14 may 1805-ci il tarixində Qarabağ xanı İbrahim Xəlil xan ilə Rus generalı Pavel Sisianov arasında imzalanan Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə qatılır və bununla da ermənilərin Qarabağa kütləvi miqrasiyası başlamışdır. 1811-ci ildə: ermənilər – 20,8%, müsəlmanlar – 79%; 1823-cü ildə: ermənilər – 21,7%, müsəlmanlar – 78% təşkil edirdi. Bu göstəricilər 10 fevral 1828-ci il tarixində Qacar dövlətinin şahzadəsi Abbas Mirzə ilə general İ.F.Paskeviç arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra əhəmiyyətli dərəcədə dəyişilir. 1830-cu ildə ermənilərin sayı artıq 33%, müsəlmanların sayı isə 66 ,6% təşkil edirdi. 1828–1830-cu illərdə İran və Türkiyədən 140.000-ə yaxın erməni Cənubi Qafqaza köçürüldü.[1] Onların böyük hissəsi Qarabağda yerləşdirildi.[2] İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökumətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, XIX əsrin ikinci yarısında ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı. 1889-cu il: ermənilər −45,5%, müsəlmanlar-54%; 1897-ci il: ermənilər −41,5%, müsəlmanlar −57%; 1914-cü il: ermənilər −41%, müsəlmanlar −55%. Aşağıda təqdim olunan cədvəllərdə Qarabağın etnik tərkibindəki dəyişiliklər aydın müşahidə olunur.
1811-ci il | 1823-cü il | 1830-cu il |
---|---|---|
Ermənilər 20,8% | Ermənilər 21,7% | Ermənilər 33% |
Müsəlmanlar 79% | Müsəlmanlar 78% | Müsəlmanlar 66,6% |
Ümumi 12.000 ailə | Ümumi 20.095 ailə | 21.000 ailə |
1889-cu il | 1897-ci il | 1904-cü il | 1914-cü il |
---|---|---|---|
Ermənilər 45,5% | Ermənilər 41,5% | Ermənilər 41,6% | Ermənilər 41% |
Müsəlmanlar 54% | Müsəlmanlar 57% | Müsəlmanlar 57,6% | Müsəlmanlar 55% |
Ümumi 368.110 nəfər | Ümumi 415.722 nəfər | Ümumi 453.681 nəfər | Ümumi 582.621 nəfər |
1889–1914-cü illər ərzində Qarabağ əhalisinin etnik-dini tərkibinin hesablanması əhalinin etnik-dini mənsubiyyətinə görə 1867-ci ildə keçmiş Qarabağ xanlığı torpaqlarında yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının dörd qəzasında-Şuşa, Cəbrayıl (Karyaginski), Cavanşir və Zəngəzur qəzalarında həyata keçirilmişdir. (1750-ci illər Zəngəzur Qarabağ xanlığının tərkibinə daxil idi və 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi sənədlərinə əsasən, Qarabağın tərkib hissəsi hesab olunurdu).
Rusiya imperiyasının İrandakı səfiri Aleksandr Qriboyedovun "İrandan ermənilərin bizim vilayətlərimizə köçürülməsi haqqında"1828-ci il tarixli rəsmi qeydində deyilir: "Ermənilərin əksəriyyəti müsəlman mülkədarlarının torpaqlarında məskunlaşdı … Yerli sakinlər özləri sıxlıqla məskunlaşıblar və əsaslı şəkildə narazılıq edən müsəlmanları sıxışdırırlar".[3]
Belə ki, 1820-ci illərin sonlarında İrandan olan erməni miqrantların məskunlaşdırılması, eləcə də Qafqazın digər bölgələrindən olan ermənilərin köçürülməsi və eyni vaxtda müsəlmanların öz torpaqlarından köçürülməsi yolu ilə Qarabağ əhalisinin etnik tərkibinin süni şəkildə dəyişdirilməsinə başlanıldı. Buna baxmayaraq, 1867-ci ildə keçmiş Qarabağ xanlığının torpaqlarında yaradılan Yelizavetpol (Gəncə) quberniyasının dörd qəzasında yarım əsrdən artıq müddətdə mütləq əksəriyyəti türk olan müsəlmanlar (bu, həm də Zəngəzura aiddir, Qarabağ xanlığının keçmiş vəziri Mirzə Camalın dediyinə görə, "Naxçıvanın Zəngəzur mahalları" 1750-ci illərdə onun tərkibinə daxil edilmişdi.[4] Etnik qrupların sayı göstərilməsə də, 1876-cı ildə siyahıyaalmada "üstünlük təşkil edən xalq" adı verildi. Qarabağ ərazisində mövcud olan dörd qəzadakı 14 məntəqədən 12-də "üstünlük təşkil edən xalq" ilk növbədə "tatarlar"dır (yəni türklər). Və yalnız iki məntəqədə-ermənilərdir (Xankəndi – Şuşa qəzasında, Qaraqlis – Zəngəzur qəzasında). Üstəlik, 1923-cü ildə Dağlıq Qarabağın Erməni Muxtar Vilayətinin yaradılması üçün əsasa çevrilmiş Şuşa qəzasında dörd məntəqənin ikisində 1876-cı il siyahıyaalmasında ermənilərdən ümumiyyətlə bəhs edilmir.[5]
