Sabir Əlim Xəliloğlu (tam adı: Sabir Xəlil oğlu Əliyev; 15 may 1935[1], Qaracalar, Gürcüstan SSR, ZSFSR, SSRİ – 14 may 2007[1], Tbilisi) — şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.
Sabir Əlim Xəliloğlu | |
---|---|
Sabir Xəlil oğlu Əliyev | |
Doğum adı | Sabir Xəlil oğlu Əliyev |
Təxəllüsü | Sabir Əlim Xəliloğlu |
Doğum tarixi | 15 may 1935[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 may 2007[1] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | ədəbiyyatşünas, universitet müəllimi[d], şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Sabir Əlim Xəliloğlu Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Sabir Xəlil oğlu Əliyev 1935-ci il mayın 15-də Gürcüstanın Qarayazı rayonunun (indiki Qardabani bələdiyyəsi) Qaracalar kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsinə daxil olub. 1960-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1961–1962-ci illərdə ikinci dəfə ADU-nun şərqşünaslıq fəkültəsində təhsil alıb, oranın ərəb tərcüməçiliyi şöbəsini də fərqlənmə diplomu ilə bitirib. 7 ildən artıq (1960-cı ilin sentyabrından 1967-ci ilin dekabrına kimi) Azərbaycan SSR Elmələr Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi olub. 1966-cı ildə "Klassik Azərbaycan şeirinin şəkilləri" mövzusunda namizədlik,[2] 1990-cı ildə isə "Füzulinin ədəbi-nəzəri görüşləri" mövzusunda doktorluq dissertasiyası[3] müdafiə edib.
1967-ci ildən ömrünün axırına kimi Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda (daha sonra Universitet) işləyib, Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub. 2007-ci il mayın 14-də dünyasını dəyişib.[4][5][6] Doğma kəndi Qaracalarda dəfn olunub.
Sabir Xəliloğlu ömrünün dünya ilə haqq-hesab çəkdiyi, elmlə məşğul olduğu dövrünü Azərbaycan-türk şeirinin tacidarı, dahi şairimiz Füzulinin tədqiqinə həsr edib. Məhəmməd Füzulinin yaradıcılığını tədqiq edənlərin, eləcə də onunla maraqlananların qeyd etdiyinə görə, Füzuli yaradıcılığının bütöv poetik sistem kimi tədqiqi görkəmli yazıçı və tədqiqatçı Mir Cəlaldan sonra füzulişünas Sabir Əliyevin adı ilə bağlıdır.[4] "Füzulinin poetikası" (Bakı, 1986) əsərinə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Talıbzadə yüksək rəy vermişdir. Görkəmli füzulişünas, mərhum Sabir Əliyevin "Füzuli ədəbi estetikası" (Bakı, 2004) monoqrafiyasına nəzər yetirirən filologiya elmləri doktoru Vaqif Yusifli bildirir ki, "iki fəsildən ibarət olan bu monoqrafiyanın təkcə yarımbaşlıqlarının adlarını xatırlamaq kifayətdir ki, Füzulinin elmi-nəzəri fikirlərinin, bu gün üçün də əhəmiyyətli olan tənqidi mülahizələrinin "nəhəng fikir buketi" ilə tanış olaq. Fikrimizcə, Azərbaycan füzulişünaslığında bu mövzu tam və sistemli şəkildə məhz Sabir müəllimin həmin tədqiqatında öz dolğun ifadəsini tapıb."[7]
Sabir Xəliloğlu Füzulini bildiyi qədər Qazi Bürhanəddini, Nəsimini, Həbibini, Xətaini, Seyid Əzim Şirvanini, Nəbatini, Zakiri, Sabiri də gözəl bilirdi.[8] Elmi işlə yanaşı şeirlər də yazıb. Şeir yaradıcılığına 1949-cu ildən başlayıb. Sabir Xəliloğlunun şifahi xalq ədəbiyyatının ən çətin növlərindən olan gəraylısı, təcnisi, iki başlı təcnisi, divanisi, farsca qəzəli də vardır.[4][5][6]