Solsberi kafedralı

Müqəddəs Bakirə Məryəm kafedralı (ing. Cathedral of the Blessed Virgin Mary) — Viltşir qraflığının cənubundakı Solsberi şəhərində yerləşən anqlikan kilsəsi və eyniadlı yeparxiyanın yepiskop iqamətgahıdır[2]. Kafedral Müqəddəs Bakirə Məryəmin şərəfinə təqdis olunduğu üçün onu həmçinin qeyri-formal olaraq "Məryəm kafedralı" (ing. St. Mary’s Cathedral) da adlandırırlar. Kafedral yeparxiyasının tabeliyində olan torpaq sahəsi Dorset ilə Uayltşirin kifayət qədər geniş ərazisini əhatə edir, kafedrala həmçinin çoxsaylı drenaj və suaşıran sahələr də məxsusdur, prixod mənsublarının ümumi sayı isə 750 000 nəfərə yaxındır[3].

Müqəddəs Məryəm kafedral kilsəsi
ing. The Cathedral Church of St Mary
Xəritə
51°03′54″ şm. e. 1°47′53″ q. u.
Ölkə İngiltərə İngiltərə
Uayltşir (seremonial qraflıq)
Şəhər Solsberi
Yerləşir Solsberi[1]
Aidiyyatı Anqlikan kilsəsi
Memar yepiskop Riçard Pur və memar Daremli Elias (Eliaş)
Sifarişçi İngiltərə kralı III Henri
Tikilmə tarixi 1220-1380
Üslubu ingilis qotikası
Hündürlüyü 123 m
Uzunluğu
  • 134,7 m
Material Əhəng daşı
Rəsmi sayt salisburycathedral.org.uk
Solsberi kafedralı (Böyük Britaniya)
Solsberi kafedralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kafedral çox qısa bir zaman içərisində, daha doğrusu cəmi 38 ilə inşa edildiyi üçün Early English adlanan erkən ingilis qotika üslubunun ən təmiz və zamanla digər üslubların təsirinə uğramayan yeganə dini tikili nümunələrindən biri hesab edilir. Tez bir zaman çərçivəsində inşaat işlərinin tamamlanması üçün həlledici amillərdən birisi, geniş və azad torpaq sahəsinin mövcudluğu və kral III Henrinin külli maliyyə dəstəyi idi.

XIV əsrin başlanğıcında bitkin şəklə salınmış olan kafedral kilsəsinin 123 metr hündürlüyə malik mərkəzi xaçvari zəng qülləsi Böyük Britaniyanın ən hündür kilsə nöqtələrindən biri hesab edilir. Həmin qüllə, sakral tikilini KenterberiLinkoln kafedralları, eləcə də Vestminster abbatlığı ilə yanaşı bütövlükdə Orta əsr kilsə inşaatçılığının ən mühüm eksponentlərindən və ingilis qotikasının əsas quruluşlarından birinə çevirir[4][5].

Əvvəlki kilsə

[redaktə | mənbəni redaktə et]
Kafedralın qərb fasadında 1220-ci ildən etibarən kafedralın inşasına nəzarət etmiş yepiskop Riçard Purun heykəli. Yepiskop əlində kafedralın modelini tutur.

İngiltərə torpaqlarının normand qoşunları tərəfindən istila edilməsindən sonra, kral Fateh I Vilhelm tərəfindən 1066-cı ildə imzalanan göstərişinə uyğun olaraq, hakim şəxslərə məxsus bütün ingilis iqamətgahları, eləcə də yepiskopluq mərkəzləri istehkamlı mühafizə ərazilərinə köçürülməli idi. Beləliklə Şerborn yeparxiyasının yepiskopluq mərkəzi 1072–1075-ci illər arasında Köhnə Sarum adlanan yaşayış məntəqəsinə köçürülür və yeni ərazidə Motti-beyli ilə birlikdə yeni kafedralın əsası qoyulur (Mott və beyli — çəpərlə ətrafına çəkilmiş həyəti özündə təşkil edən erkən Orta əsr qalasının xüsusi tipidir. Onun içərisində və ya bilavasitə yaxınlığında adətən donjon adlanan baş qalailə tamamlanmış hündür təpə yerləşir. Şerborn yeparxiyasının adı daha sonralar Solsberi diosezi şəklində dəyişdirilmişdir. Əslən Köhnə Sarumdan olan normand yepiskopu Osmundun üzrərinə kral Vilhelm tərəfindən olduqca məsuliyyətli məsələ qoyulmuşdur; o, "Qorxunc məhkəmə" adlı kitabı tərtib etməli idi (1085–1086-cı illər arasında tərtib edilmiş olan bu kitab, Orta əsr Avropasının ilk ümumi torpaq siyahıyaalınmasının məcəllə külliyyatı idi). 1107-ci ildən başlayaraq, düz 1139-cu ilə kimi yepiskopluq fəaliyyətini icra etmiş, daha sonralar isə İngiltərə lorkansleri və baş xəzinədarı vəzifələrinə təyin edilən Rocer Le Poerin sifarişi ilə 1120/25-ci illər arasında Köhnə Sarum kafedralının genişmiqyaslı rekonstruksiya işləri yerinə yetirilmişdir[5].

