SSRİ-də insan hüquqları ciddi formada məhdudlaşdırılmışdı. Sovet İttifaqı 1927-ci ildən 1953-cü ilə qədər totalitar,[1][2][3][4] 1990-cı ilə qədər isə birpartiyalı dövlət olmuşdur.[5] Dövlətdə söz azadlığı sıxışdırılır, müxalif tərəflər cəzalandırılırdı. Müstəqil həmkarlar ittifaqları, özəl korporasiyalar, müstəqil kilsələr və ya müxalif siyasi partiyalarda belə müstəqil siyasi fəaliyyətlərə yol verilmirdi. Vətəndaşların həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda hərəkət azadlığı məhdudlaşdırılmışdı.
Təcrübədə sovet hökuməti olduqca güclü olan hüququn aliliyinə, vətəndaş azadlıqlarına, cinayət ədalətinə və mülkiyyət hüququna[6][7] əhəmiyyətli dərəcədə nəzarət edirdi və bu, Andrey Vışinski kimi sovet hüquq nəzəriyyəçiləri tərəfindən "burjua əxlaqı"nın bir nümunəsi hesab edilirdi.[8] Sovet İttifaqı 1973-cü ildə imzaladığı Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt kimi qanuni qüvvəyə malik insan hüquqları sənədlərini imzalasa da, bu sənədlər nə kommunist hakimiyyəti altında yaşayan insanlar tərəfindən geniş şəkildə tanınmış və əlçatan olmuş, nə də kommunist hakimiyyət orqanları tərəfindən ciddi qəbul edilmişdir.authorities.[9]:117 SSRİ-də insan hüquqları aktivistləri mütəmadi olaraq təqiblərə, repressiyalara və həbslərə məruz qalırdılar.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə, insan hüquqları "bütün insanların sahib olduğu əsas [hüquq] və azadlıqlardır."[10] Bu hüquqlara yaşamaq və azadlıq hüququ, söz azadlığı hüququ və qanun qarşısında bərabərlik və sosial, mədəni və iqtisadi hüquqlar, o cümlədən mədəniyyətdə iştirak hüququ, qida hüququ, işləmək hüququ və təhsil hüququ daxildir.
Sovetlərin insan hüquqları anlayışı isə beynəlxalq hüquqdan çox fərqli idi. Sovet hüquq nəzəriyyəsinə görə, "fərdə qarşı iddia edilməli olan insan hüquqlarından faydalanan şəxs hökumətdir".[11] Sovet hökuməti insan hüquqlarının mənbəyi hesab olunurdu.[12] Buna görə də SSRİ hüquq sistemi hüququ siyasətin bir qolu, məhkəmələri isə hökumət orqanları hesab edirdi.[13] SSRİ-nin gizli polis orqanlarına geniş məhkəmədənkənar səlahiyyətlər verildi. Təcrübədə sovet hökuməti olduqca güclü olan hüququn aliliyinə, vətəndaş azadlıqlarına, cinayət ədalətinə və mülkiyyət hüququna[6][7] əhəmiyyətli dərəcədə nəzarət edirdi və bu, Andrey Vışinski kimi sovet hüquq nəzəriyyəçiləri tərəfindən "burjua əxlaqı"nın bir nümunəsi hesab edilirdi.[8]
SSRİ və Şərq nlokuna daxil olan digər ölkələr Ümumdünya İnsan Hüquqları Bəyannaməsini (1948) təsdiq etməkdən imtina etmiş, onun "həddindən artıq hüquqi" olduğunu və milli suverenliyi poza biləcəyini bildirmişdilər.[14]:167–169 Sovet İttifaqı daha sonra 1968-ci ildə İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt, 1973-cü ildə isə Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt kimi qanuni qüvvəyə malik insan hüquqları sənədlərini imzalasa da, bu sənədlər nə kommunist hakimiyyəti altında yaşayan insanlar tərəfindən geniş şəkildə tanınmış və əlçatan olmuş, nə də kommunist hakimiyyət orqanları tərəfindən ciddi qəbul edilmişdir.