İlk dəfə Qarabağ əhalisinin etnik tərkibində aşkar dəyişikliklər 1880-ci illərdə baş verdi. 1886-cı ildə Qafqaz Statistika Komitəsi Yelizavetpol (Gəncə) quberniyasının ailə siyahılarının bir sıra məlumatlarını dərc etdi. Bundan belə çıxır ki, keçmiş Qarabağ xanlığının ərazisində ermənilərin artıq əhalinin 58%-ni təşkil etdikləri Şuşa xanlığı istisna olmaqla, bütün qəzalarda "tatarlar üstünlük təşkil edir".[6] 1889-cu ilin statistik məlumatlarına görə isə keçmiş Qarabağ xanlığının dörd qəzasından yalnız Şuşa qəzasının ərazisində ermənilər üstünlüyü saxlamışlar, halbuki 1886-cı ildən sonra əhalinin tərkibində onların sayı 58%-dən 54,5%-ə qədər azalmışdı. Digər bir qəzada, Zəngəzur qəzasında ermənilər sakinlərin tam yarısını (% 49.4) təşkil edirdi. Qarabağın əsas şəhəri Şuşada isə ermənilər artıq əhəmiyyətli dərəcədə üstünlük təşkil edirdilər (60%). Müsəlmanlar isə yalnız iki qəzada – Cəbrayıl (75.5%) və Cavanşir (70%) qəzalarında açıq-aşkar çoxluqda qalırdılar. Ümumilikdə Qarabağda 54,5% müsəlmanlar yenə də 45,5% ermənilərə qarşı üstünlük təşkil edirdilər.[7] İran və Türkiyədən gələn ermənilərin müsəlmanları ən yaxşı yerlərdən sıxışdırıb çıxarması ilə yanaşı, hökumət onlar üçün daha əlverişli sosial-iqtisadi şərait də yaradırdı. Çünki dövlət müsəlmanlar üçün heç bir imtiyaz tətbiq etməmişdi. Nəticə olaraq, 1830-cu illərdə köçkün ermənilər xüsusi imtiyazlardan istifadə edirdilər. Bu, doğum sayının artmasına təsir göstərməyə bilməzdi. Belə ki, 1880-ci ilə qədər erməni köçkünləri arasında kütləvi miqrasiyanın və demoqrafik partlayışın nəticələri Qarabağ əhalisinin etnik tərkibində köklü dəyişikliklərə səbəb oldu. Buna əlavə olaraq, kiçik miqyasda da olsa, erməni köçkünlərinin axını bütün XIX əsr boyu davam etdi. "Ermənilərin sayı ermənilərin dövri immiqrasiyası və onların təbii artımı nəticəsində… durmadan artırdı – Bunun üçün Rusiyada (yəni imperiyanın Cənubi Qafqaz vilayətlərində) əlverişli şərait var idi." [8] Məşhur sovet şərqşünası 1928-ci ilin yayında Dağlıq Qarabağa etnoqrafik ekspedisiyasına rəhbərlik etmiş İlya Petruşevski ermənilərin Arakül kəndindən (Xocavənd rayonu) bəhs etmişdir. Yaşlı adamlardan birinin dediyi kimi," indiki Arakül kəndlilərinin babaları"İran Qaradağından (İranın şimal-qərbi) yetmiş il əvvəl", yəni təxminən 1850-ci illərin axırlarında – 1860-cı illərin əvvəllərində gəliblər. Bu, ermənilərin 1828–1830-cu illərdəki kütləvi miqrasiyasından sonra da öz kəndlərinin əsasını qoymaqla, onların bütöv icmalarla Qarabağa köçmələrinin davam etməsinə sübutdur (adətən, İranda və ya Türkiyədə eyni ərazidə yaşamış ermənilər Cənubi Qafqaza köçdükdən sonra da birgə məskunlaşırdılar).[9]
XIX əsrin sonu-XX əsrin əvvəllərində 1828–1830-cu illərdə İran və Türkiyə ermənilərinin kütləvi miqrasiyasının, sonradan da onların arasında demoqrafik partlayışın təsiri nəzərə çarpacaq dərəcədə azalmağa başladı. Keçmiş Qarabağ xanlığının ərazisində müsəlmanların və ermənilərin nisbəti 1889–1914-cü illərə qədər sonuncunun lehinə dəyişməyi dayandı. Ümumilikdə, Qarabağ üzrə ermənilərin nisbəti 45,5%-dən (1889) 41%-ə qədər(1914) azaldı, müsəlmanların nisbəti isə, demək olar ki, dəyişmədi və 55% səviyyəsində qaldı. Qarabağın ayrı-ayrı rayonları üzrə etnik dinamika aşağıdakı kimi idi:
•Şuşada ermənilərin nisbəti 60%-dən (1889) 51%-ə qədər (1915) azaldı; müsəlmanların nisbəti isə 40%-dən 44%-ə qədər yüksəldi.
