Северо-Кавказская операция) və ya Don əməliyyatı (alm. Operation Don) — 25 iyul 1942-ci ildən 12 may 1944-cü ilə qədər İkinci Dünya müharibəsinin Şərq cəbhəsində, Qafqaz regionunda, xüsusilə də Don çayı və Böyük Qafqaz dağları arasındakı bölgədə Berlin-Roma-Tokio oxu və SSRİ tərəfindən həyata keçirilən hərbi əməliyyatlara verilən ad. Döyüşlər əsasən 9 oktyabr 1943-cü ilə qədər gerçəkləşmişdi. 1943-cü ildə alman qüvvələri Qafqaz regionunu tərk etmiş, 1944-cü ildə isə Qızıl Ordu Qafqazdan Krım yarımadasına hücum əməliyyatları həyata keçirmişdir. Döyüş əməliyyatları 2 dövrə (müdafiə və hücum) bölünür.
Qafqaz döyüşü | |||
---|---|---|---|
İkinci dünya müharibəsi | |||
Tarix | 25 iyul 1942 – 9 oktyabr 1943 | ||
Yeri | Qafqaz | ||
Nəticəsi |
SSRİ qələbəsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Alman ordusunun "İldırım sürətli" müharibə planı Moskva yaxınlığındakı ağır məğlubiyyətdən sonra puça çıxmasına baxmayaraq, düşmən hələ də qüvvətli idi. Alman komandanlığı müharibənin gedişində strateji planı dəyişməyə məcbur oldu, təşəbbüsü öz əlinə alaraq 1942-ci ilin iyun ayının axırlarında böyük yay hücumuna hazırlaşdı. Kurskdan Taqanroqadək olan zolaqda 90 tam komplektləşdirilmiş diviziya, 8-ci İtalyan ordusu və 3-cü rumın ordusu cəmləşdirilmişdi. Bu onlarla qarşı-qarşıya duran sovet qoşunlarından miqdarca iki dəfə artıq idi. Tank və təyyarə cəhətdən üstünlük daha çox idi. Düşmənin zərbə qruplaşması ən qısa müddət ərzində Volqaya çıxmaq üçün Voronejə hücuma keçdi, sonra Volqa çayı hüdudlarına çıxaraq Stalinqradı təhlükə altına aldı.
1942-ci ilin iyul ayının ortalarında müharibənin gedişində həlledici rol oynayan tarixi Stalinqrad vuruşması başladı. Altı ay yarım davam edən bu vuruşma xarakteri ehtibarilə iki dövrə ayrılır: şəhərin ətrafında və şəhərin özündə müdafiə dövrü (1942-ci il iyulun ortalarından noyabrın 18-dək) və Sovet qoşunlarının əks hücumu, bütün düşmən qruplaşmasının mühasirəyə alınıb məhv edilməsi dövrü (1942-ci ilin noyabrın 19-dan 1943-cü il fevralın 2-dək). Almaniya hər vasitə ilə Qafqazı tutmağa can atırdı. 1942-ci ilin yay kampaniyasının əsas məqsədi Qafqazı və Aşağı Volqa boyunu tutmaqdan ibarət idi. Həmin əməliyyatın uğurla aparılması strateji cəhətdən düşmənlər üçün çox əhəmiyyətli idi. Neft ilə zəngin olan Qafqazın alınmasını almanlar həddindən çox vacib sayırdılar ki, bu da müharibənin gedişində dönüş yarada bilərdi. Qafqazın tutulması həm də Türkiyəni SSRİ-yə qarşı müharibəyə cəlb edirdi. 1942-ci ilin yay kompaniyasının gedişi planını gizli saxlayan düşmənlər Sovet komandanlığında yanlış təsəvvür yaratmaq məqsədilə müxtəlif vasitələrdən istifadə edirdi. Yanlış məlumatların mənası ondan ibarət idi ki, Sovet komandanlığının diqqətini Şimali Qafqazdan yayındırmaq və əsas zərbə istiqamətinin Moskva olacağı fikrini təlqin etmək idi.
