Rəhimağa Əmir oğlu İmaməliyev (24 yanvar 1937, Buzovna – 23 may 2002, Buzovna və ya Bakı) — Azərbaycan jurnalisti, ensiklopedist, lüğətşünas, naşir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), Həsən bəy Zərdabi mükafatı laureatı (1999).[1]
Rəhimağa İmaməliyev | |
---|---|
Rəhimağa Əmir oğlu İmaməliyev | |
Doğum tarixi | |
Doğum yeri | Buzovna, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Buzovna, Bakı, Azərbaycan |
Dəfn yeri | Buzovna, Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Jurnalist |
Mükafatları | Həsən bəy Zərdabi mükafatı laureatı |
Rəhimağa İmaməliyev 1937-ci ildə Bakı şəhərinin Buzovna kəndində balıqçı ailəsində anadan olmuşdur. O, 1944–1955-ci illərdə Buzovna kəndində 206 və 125 saylı məktəblərdə təhsil almışdır. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olmuşdur. 1962-ci ildə təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə fəhləlikdən başlamışdır. Yüksəkixtisaslı kitabxanaçı-biblioqraf ixtisasına yiyələnmək üçün o, rəhbər kadrlar hazırlayan ali jurnalist və nəşriyyat sənətkarlığı kurslarında təhsilini mükəmməlləşdirmişdir.[2]
Rəhimağa İmaməliyev 23 may 2002-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir. Bakı şəhərinin Buzovna kəndində dəfn edilmişdir.
Mərhum Rəhimağa İmaməliyev 1980-ci ildə başladığı "Buzovna ensiklopediyası. Vətənnamə" adlı kitabını 2000-ci ildə bitirməsinə baxmayaraq, kitab nəşr edilməmişdir. O, dünyasını dəyişəndən sonra bu ensiklopediya üzərində iş ailə üzvləri tərəfindən davam etdirilmişdir.[3]
Rəhimağa İmaməliyev Azərbaycan Dövlət Elmi-Texniki İnformasiya İnstitutunda nəşriyyat redaksiyasında redaktor (1960–1962), nəşriyyat-redaksiya şöbəsinin müdiri (1963–1964), məsul katibin müavini (1965) vəzifələrndə çalışmışdır. 1956-cı ildən dövri və ardı davam edən nəşrlərdə, nəşriyyatlarda ştatlı və əvəzçiliklə fəaliyyət göstərmişdir. 1962–1966-cı illərdə Respublikanın mətbuat orqanlarında — "Azərtədrisnəşr", "Kommunist", "Vətənin səsi", "Abşeron", "Politexnik" qəzeti redaksiyalarında, "Elmi informasiya jurnalı" nda işləmişdir. 1966-cı ildə xalq şairi Rəsul Rzanın sərəncamı ilə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasına böyük elmi redaktor vəzifəsinə təyin edilmişdir. Bircildlik "Azəri ensiklopediyası" nın (1967), oncildlik "Azərbaycan Sovet Ensiklopediyası" nın (1967–1987) hazırlanmasında, işıq üzü görməsində əvəzsiz xidmətləri olmuşdur.[4] İkicildlik "Uşaq ensiklopediyası" nın hazırlanması da məhz onun adı ilə bağlıdır. O, milli dövri mətbuatda, radio-televiziyada, universal sahə ensiklopediyalarında və digər nəşrlərdə çoxlu elmi, tarixi, ədəbi-bədii məqalələrin, oçerk, reportaj, tərcümə və şeirlərin müəllifidir. O, Azərbaycan haqqında görkəmli şəxsiyyətlərin söylədiyi dəyərli fikirləri toplayaraq 1982-ci ildə "Ürək sözləri" adlı kitabını nəşr etdirmişdir. 1993-cü ilə kimi mətbuat redaksiyası, elmi və ədəbi nəzarət redaksiyalarının müdiri vəzifələrində çalışmışdır. 1994–2000-ci illərdə 40-a yaxın ziyalının Azərbaycan Jurnalistlər Birliyi sıralarına qəbul edilməsinə zəmanət vermişdir. Rəhimağa İmaməliyev respublikada mətbuat, nəşriyyat, informasiya, ensiklopediya və lüğətçilik sahəsinin bilicilərindən idi. SSRİ məkanında nəşr edilmiş Gürcüstan, Belarus, Rusiya, Latviya, Litva, Estoniya, Moldova ensiklopediyalarının da Azərbaycanla əlaqəli çoxlu sayda məqalələrin müəllifidir.[5]