[9]:117 Sovet dövründə siyasi məhbus olmuş Sergey Kovalev öz yazısında "SSRİ konstitusiyasının bütün əsas mülki və siyasi hüquqlarını sadalayan məşhur 125-ci maddəsini" xatırlatmış və qeyd etmişdir ki, o və digər məhbuslar bundan öz şikayətləri üçün qanuni əsas kimi istifadə etməyə cəhd etdikdə, prokurorun arqumenti belə olmuşdur ki, "Konstitusiya sizin üçün deyil, Amerika zənciləri üçün yazılmışdır ki, onlar Sovet vətəndaşlarının həyatının necə xoşbəxt olduğunu bilsinlər."[15]
SSRİ-də "cinayət" anlayışı qanun pozuntusu kimi deyil, sovet dövlətinə və cəmiyyətinə təhlükə yarada biləcək hər hansı bir hərəkət kimi qəbul edilmişdi və bu əsasla təyin edilirdi. Məsələn, qazanc əldə etmək istəyi ölümlə cəzalandırılan əks-inqilabi fəaliyyət kimi də şərh edilə bilərdi.[13] 1928–1931-ci illərdə milyonlarla kəndlinin fəaliyyətinin ləğvi və deportasiyası Sovet Mülki Məcəlləsinin şərtləri çərçivəsində həyata keçirilirdi.[13] Bəzi sovet hüquqşünasları hətta təqsir olmadığı halda "cinayət repressiyasının" tətbiq oluna biləcəyini deyirdilər.[13] Sovet Ukraynasının məxfi polisinin rəisi Martin Latsis bu vəziyyəti izah etmişdir: "Təqsirləndirilən şəxsin Sovetlərə qarşı silah və ya sözlə qiyam edib-etmədiyini öyrənmək üçün ittiham sənədlərinə baxmayın. Bunun yerinə onun hansı sinfə mənsub olduğunu, mənşəyini, təhsilini, peşəsini soruşun. Təqsirləndirilən şəxslərin taleyini həll edəcək suallar bunlardır. Qırmızı terrorun mənası və mahiyyəti elə bundan ibarətdir."[16]
SSRİ-dəki açıq məhkəmələrin məqsədi cinayətin olub-olmamasını nümayiş etdirmək deyildi: bu, onsuz da müvafiq partiya orqanları tərəfindən əvvəlcədən müəyyən edilmişdi. Bu prosesin məqsədi vətəndaşların təlimatlandırılması üçün siyasi təşviqat və təbliğat məqsədli başqa bir forum daha təşkil etmək idi. (məsələn, bax: Moskva prosesləri) İttiham olunan şəxsin müdafiə vəkili Sov. İKP-nin üzvü olmalı və müvəkkilinin günahını sorğulamadan qəbul etməli idi.[13]
1930–1940-cı illərdə Sovet xüsusi polis orqanları, BDSİ və XDİK tərəfindən siyasi repressiya həyata keçirilirdi.[17] Hökumət üçün kəşfiyyat məlumatlarının toplanılması və şübhəli müxalif fəaliyyətlərin bildirilməsi üçün könüllü və ya zorla işə götürülmüş mülki "məlumatçılardan" ibarət geniş şəbəkədən istifadə olunurdu.[18]
Bu prosesin nəzəri əsasını sinfi mübarizə ilə bağlı Marksizm nəzəriyyəsi təşkil edirdi. Proletariat diktaturası marksizmin proletariat sinfinə qarşı antaqonist hesab etdiyi digər sosial siniflərin müqavimətini yatırmalı olduğundan, "repressiya" və "terror" kimi kəskin sözlər rəsmi olaraq işlənilən terminlər idi. Repressiyanın hüquqi əsasları RSFSR Cinayət Məcələsinin 58-ci maddəsində və digər Sovet respublikalarının qanunlarındakı analoji maddələrdə rəsmiləşdirilmişdi.