Alman komandanlığının məqsədi Rostovun cənubunda, cənubi-şərqində Cənub cəbhəsi qoşunlarını mühasirəyə alıb məhv etmək, Şimali Qafqazı ələ keçirmək, sonra da bir qrup ilə qərbdən Novorossiysk və Tuapseni, digər qrupla şimaldan Bakı və Qroznını tutmaq idi. Eyni zamanda Tbilisi, Kutaisi və Suxumi rayonlarına çıxmaq planlaşdırılmışdı. Cənubi Qafqaza soxulmaqla Türkiyə ordusu ilə bilavasitə əlaqə yaratmaq, Yaxın və Orta Şərqdə hücum üçün ilkin şərtlər hazırlamaq istəyirdi. "A" ordu qrupu (167 min adam, 1130 tank, 4540 top və minaatan, təqribən 1000 təyyarə) bu məqsədi həyata keçirməli idi.
Sovet qoşunlarını isə Qafqazda Cənub cəbhəsi, Şimali Qafqaz cəbhəsi qoşunlarının bir hissəsi, 112 min adam, 121 tank, 2160 top və minaatan, 130 təyyarə təmsil edirdi. Sovet qoşunları qarşısında qoyulan məqsəd düşmənin hücumunu dayandırmaq, müdafiə döyüşləri aparmaqla onu əldən salıb qəti hücum üçün şərait hazırlamaq idi. Şimali Qafqazın minlərcə əməkçisi qısa müddət ərzində müdafiə istehkamları tikdilər, şəhərlərdə dəmir-betondan atəş yerləri, barrikadalar qurdular, tank əleyhinə xəndəklər qazdılar. 1941-ci ilin payızında Kabardin-Balkarda 115-ci diviziya təşkil edildi. Diviziyaya könüllü vətənpərvərlər: kabardinlər, balkarlar və ruslar daxil oldular. 1942-ci ilin mayında diviziya ön cəbhəyə yola düşdü.
Alman komandanlığı "Cənub" ordu qrupunu iki yerə bölmüşdü. Onlardan biri Qafqaza zərbə endirməyə hazırlaşan "A" qrup ordusu idi. Bu qrup ordusunun komandanı general-feldmarşal List təyin olunmuşdu. Qafqazın tutulması planını "A" qrup ordusu yerinə yetirməli idi. Almaniyanın Qafqaza doğru hücumunun qarşısını 51-ci sovet ordusundan başqa Marşal S. M. Budyonun komandanlığı altında Şimali Qafqaz cəbhəsi ordusu kəsirdi. Faşist Almaniyası üç istiqamətdə hücuma keçməyi planlaşdırmışdı: birinci tank ordusu Qroznı şəhərinə hücum etməli, sonra Xəzər dənizi sahillərinə çıxaraq Bakını tutmalı idi. On yeddinci səhra ordusu Novorossiyskiyə hücum etməli, sonra Batumini zəbt etməli idi. 42-ci ordu korpusuna və on birinci orduya Kerç boğazını keçərək Taman yarmadasını tutmaq tapşırılmışdı. Eyni zamanda 49-cu piyada korpusu Böyük Qafqaz sıra dağlarının dağ keçidlərinə hücum etməli, sonra Suxumi və Kutaisi rayonlarını ələ keçirməli idi. Sovet qoşunları 1942-ci ilin avqustun 18-dən sentyabrın 28-dək həmin zərbələrin qarşısını almaq üçün əməliyyatlar keçirdilər.
Lazardan Batumiyə qədər və Türkiyə ilə sərhədi ordu generalı İ. V. Tulenevin rəhbərliyi altında Cənubi Qafqaz cəbhəsi qoşunları müdafiə edirdi. Yerli əhalinin köməyi ilə Cənubi Qafqaz və Şimali Qafqaz cəbhəsinin orduları Terek və Bkson çayları zolağında Böyük Qafqaz sıra dağlarının dağ keçidlərində güclü müdafiə xətti yaratdılar. Nalçik, Orconikidze, Qroznı, Mahaçkala və Bakı şəhərlərinin ərazisində müdafiə istehkamları quruldu. Azərbaycanda, Gürcüstanda və Qafqazın başqa şəhərlərində hərbi milli birləşmələr yaradıldı.