Həmin roman (həmçinin normand) üslublu kilsə binasının üçaşırımlı transepti, həmçinin 3 ədəd nefi və fligeri vardı. Kafedral qərb tərəfdən ikiqülləli fasada, şərq tərəfdən bir qədər uzadılmış olan xor evi və düzbucaqlı kapellalara, şimal tərəfdən üstüörtülü qalereyalara, "reflektorium" adlandırılan monastır yeməkxanasına və həmçinin portallı cənub vestibülünə malik idi. Bundan başqa şimal tərəfdəki köndələn binada monastırın baş xəzinə və saxlanc yeri yerləşirdi. Kafedralın şərq qanadı daxilə doğru yarımdairəvi, xaricə doğru isə düzvə aksial divarlarla əhatələnən kapella tikililəri ilə tamamlanmışdır[6]. Bundan başqa, ilkin kafedralın kapitel başlıqları, eləcə də heyvani qrimaslar ilə bəzədilmiş olan müxtəlif ornametlər günümüzdə Solsberi şəhərinin bələdiyyə idarəsinə məxsus "Kral evi" muzeyində sərgilənir; bununla belə bu eksponatların bir qismi həmçinin kafedral məhəlləsinin həyətində (ziyarətçilərə giriş bağlıdır) və üstüörtülü qalereyada da yerləşdirilmişdir[5].

Kafedralın genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işlərinin uğurlu olmasına baxmayaraq, kafedrala məxsus boş ərazilərin sahəsi tədricən azalır və Köhnə Sarumun qonaqsevməz yüksək təpələrinə daha da yaxınlaşırdı. Kafedralın genişlənərək, təpələrə doğru bilavasitə yaxınlaşması nəticəsində, ruhani icması ilə kral qəsrinin heyəti arasında olan münasibətlər gərginləşməyə başlayır. Münaqişənin baş verməsinə başlıca səbəb olaraq, təpə ərazisində olan su ehtiyatlarının artıq iki icma tərəfindən istifadəsi və onun kəskin şəkildə azalması göstərilir. Vəziyyətin stabilləşməsi üçün əsasən böyük mehtərlərə toplanaraq, çarvadarların köməyi qəsrə daşınılan su ehtiyatları müqabilində, zəngin lordlar kompensasiya kimi monastıra xüsusi vergi ödəməyə razılaşırlar. Bunun mənfi tərəfi isə, suyun artıq bir qədər əlçatmaz olması idi; belə ki, suya imkanı olan insanların sayı (suyu həmçinin yerli sakinlər də əldə etməyə çalışırdılar) kəskin şəkildə məhdud idi və qəsrə giriş ancaq yazılı icazə əsasında mümkün idi.

Yerli lordlarla mübarizədən yorulan Sarum yepiskopu Herbert Pur, 1194 və 1217-ci illər arasında kafedralın yeni əraziyə köçürülməsi barəsində layihələr hazırlamağa başlayır. 1217-ci ildə onun vəfatından sonra, qardaşı Riçar Pur (1217–1228) yepiskopluğun idarə edilməsi vəzifəsini öz üzərinə götürməyi qərara aldı. O, gənc yaşlarında Paris şəhərinin Sorbonna Universitetində Stiven Lenqtonun rəhbərliyi altında mükəmməl ilahiyyat fənnini mənimsəmiş və daha sonralar öz müəlliminin ən etibarlı silahdaşına çevrilmişdir. Lenqtonun özü geniş şəkildə hələ 1215-ci ildə Magna Carta adlı sənədin tərtibatına cəlb edilmişdir (bəzi tədqiqatçılar qeyd edirlər ki, Vilhelm Fatehin İngiltərəni işğalından sonra məhz bu Xartiyanın qəbulu prosesində İngiltərə özünü vahid şəkildə göstərdi. Xartiyada ilk dəfə olaraq əhali normandiyalılara və yerlilərə bölünməyərək vahid xalq — ingilislər kimi göstərilməyə başladı. İngiltərə qanunları hamıya şamil edilirdi). Magna Carta sənədinin dörd salamat qalmış orijinal vərəqlərindən birisi bir neçə onilliklər ərzində kilsədə saxlanılırdı. Riçard Pur kafedrala rəhbərlik etdiyi dövrdə kapitul üzvləri olmuş kanoniklər barəsində Roma Papası III Honoriyə şikayət məktubu yazmış və ondan, kafedralın su ilə dolu düzənliyə daşınılmasına dair icəzə verməsini xahiş edirdi. Roma Papasının yazılı icazəsindən bir ildən sonra, şəhər şurası Eyvon çayının (de) sahilində inşaat üçün yeni torpaq sahəsini seçir[5].

Yeni kafedralın tarixi

[redaktə | mənbəni redaktə et]
XVII əsr çex rəssamı Vatslav Hollar tərəfindən çəkilmiş qravürdə Solsberi kafedralı təsvir edilib.

İngiltərənin bir çox kafedral kilsələri kimi, Solsberi kafedralının tarixi də öz kökləri ilə normand dövrünə aid edilirdi, lakin o, roman üslubunda inşa edilmiş ilkin dini tikilinin üzərində yenidənqurma işlərinin köməkliyi ilə təkrarən ucaldılmamışdır, o, bunun əksinə olaraq Yeni Sarum adlandırılan mənzərəli əraziyə köçürülmüşdür (XVI əsrdən etibarən bura özünün müasir Solsberi adını əldə etmişdir). Qotik üslublu digər kafedrallardan fərqli olaraq, Solsberi kafedralı belə demək mümkün olarsa, sıfırdan boş və kimsəsiz bir yaşıl çəmənlik sahəsində öncədən planlaşdırılmış ahəngdar layihə əsasında inşa edilmişdir. Yeni kafedralın inşası 1220-ci ildə başlanmışdır; həmin iin aprel ayının 28-də binanın təntənəli təməlqoyma mərasimi baş tutmuşdur[7]. Kafedralın tikintisi ilə paralel olaraq geniş və hər tərəfdən çəpərlənmiş xüsusi ruhani ərazi yaradılmışdır (bu cür ərazilərin yaradılması, o dövrün ingilis kafedralları üçün olduqca xas idi).

