Perlman ssenari üzərində 2009-cu ildə işləməyə başlamışdır. Kevin Fayqi əvvəlcə 2010-cu ildə "Qalaktika mühafizəçiləri"ni potensial film layihəsi kimi anons etmişdir. Marvel Studios film üzərində aktiv işlədiyini isə 2012-ci ilin iyulunda San Diego Comic-Con International tədbirində bildirmişdir. Həmin ilin sentyabrında Qann filmin rejissoru və ssenaristi təyin olunmuşdur. 2013-cü ilin fevralında Prett Piter Kvill / Ulduz lordu rolu üçün seçilmişdir. Digər rol ifaçıları da zaman keçdikcə dəqiqləşmişdir. Əsas çəkilişlər 2013-cü ilin iyulunda Shepperton Studios-da (İngiltərə) başlamışdır, daha sonra 2013-cü ilin oktyabrına qədər Londonda davam etmişdir. İstehsal sonrası proses 7 iyul 2014-cü ildə başa çatmışdır.
Filmin premyerası 21 iyul 2014-cü ildə Dolbi teatrında baş tutmuşdur. 1 avqust 2014-cü ildə ABŞ teatrlarında 3D və IMAX 3D formatlarında buraxılmışdır. Film böyük tənqidi və maddi uğur əldə etmiş, bütün dünyada 773,3 milyon $ gəlir əldə etmiş, 2014-cü ilin ən çox gəlir gətirən superqəhrəmanlıq filmi, ümumilikdə isə 2014-cü ilin ən çox gətirən 3-cü filmi olmuşdur. Film yumoruna, rejissorluğuna, rol ifalarına, vizual effektlərinə, musiqisinə və döyüş səhnələrinə görə təriflənmişdir. 2015-ci ildə "Ən yaxşı vizual effektlər" və "Ən yaxşı qrim və saç düzümü" nominasiyalarında Oskar mükafatına layiq görülmüşdür.
1988-ci ildə anasının ölümündən sonra balaca Piter KvillYondu Udonta tərəfindən idarə olunan Dağıdıcılar adlı kosmik quldur dəstəsi tərəfindən qaçırılır. 26 il sonra Kvill Moraq planetində bir kürə oğurlayır, lakin İttihamçı Ronanın köməkçisi olan Koratın hücumuna məruz qalır. Kvill kürə ilə birlikdə qaça bilsə də, Yondu bu oğurluq haqqında öyrənir və onu tutana pul mükafatı təyin edir. Ronan isə kürəni ələ keçirmək üçün sui-qəsdçi Qamoranı göndərir.
Kvill kürəni Nova İmperiyasının paytaxtı Ksandarda satmağa çalışarkən Qamora ona hücum edir və kürəni oğurlayır. Döyüş davam edərkən iki kəllə ovçusu da gəlir: genetik və kibernetik cəhətdən modifikasiya edilmiş yenot Roket və ağacabənzər humanoid Qrut. Nova Corps rəsmiləri onların dördünü də tutur və Kilndə həbs edirlər. Həbsxana məhkumlarından biri olan Draks ailəsini öldürən Ronan və Tanosla əlaqələrinə görə Qamoranı öldürməyə cəhd edir. Lakin Kvill Draksın fikrini dəyişdirir, Qamoranın onu Ronanın yanına apara biləcəyini bildirir. Qamora isə Ronana xəyanət etdiyini, onun kürənin gücündən istifadə etməsini istəmədiyini bildirir. Qamoranın kürə üçün alıcısı olduğunu öyrəndikdən sonra Kvill, Roket, Qrut və Draks birlikdə Kilndən Kvillin gəmisi Milano ilə qaçırlar.
Ronan Qamoranın xəyanəti haqqında danışmaq üçün ögey atası Tanosla görüşə gedir. Kvillin qrupu bir Selestialın qopmuş başında inşa edilmiş kriminal kosmik şəhər Nauereyə uçurlar. İçkili Draks Ronanı çağırır, qrupun qalanı isə Qamoranın alıcısı kolleksioner Taneliir Tivan ilə görüşürlər. Tivan kürəni açır və içindən bir Sonsuzluq daşı çıxır. Bu daş sayəsində ondan istifadə edən şəxs bir planeti asanlıqla məhv edə bilər. Tivanın işgəncə görən köməkçisi Karina daşa toxunur, baş verən partlayış nəticəsində Tivanın arxivi məhv olur.
Ronan gəlir və Draksı asanlıqla məğlub edir. Qalanları isə gəmiyə minirlər və Nebula və Ronanın əsgərlərindən qaçmağa çalışırlar. Nebula Qamoranın gəmisini məhv edir və Qamora açıq kosmosa düşür. Ronanın döyüşçüləri isə kürəni ələ keçirirlər. Kvill Yonduya mesaj göndərir və Qamoranın sağ qalması üçün öz skafandrını ona verir. Yondu çatır və onların ikisini də xilas edir. Draks, Roket və Qrut Yondunun gəmisinə hücum etmək istəyirlər, lakin kürəni vermək şərti ilə Yondu ilə atəşkəs təmin edə bilir. Kvillin qrupu Ronanla qarşılaşmağın ölüm demək olduğunu, lakin onun güc daşından istifadə edib bütün qalaktikanı məhv etməsinə imkan verməyəcəkləri barədə razılaşırlar. Ronan əsas gəmisi Dark Aster-də güc daşını çəkicinə bərkidir və gücü özünə götürür. O, Tanosla əlaqə saxlayır və Ksandarı məhv etdikdən sonra birinci onu öldürəcəyini bildirir. Ögey atasından nifrət edən Nebula da Ronana qoşulur.