Buna baxmayaraq düşmənin güclü hücumu nəticəsində avqustun 9-da Krasnodar, 16-da isə Maykop tutuldu, ancaq, düşmən Qara dəniz sahilinə çıxa bilmədi. Bu döyüşlərdə almanlar 54 min əsgər və zabit itirdi. Ordu generalı K. N. Lesemidzenin rəhbərliyi altında 46-cı ordu Böyük Qafqaz sıra dağlarının dağ keçidlərini müdafiə edirdi. Bu cəbhədə general Xryaşevin komandanlığı altıda 44-cü ordu Azərbaycanın və Gürcüstanın giriş yollarında vuruşurdular. Yerli əhalidən təşkil olunmuş dəstələr uca dağ keçidlərini yaxşı tanıdıqlarından müdafiədə yaxından iştirak edirdilər. Ayrı-ayrı yerlərdə yaradılmış partizan dəstələri düşmənə güclü zərbələr endirirdilər. Almanların arxa cəbhəsində Krasnodar və Orconikidze ətrafında 142 partizan dəstələri və qrupları mübarizə aparırdılar.
Düşmənin üstün qüvvələrinin təzyiqi altında sovet qoşunları cənuba və cənubi-şərqə doğru çəkilməli oldular. Avqust-sentyabr aylarında Maykop-Tuapse və Krasnodar-Novorossiysk istiqamətlərində şiddətli döyüşlər getdi. Almanlar Maykop, Krasnodar və Anapanı ələ keçirsə də, Tuapseyə və Suxumiyə doğru irəlləyə bilmədi. Avqust-oktyabrda almanlar Qroznı istiqamətində irəliləyib Mazdoku ələ keçrdi, lakin sonra ciddi müqavimətə rast gəlib istiqaməti dəyişdi, Nalçik və Orconikidzeyə hücuma keçdi. Alman qoşunlarının zərbə qruplaşması Orconikidze yaxınlığında darmadağın edildi və şimala doğru 40–50 km geri çəkildi. Kutaisi və Suxumi istiqamətlərində hazırlanmış əməliyyatlar da uğursuzluqla nəticələndi. Düşmənin əsas məqsədi Qafqaz sıra dağlarının cənub döşünə çıxandan sonra Qara dəniz sahilini və Suxumini tutmaq idi.
Novorossiysk istiqamətində gedən hücumların da qarşısı alınmışdı. Almanların axırıncı həmləsi 1942-ci ilin sentyabr ayının 28-də başladı. Düşmən Tuapse istiqaməti ilə Cənubi Qafqaza, Böyük Qafqaz sıra dağlarının qərb hissəsi ilə çıxmaq istəyirdilər. Ancaq bu mübarizəni Qafqazın müdafiəçiləri əlverişli vəziyyətdə aparmışdılar. Bu döyüşlər zamanı düşmən öz ehtiyat hissələrindən də istifadə etmişdi. Düşmən yeni qüvvələrlə sovet ordusunun mövqelərinə hücum etdilər. Noyabrın 26-da səkkizinci ordu faşistlərə əks zərbə endirdi və dekabrın 19-da onları Pimen çayının o biri tərəfinə doğru geri çəkilməyə məcbur etdi. Düşmənin Tuapseyə çıxan hissələri dağıdıldı. Alman ordusunun say üstünlüyünə baxmayaraq, Qara dəniz qrupu ordularının hissələri və birləşmələri böyük müqavimət göstərdilər. Cənubi Qafqaz cəbhəsinin sağ cinahını Şimal qrup orduları müdafiə edirdilər ki, orada da düşmənlə ağır döyüşlər gedirdi. Almanlar birinci tank ordusunun güclü hissələri ilə oktyabr ayının 25-də Nalçik və Orconikidze istiqamətlərində hücuma keçdilər. Alman komandanlığı qarşısına məqsəd qoymuşdu ki, Bakı, Qroznı və Tiflis şəhərlərini işğal etsinlər. Aramsız döyüşlər nəticəsində, döyüşün ikinci günü Nalçiki tutdular. Sovet komandanlığı 37-ci ordunun köməyinə 9-cu ordunu göndərdi. Onlar noyabrın 5-də Orconikidzenin kənarındakı Qazel rayonunda birləşdilər. Bu qüvvələr düşmənin hücumunun qarşısını aldı və onların irəliləməsinə imkan vermədilər. Sovet qoşunlarının əkshücumu nəticəsində düşmən geri çəkilməyə məcbur oldu. Noryabr-dekabr aylarında alman ordusu sovet qoşunlarının zərbələri altında müdafiəyə keçdi. Qafqazın müdafiəsi dövründə sovet qoşunları almanların mühüm qüvvəsi ilə döyüşərək, onu böyük təlafata uğratdı. Bu, almanlara 1942-ci ilin noyabrında Stalinqrada əlavə qüvvə göndərməyə imkan vermədi. Cənubi Qafqaz cəbhəsinin sol cinahının orduları isə yanvarın əvvəlinə kimi Nalçik və Mozdok istiqamətində uğurlu döyüş əməliyyatları apardılar. Bununla da Qafqazın müdafiə dövrü bitdi. Alman ordusunun Qafqazı tutmaq planı pozuldu. Qafqaz döyüşçülərinin ciddi müqavimətinə rast gələn almanlar müdafiəyə keçməyə məcbur oldular.