Qrunt sularının yüksək səviyyəsinə görə, yeni kafedralın dörd futa (təxminən 1,30 metrə) bərabər olan qalın bünövrəsi torpaqda dərinləşdirmə metodu ilə möhkəmləndirilmişdir. Artıq 1225-ci ildə Müqəddəs Üçlük kapellasında yerləşdirilmiş üç altarın bəzədilmə işləri tamamlanmış və ruhani şəxslər tərəfindən müqəddəsləşdirilmişdir. Möhtəşəm təqdisetmə mərasiminə öncədən dəvət olunmuş Kenterberi və Dublin arxiyepiskopları, eləcə də İngiltərənin məşhur ilahiyyatçı alimi və siyasətçisi Stefan Lenqton və o dövrün sözükeçər salnaməçilərindən biri olmuş Anri de Lundr da təşrif buyurmuşdular[8].

Qısa müddət sonra kafedralı kral III Henri ziyarət edir və onun möhtəşəmliyindən valeh olan hökmdar Yeni Sarum qəsəbəsinin statusunu "bazar şəhərinə" kimi yüksəldir. 1226-cı ildə kafedralın kapellasında ingilis sərkərdəsi, fransız mənşəli Plantagenetlər sülaləsinin ən məşhur nümayəndəsi olmuş kral II Henrixin kəbinsiz oğulu Uilyam Lonqspe dəfn edilmişdir. Qraf Uilyamın məqbərəsi hələ 1791-ci ildə identifikasiya edilmişdir. Həmçinin onun kəlləsinin daxilində aşkar edilmiş və olduqca yaxşı saxlanılmış siçovul cəsədinin üzərində çox aydın şəkildə arsen preparatının izləri müəyyən edilmişdir. Bu cür tapıntı, tarixçilərə qrafın zəhərləndirilərək öldürülməsi barəsində ehtimal irəli sürmələrinə imkan yaratdı. Siçovul hal-hazırda Solsberi kafedralında saxlanılır və muzey eksponatı kimi ziyarətçilərə göstərilir. Kafedralın daxilində ən birinci dəfn olunmuş qrafın məzarüstü uzanan fiquru ümumiyyətlə kafedralda quraşdırılmış ilk daş heykəl sayılır və tam ibadət libasında olan cəngavəri təsvir edir. Onun ardınca burada daha üç xələf yepiskopların da dəfnetmə məarisimi icra edilmişdir. 1228-ci ildə Riçard Pur İngiltərənin şimal-şərqində yerləşən Darem şəhərinə köçməyə qərara alır, lakin onun yoxluğu dövründə tikinti işləri dayandırılmırdı və Bingemdən dəvət edilmiş yepiskop Robertin təhbərliyi altında uğurla yerinə yetirilirdi. Məhz bu yepiskopun dövründə kafedralın orijinal görkəmə malik xor otaqları yaradılmışdır. Ustalar həmin dövrdə altarın üzərindəki damı tamamlayırlar, qərb transeptinin səthini qurğuşunlu boyalarla örtür və pəncərələrə rəngarəng şüşələrlə bəzəyirlər. 1240-cı illərdə nefin inşası nəhayət tamamlanmışdır[5].

Kafedralın qərb fasadının ümumi görünüşü
Kafedralın daxili həyəti

1256-cı ildə baş yepiskop Braydportlu Cayls kafedralın taleyini öz əllərinə götürdü. İki il sonra, daha doğrusu 1258-ci ildə kafedralın tikintisi demək olar ki, tamamlanmışdır və kral III Henrinin iştirakı ilə təqdis edilmişdir. O, həmçinin kafedralı Yeni Sarum yepiskopluq mərkəzinin tabeliyinə verilməsi barəsində fərman imzalayır. Buna baxmayaraq, kafedral üzərində bəzək və tərtibat işləri davam edirdi. Beləliklə, XIV əsrin yazılı salnamələrinə əsasən, kafedralın 1266-cı ildə tamamlandığı ehtimal etmək olar. Ondan bir il öncə isə, qərb fasadının tərtibat işlərinə nəhayət son qoyulmuşdur. Böyük monastırın inşası 1270–1310-cu illər arasında, qapalı tikililərin və ayrıca yerləşən kapitul binasının yaradılması isə 1280-ci ilə kimi davam etmişdir. Ümumilikdə kafedral binası qeyri-adi qısa müddət ərzində inşa edilmişdir.

Orta əsrlərdə ruhanilər tərəfindən istifadə edilən kilsə binasının şərq hissəsi transeptin köməyi ilə hündür qərb köndələn binasından ayrılmışdır.