Dağıdıcılar və Kvillin qrupu Dark Aster-i Ksandarda qarşılamaq üçün Nova Corps-a qoşulurlar və Kvillin qrupu Milano ilə Dark Aster-də bir deşik açırlar. Ronan gücləndirilmiş çəkici ilə Nova Corps donanmasını məhv edir. Draks və Qamora Korat və Nebulanı məğlub edib qaçırlar, lakin Ronanın gücü qarşısında aciz qalırlar. Lakin Roket bir Dağıdıcı gəmisini Dark Aster-ə çırparaq gəminin Ksandara düşməsinə şərait yaradır. Bu zaman Qrut komandanı qorumaq üçün özünü qurban verir. Ronan dağıntıların içərisindən çıxır və Ksandarı məhv etməyə hazırlaşır, lakin Kvill onun diqqətini yayındırır və Draks ilə Roketin çəkici məhv etməsinə şərait yaradır. Kvill sərbəst qalmış daşı tez tutur, Qamora, Draks və Roketin köməyi ilə ondan istifadə edərək Ronanı məhv edir.
Daha sonra Kvill Yondunu aldadaraq içində daş olmayan kürə göndərir, əsl daşı isə Nova Corps-a verir. Dağıdıcılar Ksandarı tərk etdikdən sonra Yondu Kvilli müqaviləyə əsasən atasına verməli olduğuna baxmayaraq, vermədiyinə görə sevindiyini bildirir. Hazırda Qalaktikanın mühafizəçiləri adı ilə tanınan Kvillin qrupunun bütün cinayət qeydləri silinir. Kvill əslində yarı-insan olduğunu, atasının mənşəyinin məlum olmadığını öyrənir. Kvill nəhayət anasının ona verdiyi son hədiyyəni açır: sevimli mahnılarının olduğu bir kaset. Mühafizəçilər bərpa olunmuş Milano və fidan Qrutla birlikdə Ksandarı tərk edirlər.
Post-kredits səhnəsində Tivan iki canlı sərgi nümunəsi ilə məhv olmuş arxivində oturur: it kosmonavt və antropomorfik ördək.[Q 1]
2013 San Diego Comic-Con International tədbirində filmi təbliğ edən aktyor heyəti. Yuxarıdan aşağı: Prett, Saldana, Batista, Peys, Ruker, Qillan, Honso və del Toro.
Dağıdıcılar adlı kosmik quldur dəstəsi tərəfindən 1988-ci ildə ABŞ-nin Missuri ştatından qaçırılmış yarı-insan, yarı-yadplanetli,[8] Qalaktika mühafizəçilərinin lideri.[9][10][11] Personaj haqqında Prett deyir: "Uşaq ikən çətin vaxtlar keçirib, indi isə kosmosda sərbəstcə dolaşaraq ehtiraslı yadplanetli qızlarla görüşür, bir az saxtakar və yaramazdır. Bu uşaqlarla bir komanda olaraq özü üçün daha yüksək məqsəd tapır".[12] O əlavə edir ki, personaj Han Solo və Marti Makflay personajlarının qarışığıdır.[8] "Parklar və istirahət yerləri" teleserialındakı Endi Duayer kimi köməkçi personajları canlandırmaqla tanınan Prett əvvəlcə rol təklifini rədd etmişdi. "Pul topu" və "Sıfır qaranlıq otuz" filmlərində fit personajları canlandırmaq üçün çok çəki itirməli olan Prett "Avatar" və "Ulduz yolu" filmlərində oynamaqdan əl çəkmişdi. Rol rejissoru Sara Finn rol üçün aktyor axtaran Qanna Pretti tövsiyə etsə də, Qann ideyanı rədd etmişdi. Buna baxmayaraq, Finn ikili arasında görüş təşkil etmiş və Qann görüşdən sonra fikrini dəyişdirərək Prettin rol üçün əla seçim olduğu qərarına gəlmişdi. Prett "Çatdırıcı adam" filmi üçün yenə çəki alsa da, Fayqini rol üçün razı sala bilmişdi.[13] Çəkilişlər başlamamışdan öncə Prett ciddi pəhrizə girərək və məşq edərək altı ay ərzində 27 kiloqram itirmişdir.[14] Prett Marvel ilə bir neçə filmlik müqavilə imzalamış[15] və filmlərdə daha aktiv iştirak etmək üçün "Parklar və istirahət yerləri"ndən ayrılmışdır.[16]Vaytt Oleff gənc Kvilli canlandırmışdır.[17]
Keçmiş cinayətlərinin bağışlanmasını istəyən yetim yadplanetli. Tanos tərəfindən böyüdülüb və onun şəxsi sui-qəsdçisidir.[9][18][19] Saldana qeyd edir ki, Qamora rolunu ifa etməsi üçün kompüter qrafikasından və ya hərəkət tutmadan deyil, qrimdən istifadə olunub.[20] Rolu götürərkən Saldana deyir: "Ceyms Qann tərəfindən dəvət edildiyim və yaşıl rəngli birini canlandıracağım üçün çox həyəcanlıyam. Əvvəllər göy idim [Avatar filmində]".[21] Saldana Qamoranı belə təsvir edir: "o, döyüşçü və sui-qəsdçidir, çox ölümsaçandır, lakin bunlar, onu öldürə biləcək şeylərdən xilas edir. Onda düzgünçülük hissi var. O, çox dürüst biridir".[8]