Sovet İttifaqında senzura geniş yayılmışdı və ciddi şəkildə tətbiq edilirdi.[19] Bu, "Samizdat" adlandırılan fəaliyyətin yaranmasına, yəni hökumət tərəfindən sıxışdırılmış ədəbiyyatın gizli surətinin çıxarılıb paylayanılmasına səbəb olmuşdu. İncəsənət, ədəbiyyat, təhsil və elm qalib proletariatın mənafeyinə xidmət etməli olduqları üçün ciddi ideoloji nəzarət altına alınmışdı. Sosializmi və kommunizmi təbliğ edən belə teleoloji yönümlü incəsənətin bir nümunəsi sosialist realizmidir. Sovet İttifaqında bütün humanitar və ictimai elmlərin tarixi materializmə ciddi uyğunluğu yoxlanılırdı.
Bütün təbiət elmləri dialektik materializmin fəlsəfi əsası üzərində qurulmalı idi. Genetika, kibernetika, müqayisəli dilçilik kimi bir çox elm Sovet İttifaqında bəzi dövrlərdə sıxışdırılmış, "burjua yalançı elmi" kimi pislənmişdir. Çoxlarının yalançı elm hesab etdiyi Lisenkoizm bir müddətliyinə kənd təsərrüfatında və biologiyada üstünlük təşkil edirdi. 1930–1940-cı illərdə bir çox görkəmli elm xadimi "sabotajçı" və ya xalq düşməni elan edilərək həbs edilmişdir. Bəzi alimlər "Şaraşkada"da (QULAQ əmək düşərgəsi sistemindəki tədqiqat və təkmilləşdirmə laboratoriyaları) məhbus kimi işləyirdilər.
SSRİ Cinayət Məcəlləsinə əsasən, sovet hakimiyyətini zəiflətmək məqsədilə aparılan təşviqat və ya təbliğat aparmaq, yaxud Sovet dövlətini və ictimai quruluşunu ləkələyən materialları və ya ədəbiyyatı yaymaq 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. İkinci dəfə törədilmiş cinayətə görə bu müddət 3 ildən 10 ilədək idi.[20]
Kommunist ideoloqlarının fikrincə, sovet siyasi sistemi fəhlə şuralarının ("sovetlər") fəhlə sinfinin iradəsini təmsil etdiyi həqiqi demokratiya idi. SSRİ-nin 1936-cı il Konstitusiyasının gizli səsvermə ilə birbaşa ümumi seçki hüququnu təmin etdiyi[21] xüsusi olaraq vurğulansa da, təcrübə prinsipdən uzaq idi. Məsələn, demokratikləşməyə və 1989-cu ilin martındakı seçkilərə qədər bütün namizədlər Kommunist Partiyası təşkilatları tərəfindən seçilirdi. Tarixçi Robert Konkvest sovet seçki sistemini "terrorun ən ağır dövründə qəbul edilmiş və insan hüquqlarını təmin edən model konstitusiya, yalnız bir namizədin olduğu və 99 faizin səs verdiyi seçkilər, müxalifətə və ya bitərəfliyə heç vaxt əl qaldırılmayan parlament kimi iyrənc reallıqlara insan siması qoyan fantom institutlar və tərtibatlar toplusu" kimi təsvir etmişdir.[22]