Həmin dövrdə əlavə olaraq həmçinin retrospektiv baxımdan olduqca əhəmiyyətli olan mərkəzi zəng qülləsi inşa edilmiş və möhtəşəm hündür şpil ilə bəzədilmişdir; qüllə üzərində inşaat işləri 1310-cu ildə başlamış və 1333-cü ildə tamamlanmışdır. Bənnalar tərəfindən qüllə üzərində aparılmış işlər ədəbiyyat üzrə Nobel mükafatının laureatı olmuş yazıçı Vilyam Qoldinqin "The Spire" (ingilis dilindən tərcümədə "Kafedral qülləsi") adlı romanında ətraflı şəkildə izah olunmuşdur. O dövrdə yaşamış və fəaliyyət göstərmiş memarların inşaat statik bilikləri olduqca zəif olduğu üçün qotika memarlığı "cəhdlər və səhvlər" prinsipinə əsaslanan və illər boyunca sınaqdan keçirlimiş təcrübələrə əsaslanırdı, ancaq 6500 ton ağırlığa malik olan zəng qülləsi daşıyıcı konstruksiya üçün çox ağır idi. Başqa zəng qüllələrinin qarşılaşdığı acı təcrübənin təkrarlanmaması üçün (məsələn, elə həmin illərdə Linkoln şəhərində tələsik şəkildə inşa edilmiş kafedral qülləsi 1085-ci ildə baş vermiş zəlzələ zamanı yıxılmışdır), memar və riyaziyyatçı alim Kristofer Renin rəhbərliyi ilə 1668-ci ildə aparılan inspeksiya işləri çərçivəsində daşıyıcı konstruksiyanın stabilləşdirilməsi istiqamətində müvafiq bərkitmə işlərinin aparılmasına dair qərar qəbul edilmişdir. Ortaxaçlıq sahəsində tikilmiş kontrforslar, eləcə də polad armatur lentləri ilə bərkitmə işlərinin düzgün icrası yaranmış problemin məqsədəuyğun həlli idi.

1457-ci ildə Roma Papası III Kalikst tərəfindən Solsberi yepiskopu Osmundun kanonizasiyası həyata keçirilmişdir və o, tezliklə "Osmundo" adı ilə katolik dünyasının yüksək ehtiramlı müqəddəs şəxslərindən birisinə çevrilir.

Binanın tarixi xronologiyası
Tarix Hadisə
28 aprel 1220 Yepiskop Riçard Pur kafedral binasının təməl daşını qoyur; inşaa işlərində iştirak edən ilk memar İlili Nikolaus (1247-ci ilə qədər),
inşaat işlərinə nəzarət edən şəxs isə Daremli Elias idi (1247-ci ilə qədər)
1225 Kafedralın şərqində yerləşən Trinity Chapel (yəni Müqəddəs Üçlük[9]) kapellasında üç möhtəşəm altarın inşası başa çatmışdır
1228 Yepiskop Robert Bingem öz vəzifəsinin icrasına başlayır
1234–1236 Xor otaqları və şərqi köndələn binanın inşaat işləri tamamlanmışdır;
bundan az müddət sonra isə, xor odalarındakı skamyaların, eləcə də qərbi köndələn fligelin tikintisinə başlanılmışdır
1245–1250 Nef hissəsinin tikintisi tam şəkildə başa çatdırılmışdır
1247 Yepiskop Vilhelm de York öz vəzifəsinin icrasına başlayır, inşaat işlərində rəhbərlik və nazərət öhdəliyi isə Yorklu Nikolausun üzərinə qoyulur
1256 Yepiskop Braydportlu Cayls öz vəzifəsinin icrasına başlayır
1258 İngiltərə kralı III Henrinin birbaşa iştirakı ilə kafedralın möhtəşəm təqdis etmə mərasimi icra olunmuşdur;
mərasimdən bir qədər sonra isə nefin üzərindəki qübbələrin inşasına başlanılmışdır
1266 Kafedralın tamamlanması
1280 Kapitul binalarının inşaat işlərinin başa çatdırılması
təxm. 1310 Monastır kompleksi üzərində aparılan tikinti işlərinin tamamlanması
XIV yüzilliyin başlanğıcı Kafedralın ortaxaçlığı üzərində ucalan zəng qülləsinin tamamlanması
1320-ci illər Ortaxaçlı qüllənin dəmir halqalar və arkbutanlarla bəzədilmiş toroidlərlə bərkitmə işləri həyata keçirilmişdir; şərqi transeptdə yerləşən ikinci ortaxaçlıq qayçıvari tağlarla armaturlaşdırılmışdır.
1415 Kafedralın qərb fasadı xüsusi kontrforsların köməyi ilə möhkəmləndirilmişdir
1479 Mərkəzi günbəzin tamamlanması

Restavrasiya və rekonstruksiya

[redaktə | mənbəni redaktə et]

Kafedral XV–XVI əsrlərdə katolik kilsəsinə qarşı başlanan və daha sonralar Reformasiya kimi tanınan dini etirazlar, həmçinin XVII əsrdə baş vermiş ingilis vətəndaş müharibəsi illərində kiçik dağıntılara məruz qalmışdır. Dağıntılar gözü görünməyən səviyyədə olmalarına baxmayaraq, bu iki hadisə düz iki yül boyunca davam edən (XVIII əsrin sonlarından — XIX əsrə kimi) aramsız restavrasiya və yeidənqurma işlərinin aktivləşdirilməsinə təkan yaratmışdır. Baş yepiskop Şut Barrinqtonun dövründə memar Ceyms Uayyet tərəfindən 1789 və 1792-ci illər arasında yerinə yetirilmiş rekonstruktiv müdaxilələr kafedralın orijinal vahidliyinə xüsusi dramatik effektə malik idi. Uayyet pivəxana kimi fəaliyyət göstərən və əsas kafedraldan müstəqil şəkildə yerləşən hündür qülləni sökür və bu sahədə kənarları kiçik çay daşları ilə döşənmiş və ümumi görkəm baxımından otluq çəməni xatırladan landşaft yaratmışdır. Beləliklə Solsberi kafedralı, İliNorviçdəki dini mərkəzlərdə olduğu kimi, melodik zənglərin səsləndirilməsi üçün nəzərdə tutulan qüllədən məhrum olmuşdur.