Ronan tərəfindən öldürülən ailəsinin qisasını almaq istəyən döyüşçü.[18] Personaj haqqında Batista deyir: "Mən Draks haqqında çox danışa bilərəm, amma bu əyləncəli deyil. Ancaq bəzi sadə şeylər bizim ümumi cəhətlərimizdir. Sadə şeylər dedikdə tatular, faciə – özünüz də bilirsiz, mənim də həyatımda kiçik bir faciə yaşanıb. Ona görə də roldan əl çəkməmək mənim üçün asandır". Batista həmçinin qeyd edir ki, personaj üçün çoxlu gülməli ünsür var idi, lakin personajın özünün bundan xəbəri yox idi. Batista rol üçün çox hazırlaşmadığını bildirmişdi: "Xoşbəxtlikdən, mən uzunmüddətdir ki, atletəm və rola çox tez uyğunlaşdım".[22] Batistanın qrimi üçün təxminən 4 saat vaxt sərf olunmuşdu, onu çıxarmaq üçün isə 90 dəqiqə vaxt tələb olunurdu.[23] Draksın bədənində yara izləri də var, bunlar isə komiksdə hər birinin öz hekayəsi olan sadə tatuları əvəz edirdi. Bundan əlavə, personajın Halkla olan görünüş oxşarlığının qarşısını almaq üçün dərisinin rəngi komikslərdəki kimi açıq yaşıl yox, bulanıq boz rəngində təsvir edilmişdir.[24]
Roketin yaxın partneri olan ağacabənzər humanoid.[25] Dizel yeni bir III faza Marvel filmi üçün danışıqlar apardıqdan sonra Qrut üçün səsləndirmə və hərəkət tutma işlərini gördüyünü bildirmişdir.[26][27][28] Dizel həmçinin filmin başqa bir neçə dildəki buraxılışında da personajı səsləndirmişdir.[29] Kristian Qodlevski personajı setdə canlandırmış, lakin onun performansı son CGI-da istifadə olunmamışdır.[30][31] Personaj üçün Qann öz itindən ilhamlanmışdır.[32] Qann deyir: "Bütün Mühafizəçilər filmə yaramaz kimi başlayırlar, Qrutdan başqa. O günahsızdır. O, yüz faiz ölümcül və yüz faiz şirindir. O, həqiqətən, Roketin həyatına qarışıb". Qann əlavə edir ki, Qrutun dizaynını və hərəkətini yaratmaq "ilin ən yaxşı hissəsini" götürmüşdü.[33] Qann qeyd edir: "Vin Dizelin "Mən Qrutam" deməsi məni valeh edir... İlk qeydə alınan bütün "Mən Qrutam"lar əvvəlcə yaxşı səslənmirdi... Lakin bir gün Vin içəri gəldi və bütün "Mən Qrutam" treklərini bir qırağa atdı. O, mükəmməliyyətçi biri idi. O, məni hər "Mən Qrutam" zaman personajın nə demək istədiyini baş salmağa məcbur etdi. Orada ilk dəfə səsi qoyanda personajın necə dəyişməsi və personaja necə təsir etməsi valehedici idi".[34] Qrutun məhdud sayda sözdən istifadə etməsi haqqında Dizel deyir: "Bu, bir aktyordan etməsini istədiyiniz ən çətin şeydir".[35] Dizel həmçinin çəkilişlər zamanı "Sürətli və qəzəbli" franşizindəki partneri Pol Volkerin ölümünə görə də emosional hissə qapıldığını bildirmişdi.[36] Qannın Qrutun böyümək bacarığına malik olduğunu deməsi ilə yanaşı, filmdə Qrutun forma və ölçü dəyişmə bacarıqları da görünür.[37]
Genetik cəhətdən modifikasiya olunmuş, döyüş taktikaları və silahlar üzrə mütəxəssis olan yenotabənzər xəzinə ovçusu.[9][25][38][39] Personaj haqqında dəqiq hiss əldə etmək üçün Qann əsl yenotlarla birlikdə işləmişdir. Qann əmin edir ki, "bu hansısa cizgi film personajı deyil, Qisasçıların ortasındakı Baqz Banni deyil. Bu, əsl, kiçik, əzilən tənha heyvandır. Kainatda onun kimisi daha yoxdur. O, bu oğlanlar tərəfindən döyüş maşını olması üçün yaradılıb".[40] Qann həmçinin personaj üçün şəxsiyyətindən də istifadə edib.[32] Roketin digər mühafizəçilərlə əlaqəsindən bəhs edərkən Kuper deyir: "Mən düşünürəm ki, Roket dinamikdir. O, "Yaxın dostlar"dakı Co Peşinin bir növüdür".[41] Kuper personajı səsləndirmiş, Şon Qann (Ceymsin balaca qardaşı) personaj üçün çəkilişlərdə dayanmışdır. Ceyms Qann deyir ki, animasiyaçıların üçün potensial istinad kimi Kuperin bir neçə fiziki hərəkətini və üz ifadəsini qeyd etmişdilər,[42] lakin film zamanı əsasən Şon Qannın performansı istifadə olunmuşdur.[30] Qann qeyd edir ki, Kuper seçilmədən əvvəl Roket üçün səs tapmaq çətin idi, çünki o Roketin sürətli danışığını balanslaşdıracaq, lakin məzəli birini axtarırdı: "Çünki o həqiqətən məzəlidir. Lakin onun Roket kimi ürəyi də olmalıdır. Çünki həqiqətən Roketin olduğu gözəl drammatik səhnələr var".[43]