Stalinqrad ətrafında düşmənin darmadağın edilməsi və Cənub cəbhəsi qoşunlarının Rostov istiqamətində hücumu düşməni öz qüvvələrini Mozdokdan şimali-qərbə çəkməyə məcbur etdi. Şimali Qafqazın azad edilməsi planı 1943-cü ilin yanvar ayında təsdiq edildi. Bu əməliyyatın keçirilməsi Şimal və Cənubi Qafqaz cəbhəsinin qoşunlarına tapşırıldı. Həmin vaxt Şimal cəbhəsinin qoşunlarının komandanı general-polkovnik A. İ. Ereminko, Cənubi Qafqaz cəbhəsindəki qoşunların komandanı general İ. V. Tyulenov idi. Şimal cəbhəsinin döyüşçüləri düşmənin hərbi quruplaşmasını məhv edərək hücumu Don ilə Manıç çayları arasındakı 140 km-dəki zolağa qədər davam etdirdilər. Cənubi Qafqaz cəbhəsinin qoşunları isə iki istiqamətdə əməliyyat yerinə yetirməli idilər. Açikulak cəbhəsindən Nalçikin şimal hissəsinə qədər ordunun şimal qrupu general-leytenant İ. İ. Maslennikovun rəhbərliyi altında birinci tank ordusunun müdafiə xəttini yarmalı idi. Şimal-şərq cəbhəsində Nefteqorskidən Novorossiyskiyə qədər Qara dəniz qvardiyası general-leytenant İ. E. Petrovun komandalığı altında 17-ci alman ordusunun müdafiə xəttinə hücum etməli idi.
1943-cü il yanvarın 3-də Şimal qrupu (yanvarın 24-dən Şimali Qafqaz cəbhəsi) qoşunları düşməni təqibə başladı və bir çox şəhərləri azad etdi. Sovet qoşunları yanvar ayında 650 km-ə qədər irəlilədi. Kropotkin və Tixoretski, fevralda isə Nefteqorsk, Maykop və Krasnodarı azad etdi. Alman faşist komandanlığı "A" ordu qrupunun bir hissəsini Rostov istiqamətində geri çəkməyə, o biri hissəsini Tamanda əvvəlcədən hazırlanmış müdafiə xəttində yerləşdirməyə müvəffəq oldu.