Solsberi kafedralının şimal transepti

Kafedralın daxilində Uayyet Orta əsr dövrünə aid edilən lektorini Müqəddəs Üçlük kapellasının şərqində neoqotik tərzli hündür altar ilə əvəz edir. Həmçinin Müqəddəs Üçlük kapellasını əhatə edən və XV əsrə aid edilən perpendikulyar üslublu iki kapella həmin yenidənqurma işləri çərçivəsində sökülmüşdülər. Bundan əlavə, Uayyetin sifarişi ilə şərq fligelində yerləşən pəncərələrin bir çoxu XVIII əsrin məşhur ingilis rəssamı Coşua Reynolds tərəfindən "İsa Məsihin dirilməsi" mövzusunda rəngarəng vitrajlarla bəzədilmişdir. 1980-ci ildə şərq rozetta pəncərəsinə yeni obraz əlavə edilir: Fransanın Şartr şəhərindən xüsusi olaraq dəvət olunmuş Qabriel Luar, Mürrüvət məhbusları mövzusunda bəhs edən yeni obrazlar ilə pəncərənin ümumi görününşünü bitkin şəklə salmağa müvəffəq olur[3]. Başlanğıcda xor odalarının birində yerləşdirilmiş olan məzarüstü abidə də Uayyet tərəfindən çarx topundakı sütunların arasında olan skamya pyedestalının üzərinə köçürülmüşdür. Həmin məzarüstü abidələrdən birisi XVII əsrdə yaşamış ser Riçard Monpesson və onun həyat yoldaşı Ketrinə həsr edilmişdir. Onlarin ilkin rəng çalarları 1964-cü ildə təkrarən dirçəldilmişdir. Transeptin cənub-qərb hissəsinə doğru yerdəyişməyə məruz qalmış lakin dağıdılmamış daha bir məzarüstü abidə isə, uzun illər boyunca hərbi və dövlət xadimçiliyi vəzifələrini icra etmiş və kral Conun ögey qardaşı olmuş Uilyam Lonqspeyə məxsus idi. Yazılı salnamələrdə deyilidiyi kimi, məhz o, Böyük Azadlıqlar Xartiyasının tərtib edilməsi və hətta yeni kafedralın təməl daşının qoyulması zamanı şəxsən iştirak etmişdir. Uilyam Lonqspe yerli sakinlər tərəfindən əziz tutulan bu kafedralda ilk dəfn edilən şəxs olur[3].

İkinci böyük restavrasiya işləri Corc Gilbert Skott tərəfindən 1863–1878-ci illər arasında yerinə yetirilmişdir. Həmin restavrasiya işləri çərçivəsində, əsas altar öz əvvəlki pozisiyasında bərpa edilmiş və yuxarıya doğru ucalan, eləcə də massiv ölçülərə malik olan ispan tərzli "retablo" ilə bəzədilmişdir (retablo — altarın arxasında yerləşdirilən və tavana kimi yüksələn olduqca gəliz kompozisiyalı obraz külliyyatıdır). 1984-cü ildə altarın mərkəzinə xatirə qismində Köhnə Sarum kafedralından arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş qədim təməl daşı quraşdırılmışdır. Əsas altardan bir qədər yuxarı səviyyədə yerləşdirilmiş emaletmə texnologiyası ilə hazırlanmış pəncərənin şəffaf şüşələri üzərində Musa peyğəmbər mis ilanla təsvir edilmişdir[3].

Uayyet tərəfindən bir vaxtlar yaradılmış lektorium daha sonralar açıq tərzdə quraşdırılmış metal konstruksiyanın bir qədər kobud görkəmini "incəltməyə" qadir idi. Orta əsr pəncərələrinin qalıqları birləşdirilərək, neoqotik dövrün tələblərinə uyğun şəkildə təkrarən tərtib edilmişdir. Qazla çalışan işıqlandırma və isitmə sistemləri, həmçinin böyük orqan Liverpul şəhərinin məşhur Henry Willis & Sons Ltd. şirkəti tərəfindən 1877-ci ildə hazırlanmışdır. Bununla belə, Skottun geniş çalışmaları əsasən kafedralın xarici görkəminə yönəldilmişdir; o böyük kütləyə malik ağır daşların stabil şəkildə zəlzələlərə dayanıqlı qalmaları üçün çoxsaylı kontrforslardan istifadə etmiş və onları arkbutanlar ilə taclamışdır. Solsberi də olduğu kimi, İngiltərənin digər kafedralları da XIX əsrin özü ilə gətirdiyi amansız bərpaetmə və yenidənqurma kampaniyalarından xilas ola bilməmişdilər.