Düşməni Ksandarı məhv etməsinin qarşılığında Tanosa bir artifaktı verməyə razı olan Krii radikalı. Ronan və Sakaar ordusu[44] Mühafizəçilər onların işlərinə qarışanda onları öldürməyə çalışırlar.[9][45] Ronanı təsvir edən Qann deyir: "O, əsas supercinayətkardır və həqiqətən qarışıqdır, onun həqiqətən də filmdə dini meyli var. Mənəviyyətin nə olduğu ilə bağlı onda qarışıq və düzgün olmayan baxış bucağı var; güc üstünlükdür və zəiflik günahdır və o, bunlarla yaşayır. Düşünürəm ki, onun üçün real görünən inancları onu qorxulu görsədir.[46] Əvvəlcə Kvill personajı üçün düşünülən Peys[47] Ronanı "psix" və "bədheybət" kimi təsvir etmişdir.[48]
Dağıdıcıların lideri olan göydərili quldur, Kvillin mənəvi atası.[9][49] Yondu Kvillə kürəni tapmaqda kömək etsə də, Kvill ona xəyanət edərək Dağıdıcıların onun dalınca düşməsinə səbəb olmuşdur. Personaj haqqında Ruker deyir: "çox maraqlı məsələlər – nə yaxşı, nə pis adam. Yondunun içində ümid və ürək var". Qann Rukerlə birlikdə personajın film versiyasını yaratmışdır: personajın mohavkını götürmüş və komikslərdəki kimi fitlə idarə olunan ölümcül oxunu əlavə etmişdir. Ruker "Gəzən ölülər" teleserialındakı rolunun başa çatacağını öyrəndikdən sonra özünü tamamilə rola həsr etmişdir.[50] Rukerin qrimi üçün düz 4 saat vaxt sərf olunmuşdu.[51]
Qamora ilə birlikdə böyümüş Tanosun ögey qızı və Tanos ilə Ronanın sadiq leytenantı.[9][11] Personaj haqqında Qillan deyir: "O, filmin qadın supercinayətkarıdır... O, çox sadist və bədxahdır, lakin inandırıcı səbəb üçün fikirləşməyi sevirəm".[52] O həmçinin əlavə edir: "Düşünürəm ki, o, çox maraqlı personajdır. Onun ən sevdiyim tərəfi qısqanc olmasıdır. O, Qamoranın bacısıdır və bacılar arasında böyük rəqabət var. Bu, mənim üçün ən maraqlı aspektdir, çünki qısqanclıq səni məhv edə, səni qəddar və iyrənc birinə çevirə bilər. Və o, tamamilə sadistdir və bu da maraqlıdır".[53] Qillan qədim spartalıları araşdırmış, saçını qırxmış və rol üçün 2 ay məşq etmişdir.[53][54] Personajın qrimi üçün 4 saat yarım vaxt sərf olunmuşdu.[53]
Qalaktikalararası qorxulu ovçu[9] və Ronanın Krii[44] müttəfiqi. Honso rolu götürmə səbəbini belə açıqlayır: "Mənim Hörümçək-adam, Dəmir adam, Betmen kimi superqəhrəmanları sevən 4 yaşlı oğlum var. O, bütün kostyumlarını alıb. Bir gün o mənə baxdı və dedi: 'Ata, mən açıq dərili olmaq istəyirəm. Beləcə, Hörümçək-adam ola bilərdim. Hörümçək-adam açıq dərilidir'. Mən şokda idim. Marvel Kainatının bir hissəsi olmağın məni həyəcanlandırmasının səbəbi budur, beləcə mən superqəhrəmanların müxtəlifliyini təmin edəcəm".[55]
Nova Corps-un lideri. Nova Praym kimi də tanınır. Əsas missiyası Nova İmperiyasının vətəndaşlarını qorumaq və sülhü təmin etməkdir.[9][57][58] Klouz bildirir ki, o həmişə [Qalaktika mühafizəçiləri] kimi filmdə oynamaq istəyirdi və Cudi Denç [M kimi və ya] Samuel L. Cekson [Nik Füri kimi] kimi rollarda oynamaq ən əyləncəli şey olardı.[59] Klouz qeyd edir ki, rolu ona görə götürüb ki, "fərqli şeylər etməyi sevir" və istəyir göstərsin ki, "o hər şeyə hər zaman hazırdır".[60] O, qeyd etmişdir ki, Marvel ilə bir neçə filmlik müqavilə imzalayıb və Mühafizəçilərin növbəti filmlərində də rolunu canlandırmağa hazırdır.[59]
Ulduzlararası fauna, flora, suvenir və canlıların böyük kolleksiyasını toplayan kolleksiyaçı. Nauere adlı kosmik yeri idarə edir.[9][57][61] Del Toronun performansını təsvir edən Qann deyir: "O, lap kosmik Liberaçe kimidir. Ssenaridə nə yazılırsa, onu da edir".[42] Personajı canlandırarkən del Toro deyir: "Ceymsin məndən istədiyi, hansını ki, yavaş-yavaş etdikcə öyrənirdim, personajı kəşf etmək və kamera önündə ikən [onu] yaratmağa davam etmək idi".[62]
"Çox güman ki, kimə desəydin ki, bu, böyük film olacaq, gülərdi. Bu, bir az mümkünsüz şeyə oxşayır. Buna görə də düşünürəm ki, bir şey üzərində işləmək və Marvel kimi şirkətin sənə 'Bəli, bu məntiqlidir' deməsi dərəcəsinə gətirib potensialını nümayiş etdirmək gözəl şeydir"