Daşınar əmlaka məhdudiyyətlərlə icazə verildi, daşınmaz əmlak isə əsasən dövlətə məxsus idi.[23] Mənfəət əldə etmək məqsədli şəxsi ticarətin bir çox forması "spekulyasiya" (rus. спекуляция) hesab olunurdu və cərimə, azadlıqdan məhrum etmə, müsadirə və/və ya islah əmək ilə cəzalandırılan cinayət əməli kimi qadağan edilmişdi. "Spekulyasiya" məsələsi xüsusi olaraq SSRİ Cinayət Məcəlləsinin 154-cü maddəsində müəyyən edilmişdi.[24] Tam məşğulluq və iqtisadi rifah strukturlarının təminatı ilə mənzil, təhsil və qidalanma kimi ehtiyaclara formal olaraq təminat verilsə də,[23] bu təminatlar təcrübədə nadir hallarda yerinə yetirilirdi. Məsələn, SRRİ-dəki bir neçə aclıqdan biri olan 1930–1933-cü illər Sovet aclığı zamanı beş milyondan çox insan adekvat qidalanmadan məhrum olmuş və aclıqdan ölmüşdür.[25] 1932–1933-cü illərdəki aclığa qismən təbii şərait də səbəb olsa da,[26][27] aclığın əsas səbəbi kollektivləşdirmə idi.[28] Tez-tez yaranan qıtlıqlara cavab olaraq, bütün kateqoriyalardakı mal və xidmətlər üçün kütləvi qeyri-rəsmi iqtisadiyyat mövcud idi.[29]
İşçilərin müstəqil birliklər təşkil etməsinə icazə verilmir, bütün mövcud birliklər dövlət tərəfindən təşkil edilir və nəzarət edilirdi.[30] Pioner hərəkatı və komsomol hərəkatı kimi gəncələrə aid bütün siyasi təşkilatlar Kommunist Partiyasının siyasətinin həyata keçirilməsinə xidmət edirdilər. İcazəsiz siyasi təşkilatlarda iştirak həbslə nəticələnə bilərdi.[20] Düşərgələrdə təşkilatlanmanın isə nəticəsi ölüm cəzası idi.[20]
Sovet İttifaqı marksist-leninist ateizmini təbliğ edir və dini təqib edirdi. Kommunist rejimi bu məqsədlə kilsə əmlakını müsadirə edir, dini lağa qoyur, dindarları sıxışdırır və məktəblərdə ateizmi təbliğ edirdi. Bununla belə, bəzi dinlərə dövlətin maraqlarına uyğun formada münasibət göstərilmiş və təşkilatlanmış dinlərin əksəriyyəti heç vaxt açıq şəkildə qadağan edilməmişdir.
Pravoslav keşişlərə və dindarlara qarşı görülmüş tədbirlərə işgəncə, həbs düşərgələrinə, əmək düşərgələrinə və ya ruhi xəstəxanalara göndərilmək və edam daxil idi.[31][32][33][34] Bir çox pravoslavlar (digər inanclara mənsub insanlarla birlikdə) dini etiqadlarından vaz keçməyə məcbur etmək məqsədilə psixoloji cəzaya və ya işgəncəyə və ağıl nəzarəti təcrübələrinə məruz qalmışdır.[32][33][35][36]
Pravoslavların karyeraları və kommunist təşkilatlarına (məsələn, partiya və komsomol) üzvlüyü məhdudlaşdırılmışdı. Din əleyhinə təbliğat hökumət tərəfindən açıq şəkildə dəstəklənir və təşviq edilir, kilsəyə isə açıq şəkildə cavab vermək imkanı verilmirdi. Seminariyalar bağlanmış və kilsəyə material nəşr etmək qadağan edilmişdi. Məktəblər, kommunist təşkilatları və media vasitəsilə ateizm təbliğ olunmuş, Allahsızlar Cəmiyyəti kimi təşkilatlar yaradılmışdı.