Neoqotika üslubuna İngiltərə sənəşünasları həmişə neqativ yanaşırdılar və həmin üsluba artan nifrət səbəbindən kafedral 1959/1960-cı illərdə daha bir rekonstruksiya işlərinə məruz qalır (həmin rekonstruksiya işləri özündə orijinal detalların geri qaytarılmasını nəzərdə tuturdu). Bu işlər çərçivəsində Skottun yaratdığı altar retablosu, eləcə də qazla işləyən lampalar demontaj edilmişdir. Həmin illərdə hətta viktorian dövrünə aid edilən döşəmə və sadə pəncərə şüşələri belə sökülərək, orijinala yaxın elementlər ilə əvəz edilmişdir. 2000-ci ilə kimi davam edən sonuncu bərpa işləri əsasən qərb fasadının ən möhtəşəm tikilisi olan hündür qülləni əhatə edirdi.

Binanın birinci mərtəbəsinin ümumi planı

[redaktə | mənbəni redaktə et]
Kafedralın planı

İngiltərədə formalaşmış olan qotika memarlığı və onun incilərindən biri hesab edilən Solsberi kafedralı ilə həmin dövrdə Fransada inşa edilmiş digər qotik kilsələr, xüsusilə də Amyen kafedralı arasında olan kəskin fərqi və ziddiyyətləri açıq şəkildə müşahidə etmək olar (İngiltərədə inşa olunmuş qotik kilsələrin sanki səmaya doğru yüksələn şpilləri, eləcə də daha "yüngül" eksteryerləri, bir tərəfdən massiv və ağır, başqa tərəfdən isə daha simmetrik fasada malik fransız kilsələrindən çox fərqli idi). Solsberi kafedralının birinci mərtəbəsinin baş planı üçün olduqca səciyyəvi olan iki transeptli və üç nefli erkən ingilis qalereyalı bazilikalardan ibarətdir; bu sahə həmçinin sənətşünaslar tərəfindən bəzən qoşa transeptli mərtəbə planı olaraq da adlandırılır. Bundan başqa, Solsberi kafedralının inşaat tarixinə aid edilən dövr üçün daha bir gözəçarpan xüsusiyyətlərdən birisi, düzbucaqlı planın daha çox tətbiq olunması, kontrfors sisteminin açıq şəkildə istifadəsindən imtina edilməsi, eləcə də Mur épais adlanan qalın divarların geniş tətbiqi ilə yadda qalmışdır. Fransanın qotik kafedralları üçün tipik olan kapella sistemi burada tətbiq olunmamışdır; ingilis memarlıq "ruhuna" daha ahəngdar şəkildə uyğun gəlməsi üçün kapellalar köndələn binaların yanına doğru uzanan neflərin köməyi ilə qurulurdular[4]. Hələ 1985-ci ildə kafedral müdiriyyətinin tapşırığı ilə, bəzən Sübh kapellası olaraq da adlandırılan künc tikilinin şimal-şərq hissəsində fırlanan prizma attraksionu quraşdırılmış və rəssam Lourens Raystlerin müəllif olduğu nəqqaşlıq ornamentləri ilə bəzədilmişdir[3].

İntibah dövrlərində kafedralın şimalında, daha doğrusu əsas altarın yaxınlığında 1502–1524-cü illər arasında kafedralın yepiskopu olmuş Edmund Odliyə ithaf edilən gözəl Votiv kapella tikilmişdir (Votiv — hər hansı bir and üzrə Tanrıya gətirilən hədiyyələrin ümumi adıdır). Lakin Reformasiya dövründə həmin kapellanın daxilindəki taxçalara yerləşdirilmiş bir çox qədim heykəltəraşlıq nümunəsi məhv edilmişdir[3].

Kafedralın planı qərb tərəfdən bir qədər yastılanmış və yayğın köndələn bina fligellərinə bölünür. Kəsişmənin bu nöqtəsi mərkəzi qüllə ilə daha da vurğulanır. Buradan bir qədər şərqdə isə daha kiçik ölçülərə malik olan ikinci transept yerləşir. Onun arxasında alçaq kapella, perpendikulyar şəkildə olan xor dövrələməsi, eləcə də hündür xor tikilisindən ibarət və müxtəlif hündürlüyə malik olan çıxıntılı və pilləli tikili əlavələri bir qədər assimetrik tərzdə yerləşdirilmişdir[4].

Başlanğıcda kafedraldan şimalda italyan inşaatçılıq üslubiyyatına xas olan kampanila (yəni melodik zənglərin quraşdırıldığı qüllə) yerləşirdi. Bundan başqa, həmin illərdə monastır kompleksinin cənubunda üstüörtülü qalereya və üzərində poliqonal tərzdə ucaldılmış "Kanoniklərin evi" inşa edilmişdir. Bu cür çoxkünclü və ya hətta dairəvi plana malik tikililər ingilis qotikası üçün olduqca səciyyəvi idi[4].

Solsberi kafedralının daxilində yerləşən nef hissəsinin ümumi uzunluğu 134,7 metrə, eni isə 23,4 metrə bərabərdir. Həmçinin qərb fligelindəki transeptin ümumi eni 62 metr təşkil olunur. Mərkəzi günbəzin hündürlüyü 25,5 metrdir. Kafedralda təxminən 1900 ibadət yeri mövcuddur ki, bunların demək olar hamısı prixod mənsubları olan insanlar üçün nəzərdə tutulmuşdur. Toplam olaraq kafedralda müxtəlif kapitelli 8760 sütun quraşdırılmışdır və onlar bir ilin hər bir saatını simvolizə edirlər. Digər kafedrallara nisbətən, Solsberinin tərtibatı zamanı, əsasən Dorset qraflığında hasil edilən "parbek" mərmərindən daha çox istifadə edilmişdir. Kafedraldakı pəncərələrin sayı da özündə simvolik mənanı ehtiva edir; ümumi sayı 365 olan pəncərələr ilin hər bir gününü rəmzləşdirir. Onlar müxtəlif dövrlərə aid edilən rəngarəng vitrajlarla təchiz edilmişdirlər[4][10].