—Den Abnett, 2008-ci ildə yeni "Qalaktika mühafizəçiləri" komandasını yaradan iki yazıçıdan biri[89]
Marvel Studios prezidenti Kevin Fayqi "Qalaktika mühafizəçiləri"ni əvvəlcə 2010 San Diego Comic-Con International tədbirində potensial film layihəsi kimi bildirmişdir: "Bəzi qeyri-müəyyən başlıqlar var, Qalaktika mühafizəçiləri kimi. Mən düşünürəm ki, onlar son vaxtda komikslərdə əyləncəli şəkildə yeniləniblər".[90] Fayqi "Entertainment Weekly" jurnalının 2011-ci il sentyabr buraxılışına verdiyi müsahibədə bildirmişdir: "Marvel Kinematoqrafiya Kainatının kosmik tərəfində, "Tor" ipucu ola bilər, böyük kosmik epika yaratmaq kimi seçim də var". Fayqi həmçinin film çəkilsə, Qisasçılar və ya İks-adamlar kimi bir komandadan bəhs etməli olduğunu qeyd etmişdir.[91]
Fayqi 2012 San Diego Comic-Con International tədbirində Marvel-in panelində filmin Marvel Studios-un aktiv layihəsi olduğunu bildirmiş və buraxılış tarixi olaraq 1 avqust 2014-cü ili açıqlamışdır. O, filmdəki komanda heyətinin Ulduz lordu, Dağıdıcı Draks, Qamora, Qrut və Roketdən ibarət olacağını açıqlamışdır.[92] Tədbir zamanı iki konsepsiya-art nümayiş etdirilmişdir: birində ancaq Roket, birində isə bütün komanda təsvir olunmuşdur.[93] 2012-ci ilin avqustunda Ceyms QannPeyton Rid və Anna Boden–Rayan Flek ikilisi kimi rejissorları geridə buraxaraq rejissorluq üçün Marvellə danışıqlara başlamışdır.[94] "Qisasçılar" filminin rejissoru və "Qisasçılar" sikvelinə aparan bütün filmlərin istehsalında iştirak edən[95]Coss Uidon Qannın seçilməsinə görə həyəcanlı idi: "Ceyms nə edəcəksə, işə yarayacaq... O, qəribə və çılğındır, lakin ağıllı və yaradıcıdır, ürəkdən işləyir. O, yenotları sevir. Yenotlara ehtiyacı var... [İnsan personajlar] üçün çətin olacaq".[96]
2009-cu ildə Marvel-in ssenari yazma proqramında iştirak etmiş[97]Nikol Perlmana əsasında ssenari yazması üçün bir neçə az tanınan komiks təklif edilmişdi.[98] Perlman kosmosa və elmi fantastikaya maraq göstərdiyindən Den Abnett və Endi Lenninqin Qalaktika mühafizəçilərini seçmiş[98] və əlavə etmişdir: "Mən Qalaktika mühafizəçilərini seçəndə Marvel bir az təəccüblənmişdi, çünki romantik-komediya və ya onun tərzindəki bir yazıçı üçün daha məntiqli görünən başqa seçimlər də var idi". Perlman Qalaktika mühafizəçiləri kainatını dərindən öyrənmək və ssenari yazmaq üçün 2 il vaxt sərf etmişdi. 2012-ci ilin əvvəlində Qann da ssenari yazmaq işinə daxil edilməzdən öncə, 2011-ci ilin sonlarında ondan bir ssenari daha yazmasını istəmişdilər.[99] Ən sonda Qann "ona uyğun gəlmədiyi" üçün ssenarini tamamilə başdan yazmışdır; o, "Çirkli düjün" filmindən ideyalarını Marvel-ə çatdırmaq üçün istinad kimi istifadə edəcəkdi.[100] Qann daha sonra bildirmişdi ki, Perlmanın yazdığı ssenari filmdə istifadə etdiyi ssenaridən tamamilə fərqli idi, fərqli hekayə, personaj arklarına malik idi və Walkman yox idi: "Nikolun ssenarisində hər şey fərqli idi... Eyni şey demək olar ki, yox idi. Amma Qərbi Amerika Yazıçılar Gildiyası belə işləyir. Onlar əvvəlcə dəhşətli ssenaristləri sevirlər".[101] 2012-ci ilin avqustunda Marvel Studios Kris Mekkoyu Perlmanın ssenarisini yenidən yazmasını üçün işə cəlb etmişdir. Lakin Mekkoyun ssenarinin son versiyasına hansı töhfələr verdiyi məlum deyil;[102] onun adı istehsalçı heyətin siyahısında da yoxdu.[57]
Qann bildirir ki, personaj təqdimatları, xüsusilə Tanosun filmdə təqdimatı, ən çətin hissələrdən biri idi. O düşünmüşdü ki, Tanosun filmdə olması "Qalaktika mühafizəçiləri"nə yox, Marvel Kinematoqrafiya Kainatına daha çox xeyir verə bilərdi. Buna görə Tanosun filmdə görünməsini istəsə də, Tanosun filmin əsas protaqonisti olan Ronanı da arxa plana atmasını istəmirdi. Qann dilemmanı həll etmək üçün Ronanın Tanosun vəziri Başqanı öldürməsinə "icazə vermişdi": "Mən düşündüm ki, bu maraqlı idi. Bizdə gücü Loki ilə müqayisə olunan Başqa var idi və sonra görürük ki, Ronan onu çox asanlıqla öldürür. Mən bunu bəyəndim, lakin bu da çətinliklə üzləşdi, çünki mən bunu ilk dəfə yazanda gülməli görünsə də, filmdə yumor elə də işləmədi".[103]