Rəhimağa İmaməliyev 1993-cü ildə "Boz Oğuz" nəşriyyatını təsis etmişdir. Onun bu nəşriyyatı yaratmaqda məqsədi ədəbi irsi öyrənilməmiş yazıçı və şairlərin, tarixin səhifələrindən və yaddaşlardan silinmiş, unudulmuş şəxsiyyətlərin əlyazmalarını toplamaq, çap edib xalqa çatdırmaq idi. Naşir kimi o, bunu vətəndaşlıq borcu hesab edirdi. Fəaliyyətdə olduğu illərdə çox böyük çətinliklərlə üzləşməli olduğuna baxmayaraq, başladığı işə sağlamlığı bahasına ömrünün sonuna kimi əzmlə bu yolda çalışmışdır. Kadr hazırlığında xidmətləri vardır. Yetişdirməsi olan Leyla Abbasovanın 2018-ci ildə işıq üzü görmüş ""Boz Oğuz" nəşriyyatının yaranması və fəaliyyəti" adlı kitabı onun yaradıcılığına və "Boz Oğuz" nəşriyyatının fəaliyyətinə həsr edilmişdir. Fəaliyyəti bir sıra medallara, fəxri fərmanlara layiq görülmüşdür.[6]
Rəhimağa İmaməliyevin təsis etdiyi "Boz Oğuz" nəşriyyatında nəşr etdiyi kitablar: "Abşeron meyxanaları", 1993; A. Əliyev "Solfecio", 1994; Y. Şağani "Azər kimi diyarım var", 1994; Axund Hacı Soltan Əlizadə "Azərbaycan dərvişləri və rövzəxanları", 1995; V. Əfəndiyev "Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri", 1996; R. İmaməliyev "Məşədi Azər. Seçilmiş əsərləri", 1996; R. İmaməliyev "Haşım bəy Sağib. Kim-kimədir", 1996; Hacı Hacıyev "İstiqlalın əzablı yolu", 1996; Məşədi İlham Cəfəroğlu "Quran duaları", 1996; R. İmaməliyev, T. Səlimov-Şağani, "Bakı kəndləri" (ensiklopedik məlumat kitabı), 1996; Həkim Qəni "Füzuliyə təxmislər", 1997; R. İmaməliyev "İslam ensiklopediyası", 1997; R. İmaməliyev "Buzovnalı Məhəmmədismayıl Asi. "Divan"", 1997; T. Babanlı, V. İmaməliyeva "Azərbaycan salnaməsindən səhifələr", 1997; "Vücudnamə, Saqinamə, Tövbənamə" (Ensiklopedik məlumat kitabı), 1997; R. İmaməliyev "Ensiklopediyaçı- şərqşünas Əbülfəz Məmmədzadə", 1997; T. İmaməliyeva, V. İmaməliyeva, R. İmaməliyev "Hikmət və kəlam ensiklopediyası", 1998; Maqsud Mahmudzadə "Şeyx Şamil və onun sələfləri" (sənədli-publisistik qeydlər), 1998; Kamal Rzayev "Qarabağ müharibəsi: həqiqətlər və uydurmalar", 1998; Kamal Rzayev "Правда и ложь о Карабахской войне", 1998; Qumral Sadıqzadə "Son mənzili Xəzər oldu" (Tarixi-publisistik roman), 1998; Qumri Dərbəndi "Kənzül-məsaib", "Gülzari-Hüseyni", 1999; R. İmaməliyev "Yasin-çərəkə" (vəqf məqsədilə), 1998; V. Babanlı "Ömürlük cəza", 1999; Buzovnalı Məşədi Balahüseyn Xoşhal "Ata-babalarımızdan eşitdiklərim, bildiklərim, deyimlərim", 1999; Aydın Hüseynzadə "Romantik şair Əlipaşa Səbur", 2000; Buzovnalı Məşədi Balahüseyn Xoşhal "Ömür bağının çələngi", 2001; Buzovnalı Məşədi Balahüseyn Xoşhal, "Unudulmaz şəxsiyyətlər", 2002; R. İmaməliyev, B. Axundov, M. Mahmudov "Nəşriyyat-poliqrafiya və jurnalistika terminlərinin izahlı lüğəti", "Təhsil" nəşriyyatı, 2009 (vəfatından sonra), "Buzovna Ensiklopediyası – Vətənnamə", "Təhsil" nəşriyyatı, 2022 (vəfatından sonra).[7][8][9][10]