Kafedralın şimal-şərq fasadı
Qərb fasadını bəzəyən qarqulilərdən biri

Mərkəzxaçlı fənər ilə bəzədilmiş böyük köndələn binanın bir qədər şimala doğru uzadılmış, mərkəzi hissəsində isə geniş vestibülü olan nef qanadı ilə kiçik ölçülərə malik olan transeptlərin hüdürlüyü demək olar ki, bərabərdir. Düzbucaqlı qradasiyalara malik olan bütün tikili elementləri, kontrforsların arasındakı şişbucaqlı pəncərələrin cərgə ardıcıllığına uyğun şəkildə yerləşdirilmişdirlər. Künc neflərin keçidlərində və kapellalarda hər xomut üzərində ucu oxa bənzəyən qotik pəcərə quraşdırılmışdır. Bunun əksinə olaraq isə, kafedralın klerestori hissəsinin (ona bəzən "zenit fənər" və yaxud pəncərələrin yuxarı sırası da deyirlər) ingiltərə qotikası üçün olduqca tipik olan üç tağ çıxıntılarına sahib olduğu göz qabağındadır. Bundan başqa, şərq qanadının fasadı və köndələn traversaların səthi daha differsial şəkildə tərtib edilmişdir (Traversa — daşıyıcı konstruksiyanın başlıca elementi sayılır: belə ki, o, şaquli dayaqlara söykənən və ya asılmış olan üfüqi tirdir). Müqəddəs Üçlük kapellasının şərq fasadı lansetə bənzəyən üç pəncərə (Lanset — üstü iti bir kəmərbəndlə bitən nazik uzunsov pəncərələrə verilən ümumi addır. Qarğı ucuna bənzədiyi üçün "lanset" adını almışdır (alm. Lanzette - qarğı‎). Erkən ingilis qotik (XIII yüzillik) memarlığının səciyyəvi xüsusiyyətlərindən biridir), həmçinin həmin pəncərələrə bərabər miqyasda hazırlanmış olan flanklanmış hörgü səthli tağ və frontonlar ilə bəzədilmişdir.

Transept fasadı bir birinin üzərində yerləşdirilmiş pəncərə sırası ilə dörd hissəyə bölünmüşdür. Həmin fasad ilk olaraq həm üç dəst lansetə bənzəyən, həm də perforasiya təqlidini edən dördyarpaq ornamentləri ilə bəzədilmiş əkiz pəncərələrdən ibarətdir. Başqa tərəfdən isə, burada söhbət zərif ajur ornamentli yastı pəncərələrdən gedir. Digər iki ajur ornamentli yastı pəncərələr isə şimal vestibülündə, mərkəzi nefdə və kafedralın əsas girişi üzərində yerləşdirilmişdirlər[4].

Lanset və kotrforsların yüksəliş hərəkəti müxtəlif üfüqi elementlər vasitəsilə bütün kilsə boyunca bərabərləşdirilmişdir. O cümlədən kafedral kürsülüyünün üfüqi profili, köndələn nefin pəncərələri və aşağı kontrforsların ətrafında dolanan lent ornamentləri və heykəltəraşlıq nümunələri ahəngdar tərzdə balanslaşdırılmışdırlar. Yalnız daha gec dövrlərdə ucaldılmış olan kontrforslar və ucubiz şpil dəbilqəsi kafedralın zahiri görünüşünə güclü şaquli aksenti bəxş etdirməyə müvəffəq olmuşdurlar[4].

Kafedral fasadı

[redaktə | mənbəni redaktə et]
Kafedralın qərb fasadında yerləşən əsas portal və heykəllər sıraları

Bəzən "şirma fasadı" olaraq adlandırılan İngiltərənin Orta əsr kafedrallarının qərb hissəsindəki əsas giriş hissələri və fasadları, eyni ilə həmin dövrlərdə Fransada inşa edilmiş qotik kilsələrin qərb fasadlarından kəskin şəkildə fərqlənirdilər (nümunə üçün ReymsAmyen kafedral kilsələrinə bax). Fransa ərazisində o vaxtlar impozant şəkildə gəliz heykəltəraşlıq nümunələri ilə bəzədilmiş simmetrik ikiqülləli baş fasad üslubu yayılmışdır. Fransız kafedrallarından fərqli olaraq, ingilis dini binalarının qərb fasadları sanki gözlənilmədən tamaşaçının qarşısında peyda olurdu. İngiltərə üçün səciyyəvi hesab edilən qotik kilsələrin daha alçaq hündürlüyü olan qülləcikləri ya sərbəst şəkildə, yəni əsas kafedral tikilisindən bir qədər kənarda ucaldılır (Solsberi kafedralı) və yaxud əsas fasad quruluşunun arxasında yerləşdirilirdilər (Piterboro kafedralı). Beləliklə də fasadın üzərində ancaq böyük həcmli günbəzlərin mənzərəsi açılırdı və digər kiçik elementlər bu günbəzləri seyr etməyə maneəçilik törətmirdilər[4].