2013-cü ilin yanvarında filmin çəkilişlərinin Londonun Shepperton Studios-unda baş tutacağı açıqlanmış,[111] Marvel isə filmin 3D buraxılacağını bildirmişdir.[112] Filmin icraçı prodüseri Viktoriya Alonso çəkilişlərin 2013-cü ilin iyununda başlayacağını açıqlamışdır. O, həmçinin Roket və Qrut personajlarının yaradılması üçün kompüter qrafikasından və hərəkət tutmadan istifadə ediləcəyini bildirmişdir: "Əsl yenotla heç bir hərəkət tutma edə bilməzsiniz, onlar sizə imkan verməyəcəklər. Amma biz çox güman ki, bəzi davranışlar üçün rotomasiyadan istifadə edəcəyik... Bizdə Ceyms Qannın istədiyi davranış və performansı verə biləcək performansçılar var. O, personajları harada götürmək istədiyi ilə bağlı qərarlıdır".[113] 2013-cü ildə Kevin Fayqi "Qalaktika mühafizəçiləri"nin Marvel Kinematoqrafiya Kainatındakı yerini müzakirə etmişdir: "Bu, adi tək filmdən daha artıqdır. Bunlar eyni kainatda baş verir. Biz kainatın o biri tərəfindəki başqa filmlərdə olanda, Mühafizəçilərdə bu xarakteristikaları görəcəksiz, lakin bu zaman Qisasçılar olanlara qarışmayacaqlar". Fayqi həmçinin filmin 95 %-nin kosmosda keçəcəyini bildirmişdir.[114] Mart ayının ortasında Deyv BatistaDağıdıcı Draks roluna seçilmişdir.[115] Bu rol üçün İsaya Mustafa, Brayan Patrik Ueyd və Ceyson Momoa da namizəd idilər.[115] Növbəti həftə "Ulduz müharibələri" filmlərində Dart Veyder üçün maskalar hazırlayan heykəltaraş Brayan Muyrun film üzərində işləyəcəyi açıqlanmışdır.[116]
2013-cü ilin aprelinin əvvəllərində Zoi SaldanaQamora rolu üçün namizəd olmuş, ayın sonunda rol üçün təsdiqlənmişdir.[67][117] Aprel ayında həmçinin Maykl RukerYondu roluna,[49] Ofeliya Lovebond isə bir köməkçi rola seçilmişdir.[67] Bu zaman Li Peys filmin əsas supercinayətkarı rolu üçün namizəd idi.[118] May ayında Con Rayliyə Romann Dey rolu təklif olunmuşdur.[119] Eyni zamanda film istehsalçılarının bir başqa rol üçün Hyu Lori, Alan Rikman və Ken Vatanabe kimi aktyorlar axtardıqları məlum olmuşdur. Kristofer Markus və Stiven Makfili ssenariyə son düzəlişləri etmişdirlər.[119] Bir neçə gün sonra Qlen Klouz Nova Corps-un başçısı,[58] qısa müddət sonra isə Karen Qillan filmin baş qadın cinayətkarı kimi filmə qatılmışdır.[120] 2013-cü ilin iyununda Benisio del Toro Marvel ilə bir neçə filmlik müqavilə bağlamışdır.[61] Ayın sonunda Rayli Romann Dey roluna seçilmişdir.[56]
Xüsusi effektlər qrim dizayneri Devid Vayt personajları yaratmaq üçün lazım olan materialları sınamaq üçün Batista kimi aktyorlarla görüşmüşdür. Vayt deyir: "Ceyms həmişə praktiki və qrim effektlərində təzyiq edirdi. O, mənim kimi studiyada əsl iş görmək istəyirdi". Vayt Qannın bənzərsiz qabaqcadan görülən dünyasında kiçik düşməmək üçün "müasir" bədheybət dizaynlarından qaçınmışdır. Vayt və komandası 1000-ə qədər prostetik qrim və 2000-ə qədər müxtəlif rəngli yadplanetli qəlibi yaratmışdırlar.[121] Filmin spesifik estetik görünüşü üçün Qann "rəngli elmi fantastika"nın yaradılmasını istəyirdi. Buna görə filmə 1950-ci və 1960-cı illərin filmlərinin elementlərini daxil etmişdir. Dağıdıcıların gəmisini isə muscle car ilə müqayisə etmişdir.[122] Elmi fantastika sənətçisi Kris Foss filmdə görünən kosmik gəmilərin son görünüşlərində kömək etmişdir.[123] "Mass Effect" videooyun seriyası, Fleş Qordon, "Farskeyp" və "Ulduz müharibələri" Ceyms Qannın film üçün əsas ilham mənbələri olmuşdur.[124]