Hökumətin açıq icazəsi olmadan mühacirətə və xaricə səyahətə icazə verilmirdi. 1970-ci illərdə ölkəni tərk etməyə icazə ala bilməmiş və bu hüquqları üçün kampaniya aparan insanlar "otkazniklər" kimi tanınırdılar. Sovet Cinayət Məcəlləsində xaricdən geri qayıtmaqdan imtina dövlətə xəyanət hesab edilirdi və 10–15 il müddətinə azadlıqdan məhrum etmə və ya əmlakı müsadirə olunmaqla birlikdə ölüm cəzası ilə cəzalandırılırdı.[20]
Sovet İttifaqındakı pasport sistemi vətəndaşların ölkə daxilində miqrasiyasını "propiska" və daxili pasportlar vasitəsilə məhdudlaşdırırdı. Sovet tarixinin uzun bir dövründə kəndlilərin daxili pasportları yox idi və icazəsiz şəhərlərə köçə bilməzdilər. Bir çox keçmiş məhbus "qurd bileti" almışdı və həmin şəxslərə şəhər sərhədlərindən minimum 101 km aralıda yaşamağa icazə verildi. Qapalı şəhərlərə və SSRİ dövlət sərhədlərinə yaxın rayonlara gediş-gəliş ciddi şəkildə məhdudlaşdırılmışdı. Qeyri-qanuni olaraq xaricə qaçmağa cəhd 1 ildən 3 ilə qədər həbslə cəzalandırılırdı.[20]
Sovet İttifaqında insan hüquqları müdafiəçiləri mütəmadi olaraq təqiblərə, repressiyalara və həbslərə məruz qalırdılar. Hərəkatın fəaliyyətinin tamamilə dayandırılmasının qarşısını almağa yalnız Andrey Saxarov kimi ayrı-ayrı insan hüquqları müdafiəçilərinin ictimai profili bəzi hallarda kömək edə bilmişdir.
SSRİ-də daha mütəşəkkil insan haqları hərəkatı 1960-cı illərin sonu və 1970-ci illərin "hüquq müdafiəçiləri (pravozaşçitniki)" kimi tanınan müxalif cərəyandan yaranmışdır.[37] Hərəkatın ən mühüm samizdat nəşri olan "Cari hadisələrin xronikası"nın[38] ilk nömrəsi 1968-ci ilin aprelində, Birləşmiş Millətlər Təşkilatının həmin ili "Beynəlxalq İnsan Hüquqları İli" elan etməsindən sonra nəşr edilmişdir. Nəşr fəaliyyətini 1983-cü ildə bağlanana qədər 15 il davam etdirmişdir.
1968-ci ildən sonra bir sıra xüsusi insan hüquqları qrupları yaradıldı: SSRİ-də İnsan Hüquqlarının Müdafiəsi üzrə Fəaliyyət Qrupu 1969-cu ilin mayında BMT-nin İnsan Haqları Komitəsinə müraciətlə ictimailəşdirildi,[39] 1970-ci ildə SSRİ-də insan hüquqları komitəsi yaradıldı,[40] və 1973-cü ildə Amnesty International-ın Sovet bölməsi meydana çıxdı. Bu qruplar müxtəlif müraciətlər yazır, ərizələr üçün imza toplayır və məhkəmələrdə iştirak edirdilər.
1975-ci ilin avqustunda Varşava Müqaviləsi Təşkilatının səkkiz üzvü Helsinki aktını imzaladı. Yekun Aktın "üçüncü səbətinə" geniş insan hüquqları müddəaları daxil idi.[41] :99–100 1976–1977-ci illərdə SSRİ-də dövlətin Helsinki aktına əməl etməsinə nəzarət etmək üçün bir neçə "Helsinki Nəzarət Qrupu" yaradıldı.[42] Birinci qrup Moskva Helsinki Qrupu idi, daha sonra isə Ukrayna, Litva, Gürcüstan və Ermənistanda müvafiq qrup yaradıldı.[43] :159–194 Bu qruplar insan haqları hərəkatının müxtəlif qollarını birləşdirməyə nail olmuşdular.[41] :159–166
Növbəti iki il ərzində Helsinki Qrupları Sovet hakimiyyəti tərəfindən təqib və təhdidlərə məruz qalmış və nəticədə aparıcı fəallar həbs edilmiş, mühakimə edilmiş və həbs edilmiş və ya ölkəni tərk etmələri üçün təzyiq edildiyi üçün öz fəaliyyətlərini dayandırmağa məcbur qalmışdırlar. 1979-cu ilə qədər onların hamısı fəaliyyətini dayandırmışdı.