Alman komandanlığı Cənubi Qafqazın əks cəbhəsinə 760 min əsgər və zabit gətirmişdi. Sovet ordusunun döyüşçüləri Şimali Qafqaz əməliyyatını müvəffəqiyyətlə başa çatdırmağı qarşılarına məqsəd qoymuşdular. Bu əməliyyat yanvarın 1-dən fevralın 4-dək yerinə yetirilməli idi. Əməliyyat Qafqazda yaranmış dönüş zamanı həyata keçirilməli idi. Hücumun əvvəlində düşmənə qarşı Şimali Qafqaz hissələri ilə yanaşı, Cənubi Qafqaz cəbhəsinin qoşunları, Şimal qrup orduları və eyni zamanda Qara dəniz qrupu orduları iştirak edirdilər. Düşmənin Şimali Qafqazda yerləşən bütün hissələrinə arxa cəbhədən güclü zərbələr endirildi. Hücum planına əsasən Rostov istiqamətində əsas zərbəni bu cəbhənin sağ cihanı vurmalı idi. Bununla düşmənin Şimali Qafqazdakı bütün qüvvələrinin çıxış yollarının qarşısı alınırdı. Düşmənin bu hissələrini mühasirəyə almağı və məhv etməyi cənub cəbhəsinin sol cinah orduları və Cənubi Qafqaz cəbhəsinin Qara dəniz qrupu həyata keçirməli idi.
Qafqazın azad olunmasında böyük əhəmiyyəti olan həmin əməliyyatlar "Dağ" və "Dəniz" adlanırdı. "Dağ" əməliyyatına görə general-leytenant A. A. Qreçkonun komandanlığı altında 56-cı ordu Tixoreçkaya və Krasnodar istiqamətində hücuma keçməli idi. "Dəniz" əməliyyatının isə əsas məqsədi Novorassiyski şəhərini və Taman yarımadasını düşməndən azad etməli idi. Bu əməliyyatı general-leytenant F. V. Kalekovun komandanlığı altında 47-ci ordu həyata keçirməli idi. Həmin əməliyyatların müvəffəqiyyətlə aparılması düşmənin Şimali Qafqazdakı bütün hissələrinin mühasirəyə alınması ilə nəticələnirdi. Əməliyyat yanvarın 11-dən 16-dək hazırlanmışdı. Yanvar ayının 24-nə qədər heç bir müvəffəqiyyət qazanılmadı. Eyni vaxtda iki cəbhənin Şimali Qafqaza hücumu alınmamışdı. Bundan istifadə edən almanlar yanvarın 23-də "Don" və "A" qrup ordularının ümumi cəbhəsini yaratmağa çalışdı.
Sovet komandanlığı da hadisələrin gedişində dönüş yaratmaq üçün Cənubi Qafqaz cəbhəsindən Şimali qrup qoşunlarını çıxartdı və onlardan müstəqil Şimali Qafqaz cəbhəsi yaratdı. Bu cəbhə 9-cu, 37-ci, 44-cü, 58-ci ümumhərbi və dördüncü hava ordularından, 4,5-ci kavaleriya korpusundan ibarət idi. Cəbhənin komandiri general İ. İ. Maslenikov idi. Buradakı qoşunların üzərinə mühüm vəzifələr düşürdü. İlk öncə cənub cəbhəsinin sonrada mexanikləşdirilmiş süvari qrupunun köməyi ilə Bataysk və Azovu tutmaq, düşmənin Rostovdan geri çəkilən qüvvələrinin qarşısını kəsmək tapşırılmışdı. Şimali Qafqaz cəbhəsinin əsas qüvvələri Krasnodara zərbə vurmalı Eysk və Primorsk-Terik rayonunda Azov dənizinin sahilinə çıxmalı, Cənubi Qafqaz cəbhəsinin Qara dəniz qrupu ilə birləşərək düşmənin bütün Şimali Qafqazdakı birləşmələrini və hissələrini darmadağın etməli idilər.
Şimali Qafqaz cəbhəsinin Tixoreçk istiqamətində yerləşən qoşunlarının güclü zərbələrinə məruz qalan düşmənin birinci tank ordusu geri çəkilməyə məcbur olmuşdu. Onyeddinci ordu isə ağır müdafiə döyüşləri aparmaqla bərabər, çalışırdı ki, Qara dəniz qrupu döyüşçülərinin hücumunun qarşısını saxlasın və bununla da "A" qrup ordularının Taman yarmadasına doğru geri çəkilməsinə imkan yaransın. Eyni zamanda faşistlər bütün qüvvəsi ilə nəin bahasına olursa-olsun Rostov boğazındakı keçidi öz nəzarəti altında saxlamaq istəyirdi. Sovet qoşunları yanvarın 24-də səhər qarşıya qoyulmuş tapşırığı həyata keçirməyə başlayaraq, Cənub və Şimali Qafqaz cəbhəsinin qoşunları fevralın 4-də sarsılmaz zərbə endirərək düşmənin Manıç və Armavir arasındakı xəttində müqavimətini qırıb Batayskin 25 km-nə qədər irəlilədilər. Sovet qoşunları Şimali Qafqazın bir hissəsini azad etdilər. Ancaq bu əməliyyatın əsas məqsədi düşmənin böyük strateji hissələrini bu rayonda mühasirəyə alıb məhv etmək idi. Düşmən özünün beş diviziyadan ibarət olan beşinci tank ordusunu və On yeddinci ordunu Rostov istiqamətində geri çəkməyə məcbur oldu. On yeddinci ordusu Kubanın aşağı hissəsində möhkəmləndi və Taman yarmadasına doğru geri çəkildi.