Əsas çəkilişlər 6 iyul 2013-cü ildə Böyük Britaniyanın paytaxtı Londonda[54]"Full Tilt" iş başlığı altında başlamışdır.[8] Çəkilişlər Shepperton Studios və Longcross Studios-da baş tutmuşdur.[111][125] İyulun sonunda Qann və aktyor heyəti San Diego Comic-Con International tədbirində iştirak etmək üçün Londondan San-Dieqo şəhərinə uçmuşdur. Tədbir zamanı Peysin İttihamçı Ronan, Qillanın Nebula, del Toronun Kolleksioner və Cimon Honsonun Korat roluna seçildiyi bildirilmişdir.[54][57] Daha sonra Klouzun İrani Raeli oynayacağı məlum olmuşdur.[9][57] Tədbirdə həmçinin Tanosun filmdə "ağıl ustası" rolunda çıxış edəcəyini bildirmişdir.[126] 11 avqust 2013-cü ildə Ksandar planeti[24] üçün məkan kimi seçilən Millennium körpüsündə də çəkilişlər başlamışdır.[127] 2013-cü ilin avqustunda Marvel Bredli Kuperin Roketi səsləndirəcəyini açıqlamışdır.[38] 3 sentyabr 2013-cü ildə Qann "filmin yarıdan çoxunun tamamlandığını" bildirmişdir.[128] Sentyabr ayında Vin Dizel Qrutu səsləndirdiyini demişdir.[28] Lakin bu zaman Marvel Dizelin layihədə iştirak etdiyi barədə rəsmi açıqlama etməmişdi.[42][129][130] 12 oktyabr 2013-cü ildə Qann sosial şəbəkədə filmin çəkilişlərinin başa çatdığını bildirmişdir.[131]
Kinematoqraf Ben Devis film üçün Arri Alexa XT kameralarından istifadə etmişdir: "Mən ənənəvi fotokimya fanatıyam, lakin rəqəmsal formatdan istifadə etmək bu film üçün düzgün yol idi... Alexa bu xüsusi film üçün düzgün görüntünü verdi". 1980-ci illərdə baş verən açılış səhnəsi üçün Devis JDC Cooke Xtal (Crystal) Express anamorfik linzalarını seçmişdir, çünki onların "daha çox anamorfik artifaktları və abberasiyaları" var idi. Devis filmin qalan hissəsi üçün sferik Panavision linzalarından istifadə etmişdir. Bundan əlavə, Devis hər səhnə üçün ən doğru görüntünü əldə etmək üçün istehsal dizayneri Çarlz Vudla yaxından əməkdaşlıq etmişdir.[125] İki personaj tamamilə kompüter qrafikasından ibarət olduğundan Devis bir səhnəni bir neçə dəfə çəkməyə məcbur olmuşdur: adətən, bir dəfə personajın istinadları ilə birlikdə, bir dəfə də onlarsız.[132]
Qann qardaşı Şon Qannın filmin çəkilişləri zamanı bir neçə rolda (Roket üçün dayanmaq) çıxış edəcəyini bildirmişdir. Qann qeyd etmişdir ki, bu, Saldana, Prett və Batista da daxil olmaqla digər aktyorlar üçün də köməkçi olacaq. Batista Şonun performansına pozitiv şəkildə yanaşmışdır.[30] Xüsusi effektlər qrim dizayneri Devid Vayt vizual effektlərə kömək etməsi üçün Roketin iki əsl ölçülü versiyasını və Qrutun büstünü hazırlamışdır: "Bu film istehsalçılarına tətbiq olunması lazım olan vizual effektlər üçün yaxşı istiqamət verir".[31] Bu büstlər həmçinin studiya işıqlarının personajlara necə təsir etdiyini görmək üçün də istifadə olunmuşdur.[31]
2015-ci ilin yanvarında Disneyin filmin razılaşdırılmış büdcədən bir az çox – 232,3 ABŞ dollarına (Böyük Britaniya hökuməti tərəfindən 36,4 milyon ABŞ dollarının güzəşt edilməsi ilə birlikdə)[2] çəkildiyini bildirmişdir. Bundan əvvəl filmin büdcəsinin 170 milyon ABŞ dolları olduğu müəyyənləşdirilmişdi.[133]
2013-cü ilin noyabrında Qann istehsal sonrası prosesdə kompüter qrafikasının və hərəkət tutmasının istifadəsinə yardımçı olmaq üçün mümkün qədər çox praktiki effektlərdən istifadə etməyə cəhd etdiyini bildirmişdir: "Bizim studiyalarımız çox böyükdür. Bizim 350.000 funtluq poladdan hazırlanmış həbsxanamız var. Məni tanıyan hər kəs bilir ki, kompüter qrafikası ilə praktiki effektləri qarışdırmağı sevirəm... İnsanların bunu izləyəcəkləri vaxtı gözləyə bilmirəm, çünki bu, heyranedici dərəcədə gözəldir". "Tor 2: Zülmət aləmi" filminin buraxılışından sonra Fayqi MKK-nın Üçüncü fazasına gedən yolda filmdə diqqətlərin Sonsuzluq daşlarına yönəldiləcəyini bildirmişdir. "Zülmət aləmi" haqqında noyabrda verdiyi başqa bir müsahibədə Fayqi filmdə üçüncü, naməlum Sonsuzluq daşının peyda olacağını və Kolleksioner tərəfindən "Güc daşı" adlandırılacağını bildirmişdir. "Zülmət aləmi" filminin son səhnələrində Lovibondun rolunun Kolleksionerin köməkçi Karina olacağı məlum olmuşdur. 2013-cü ilin dekabrında Marvel Dizelin Qrutu səsləndirdiyini təsdiqləmişdir.