•Şuşa qəzasında ermənilərin sayı 54,5% – dən (1889) 53%-ə qədər (1914) azaldı.
•Zəngəzur qəzasında ermənilərin sayı 49%-dən (1889) 43%-ə (1914) qədər azaldı, müsəlmanların sayı isə 50%-dən 56%-ə qədər artdı.
•Cəbrayıl (Karyagin) və Cavanşir qəzalarında müsəlmanlar bu müddət ərzində çoxluqlarını 65–75% səviyyəsində saxlayıblar.[10]
Etnik nisbətin dəyişməsinə təsiri olmuşdur:
Rusiya imperiyasının süqutu tarixdə ilk dəfə olaraq ermənilərlə türklər arasında uzunmüddətli və tammiqyaslı münaqişəyə səbəb oldu. 1918-ci ildən 1920-ci il aprelin axırına qədər Şuşa qəzasındakı toqquşmalar gah səngimiş, gah da yenidən başlamış, Zəngəzur qəzasında isə hərbi əməliyyatlar 1921-ci ilin yayına qədər davam etmişdir. 1918-ci ildə milliyyətçi Daşnaksutyun Partiyasının rəhbərliyi ilə elan edilmiş Ermənistan Respublikası öz ərazisini əsasən müsəlmanların məskunlaşdığı vilayətlər hesabına genişləndirməyə çalışırdı. Bunun üçün orada ermənilərin say çoxluğun süni surətdə təmin etmək məqsədilə müsəlman əhalinin qırılması və qovulması siyasəti aparılmışdır. Məhz o zaman Daşnaksütyun partiyasının nümayəndələri tərəfindən ilk dəfə olaraq "Dağlıq Qarabağ" termini tətbiq olundu. Məqsəd ermənilərin 50%-ni təşkil etdikləri Şuşa qəzasını müsəlmanların 70–75% – ə çatdığı Qarabağın qalan hissəsindən süni şəkildə ayırmaq idi.
1918–1920-ci illərdə daşnaklar Qarabağın Zəngəzur və Şuşa qəzalarında fəal etnik təmizləmə aparıblar. "Dinc müsəlman əhali amansızcasına qətl edilir və bir çox kəndlər yandırılır", – deyə 1919-cu ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Yusifbəyli Cənubi Qafqazda Qərb dövlətlərinin komandanlığına məlumat göndərib. 1920-ci ilin mart ayına qədər yalnız Zəngəzurda 40-a qədər müsəlman kəndi məhv edilmiş, 60.000 müsəlman qaçqın düşmüşdü. Qarabağın başqa rayonlarından, məsələn, Cavanşir qəzasından da türk əhalisinin kütləvi köçü baş verirdi.
•Gürcüstanın və Qafqazın bəzi digər vilayətlərinin Təsviri (19.07.1811) ilə daxili işlər naziri O. P. Kozodavlevaya təqdim olunmuş qeyd // Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi. Sənədlər toplusu. Cild I (1801–1813. Ermənistan SSR Elmlər Akademiyasının nəşriyyatı. İrəvan, 1972. Səh. 559–562.
•Hesablama 35 rəsmi sənəddə yer alan Qarabağın 614 kəndinin (köçəri düşərgələri də daxil olmaqla) və orada yaşayan ailələrin etnik məlumatlarına əsasən aparılmışdır "1823-cü ildə Gürcüstanın Baş Qubernatoru Yermolovun əmri ilə həqiqi dövlət müşaviri Moqilevin və Polkovnik 2-ci Yermolov tərəfindən tərtib edilmiş Qarabağ vilayətinin təsviri". 1866-ci ildə Tiflisdə Qafqaz canişinliyi Baş İdarəsinin mətbəəsində nəşr olunmuşdur.
•Eyrienin (Eyriere) rəhbərliyi altında fransız dilində tərtib edilmiş və qravyuralar ilə bəzədilmiş Asiya ətrafında mənzərəli səyahət. Moskva, 1840. Səh. 25.
•1892-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1891. Şöbə III, səh. 24–25.
•1907-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1906. II Əlavə "1897-ci il siyahıyaalınmasının məlumatlarına əsasən Zaqafqaziya diyarının əhalisinin dini etiqad və ana dili üzrə bölüşdürülməsi", səh. 105–110.
•1907-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1906. "1 yanvar 1905-ci il tarixinə Yelizavetpol quberniyasının yerli əhalisi" Əlavəsi, səh. 234–237.
•1915-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1914. Statistika şöbəsi, səh. 230–233