Alman ordusunun müqavimətinə qarşı Sovet komandanlığı Qara dəniz donanmasını gücləndirməyi qərara aldı. 1943-cü il fevralın 20-də Krasnodar Partiya Bürosunun qərarı ilə tərkibi Kuban əhalisindən və könüllü kazaklardan ibarət on dördüncü Kuban qvardiyası təşkil olundu. Krasnodar sovet qoşunları tərəfindən azad edildi. Fevralın 14-də Rostov azad edildi. Kabardin-Balkarın azad edilməsi uğrunda gedən döyüşlərdə düşmən minlərlə əsgər və zabit itirdi. Kabardin-Balkar respublikasının azad edilməsində generalı F. V-Zaxarovun, A. Rubanyukovun və başqalarının komandanlıq etdikləri qoşunlar fəal iştirak etdilər. 1943-cü il yanvarın 11-də səhər saat 4-də Kabardin-Balkar respublikası tamam azad edilmişdi. Üç ay ərzində Şimali Qafqazda sovet ordusu tərəfindən Çeçen-İnquşetiya, Şimali Osetiya, Kabardin-Balkariya, Rastov vilayətinin böyük hissəsi, Stavropol və Krasnodarın əsas əraziləri alman faşistlərindən azad edilmişdi. 1943-cü ilin payızında Şimali Qafqaz cəbhəsi qoşunları Qara dəniz donanma qoşunları ilə birgə hücumda Novorossiyski və Taman yarmadasını tamamilə azad etmişdilər. Qafqaz azad edilmişdi.
Qafqaz uğrunda vuruşmalarda əldə edilmiş təcrübə müharibənin sonrakı gedişində mühüm əhəmiyyət kəsb etdi. Qafqaz uğrunda vuruş Azərbaycanda yaradılmış diviziyalar və Xəzər Hərbi Donanması üçün ciddi sınaq oldu. 1942-ci il dekabrın 2-də 416-cı diviziya cəbhənin başqa birləşmə və hissələri ilə birlikdə düşmənin müqavimətini qıraraq 60 km-dək irəliləmişdi. İlk sınaq döyüşlərindən məharətlə çıxan diviziyanın 300-dən çox əsgər və zabiti orden və medallarla təltif edilmişdi. 223-cü atıcı diviziya Mazdok, Proxladnaya, Mineralnıye Vodı və digər yerlərin azad olunmasında fərqlənmiş, üç ay ərzində 50-dən çox yaşayış məntəqəsini almanlardan təmizləmişdi. Terek çayının sağ sahilində müdafiə mövqeyi tutmuş 402-ci diviziya 1942-ci il noyabrın 30-dan dekabrın 30-na qədər Sovet Ordusunun Mazdok rayonundakı hücum əməliyyatlarında iştirak etmişdir. Qırmızı Bayraq və Suvorov ordenli 77-ci Simferopol atıcı diviziyası bir ay ərzində 7 iri yaşayış məntəqəsini almanlardan təmizləmiş, 1943-cü ilin mart ayında düşmənin üç batalyonunu tamamilə məhv etmişdi. Beləliklə, Alman ordusunun Şimali Qafqazda darmadağın edilməsində Şimal cəbhəsi və Cənubi Qafqaz cəbhəsinin qara dəniz qrupu böyük rol oynamışdı.