Əsas heyətin iştirak etdiyi və bir neçə həftə davam edən əlavə çəkilişlər Kaliforniyanın Berbank şəhərində yerləşən Walt Disney Studios-da 2014-cü ilin martında baş tutmuşdur. 2014-cü ilin aprelində Qann Tanosu filmdə "ilanın başı" kimi təsvir etmiş və təsvir olunmasında hərəkət tutmadan istifadə olunacağını təsdiqləmişdir. 2014-cü ilin mayında Qann bildirmişdir ki, filmdə həddən çox rolu kiçik olan Marvel personajı var və indiyə qədər çəkilmiş Marvel filmləri arasında ən çox personajı olan filmdir. Kostyum koordinatoru Den Qreys bu fikirlə razılaşmışdır: "Biz həqiqətən qalaktikanın miqyası və ölçüsü haqqındakı duyğunu hiss edirik. Biz 5 planet ziyarət edirik, 100 fərqli irq görürük". Filmdə Ronanın muzdlu əsgərləri rolunda çıxış edən Sakaar irqi təqdim olunur və bu irq Badun irqini əvəz edir, çünki Badun irqinin film hüquqları 20th Century Fox-a aid idi.
May ayının sonların Coş Brolinin Tanosu səsləndirdiyi məlum olmuşdur. İyul ayında isə Fayqi onun hərəkət tutmada iştirak etdiyini qeyd etmişdir. Tanos filmdə daha çox holoqram vasitəsilə ünsiyyət qursa da, Ronan və Nebula olan səhnədə də görünür. 2014-cü iyununda Fayqi qeyd etmişdir ki, Tanos və onun izləyiciləri gələcəkdə "Qisasçılar" filmlərinə gətirib çıxaracaq ən böyük əlaqələndirici parçadır. Brolinin seçilməsi haqqında Fayqi danışır:
Biz onunla əlaqə saxladıq və bu, hər zaman baş verməyən, lakin baş verdikdə gözəl olan bir şey idi. Bu, onun marağını cəlb etmişdi. O, bizim işimizin fanatı idi və Londonda bir oteldə Ceremi Latçam ilə görüşüb personajlar haqqında bir az məlumatlanmışdı. Onunla telefonda bir neçə dəfə danışdım. ... Daha sonra onu çəkdik və personaj üçün qeyd etdik".
7 iyul 2014-cü ildə Qann sosial şəbəkədə film üzərində işini başa çatdırdığını bildirmişdir. Avqustda post-kredits səhnəsi haqqında danışan Qann Ördək Hovardın əvvəlcə filmdə olmadığını, amma istehsal sonrası prosesdə əlavə olunduğunu, qərarın özü və Fred raskin tərəfindən alındığını açıqlamışdır. Personajı əlavə etmək qərarı istehal sonrası prosesin axırlarında alındığından Sony Pictures Imageworks tərəfindən animasiya olunmazdan öncə personajı dizayn etməli idi. Qrutun rəqs etdiyi pre-kredits səhnəsi haqqında danışan Qann rəqs üçün özünün hərəkət tutmada iştirak etdiyini açıqlamışdır. Səhnənin titrlardan öncə göstərilməsi qərarını Qann vermişdi, çünki test nümayişində alınan pozitiv nəticələrdən sonra Marvel və Qann "insanların bu cür şeyi qaçırmasını" istəmədiklərini hiss etmişdirlər. Marvel filmin başlıq səhnələri üçün Sarofsky dizayn şirkətinə müraciət etmişdir. Marvel daha öncə bu şirkətin "Birinci qisasçı: Başqa müharibə" filmindəki işini bəyənmişdi. Sarofsky tizer posterlərdəki fontdan istifadə edərək açılış səhnəsi üçün xüsusi font hazırladı və filmin göy və boz görüntüsünə uyğun görünməsi üçün fontu narıncı rəngə boyadı. Şirkət həmçinin filmdə məkanları bildirən başlıqlar üçün təkliflər etmişdir.