1985-ci ilin aprelindən 1991-ci ilin dekabrına qədər olan dövr SSRİ-də kəskin dəyişikliklər ilə səciyyəviləndi.
1987-ci ilin fevralında DTK sədri Viktor Çebrikov Sov. İKP Baş Katibi Mixail Qorbaçova məruzəsində qeyd edir ki, RSFSR Cinayət Məcəlləsinin 70, 190–1 və 142-ci maddələri ilə törədilmiş cinayətlərə görə 288 nəfər cəza çəkir və məhkumların üçdə biri psixiatriya xəstəxanalarında saxlanılır.[44] Bu məhkumların bir qismi 1986-cı ilin dekabrında veteran dissident Anatoli Marçenkonun həbsxanada ölümü ilə bağlı həmin il ərzində azad edilmişdi.[45] Tezliklə etnik azlıqlar, konfessional qruplar və bütün millətlər müvafiq olaraq mədəni muxtariyyət, dini etiqad azadlığı və Baltikyanı dövlətlərin rəhbərlik etdiyi milli müstəqillik hüquqlarını müdafiə etməyə başlamışdı.
Qlasnost "söz azadlığını" təmsil etmədiyi kimi, fəalların öz tədbirlərini keçirmək, müstəqil birliklər və siyasi hərəkatlar yaratmaq cəhdləri də Qorbaçovun və onun Siyasi Bürosunun narazılığı və maneələri ilə üzləşirdi. 1987-ci il dekabrın əvvəlində Şevardnadze, Yakovlev və Çebrikov 10–14 dekabr 1987-ci il tarixlərində xaricdən gələn qonaqlarla Moskvada keçirilməsi nəzərdə tutulan insan hüquqları seminarı haqqında məlumat vermiş və keçmiş sovet dissidentləri tərəfindən təşkil edilmiş tədbirin məhdudlaşdırılması və qarşısının alınması yollarını təklif etmişdirlər.[46] Yeddi ay sonra oxşar təklifə verilmiş reaksiya təxminən eyni olmuşdur.[47] Bir yandan 1920-ci illərdə kommunistlərin öz inhisarlarını qurmaq üçün istifadə etdikləri hüquqlardan getdikcə daha çox güzəştə gedilir, bir yandan da rejimin təşəbbüsü və ya nəzarəti altında olmayan tədbir və təşkilatlar yenidənqurma və rəsmi qlasnostun qısa və qeyri-müəyyən dövrünün sözdə "liberal" hökuməti tərəfindən pislənir və ruhdan salınırdı.
Geri qalan iki il yarımlıq dövrdə dəyişikliklər sürətləndi. 1989-cu ildə Xalq Deputatları Qurultayı mədənçilərin ümumxalq tətili zamanı ikinci payız sessiyasını keçirdi. Nəticələrdən biri 1990-cı ilin martında Sovet Konstitusiyasının (1977) 6-cı maddəsinin ləğvi oldu. Bu maddə Sovet İttifaqı daxilində Kommunist Partiyasının üstünlüyünü, sistemin indiyədək danışılmamış, lakin hərtərəfli hökmranlığını açıq şəkildə təsbit edirdi.
Hakimiyyət SSRİ-də artan etiraz və mitinqlərlə mübarizə aparmaq üçün OMON çevik polis bölmələrini yaratdı. Bütün bunlar 1991-ci ilin yanvarında Moskvada Qorbaçovun və onun administrasiyasının fəaliyyətini pisləyən geniş nümayişlə nəticələndi. Litvada, Tbilisidə, Bakıda və Tacikistanda keçirilən nümayişlər yatırımış, çox sayda etirazçı həlak olmuşdur.[48][49]