Gözəçarpan digər xüsusiyyətlərindən birisi də şaquli və üfüqi elementlərin müdrik istifadəsi nəticəsində qərb fasadında formalaşan müvazinət təəssüratıdır. Həmçinin burada üfüqi xətlər üstünlük təşkil edir. Bura kontrforslar ilə yanaşı həmçinin frontonların bir qədər yuxarısında, daha doğrusu müxtəlif müqəddəs himayədarların heykəllərinin yerləşdirildiyi taxça sırası da daxildir. Lakin bu fiqurların əksəriyyəti XIX əsrdə hazırlanmışdırlar. Müqəddəs himayədarlarına məxsus fiqurların arasındakı boş sahə ziqzaq və dördyarpaq tərzli ornamentlərlə doldurulmuşdur. Fasadın üfüqiliyi ancaq nef hissəsindəki frontonlar və künclərdə quraşdırılmış şpil qüllələri ilə qırılır. Portallara gəlincə isə, onların ümumi ölçüləri olduqca kiçik olduğu üçün o dövrün memarları tərəfindən kakedralın kürsülük hissəsində yerləşdirilmişdirlər.

Fransız kafedrallarından fərqli olaraq, Solsberidə həmçinin portal sahəsi çox sadədir və illüstrativ ornamentlərdən məhrumdur (tipik fransız portalı ilkin təəssürat olaraq mərkəzi qapı ətrafında "dəfələrlə təkrarlanan" və ya formal vasitələrlə genişləndirilmiş arxitektur girişi xatırladır). Fransada plastika əsasən təşkiledici memarlıq elementlərinin funksiyasını özündə təşkil edir, lakin Solsberidə bu cür özəllik yatırdılmışdır. Gözə xoşgörümlü olan və kontinental Avropa ölkələrində olduqca sıx istifadə olunan bəzək elementləri burada olduqca lokal və məhdud şəkildə tətbiq edilmişdir (məsələn, tağşəkilli qapı hissəsini haşiyələndirən və divar səthi müstəvisindən tağ qövsünü xüsusiləşdirən arxitrav elementləri, həmçinin həm-hüdud və ya üçbucaq dekorativ qapı girişindəki timpan bəzəkləri burada yaradılmamışdır). Bunda başqa, giriş portallarının ölçüləri normal insanın boyuna və qabaritlərinə uyğun şəkildə yaradılması səbəbindən, girişi vizual olaraq kiçildən ornamentlər və əlavələr zamanla sökülmüşdür. XIX əsrin məşhur ingilis tarixşünas alimi Con Raskin kafedralın həmin kiçik ölçülü giriş portallarına "göyərçin dəlikləri" adını vermişdir.

Kafedralın mərkəzi nefi

Nef geniş olduğu kimi həm də çox hündürdür. Onun çox aydın, strukturlaşdırılmış təyin edilir. Ümumilikdə götürdükdə qeyd etmək olar ki, ingilis kilsələri nisbətən daha alçaq idilər. Solsberi kafedralının mərkəzi nefinin hündürlüyü 25,6 metrdir, Amyen kafedralının nef hündürlüyü isə 43,5 metr. Bundan başqa ingilis memarları sona qədər normand dövrünə aid edilən mur epais, yəni qalın divar sistemini qoruyub saxlayırdılar. Bu o deməkdir ki, onlar müstəsna olaraq möhkəm və güclü divarlar ucaldırdılar və onları zamanla daha kiçik qatlara parçalamaq mümkün idi. Məhz bu iki səbəbə görə də mərkəzi nefin aşağı hüdürlüyə malik arkbutanlı və yaxud ümumiyyətlə arkbutanların və kontrforsların tətbiq edilmədiyi daş günbəzlərin tikintisi imkanı meydana çıxmışdır. Bu metod özündə, daha əvvəlki dövrə aid olan, texniki baxımdan cəsarətli, başgicəlləndirən hündürlük və karkas sisteminə malik fransız qotikası üslubu ilə tam ziddiyyət təşkil edir. Ancaq ingilis qotikasına fransızların tətbiq etdiyi üslubun daha təvazökar versiyası kimi baxmaq qətiyyən olmaz. Göründüyü kimi, ingilis sifarişçiləri kafedral binasının daha möhtəşəm və cəlallı görünməsi məqsədilə, interyerdə mümkün qədər çox tağlardan istifadə etməyi cəhd göstərirdilər. Çox güman ki, belə bir vəziyyət Orta əsrlərlərə ingilis iqtisadiyyatının çiçəklənməsini və Orta əsr ingilis kilsəsinin sahib olduğu saysız-hesabsız sərvətlərini əks etdirməli idi (XIII əsrdə Avropanın qırx ən zəngin yeparxiyasından on ikisi İngiltərədə yerləşirdi). Beləliklə, ingilis qotika arxitekturasının yaradanları mümkün qədər çox divarların, günbəzlərin və pəncərələrin cazibədar dekorunu hazırlamağa çalışaraq, daha çox estetik görkəmə üstünlük verir, texniki məsələləri isə ikincidərəcəli olaraq qəbul edirdilər[11].

Nefin mərkəzində böyük kasaşəkilli kupel qabı yerləşir; onun daxilində fasiləsiz və yayğın su xaçaçuran (yəni xaç suyuna salma) mərasiminin keçirilməsində istifadə olunur. Həmin qab 2008-ci ildə dizayner Uilyam Pay tərəfindən yaradılmışdır[12].

Mərkəzxaçlı qüllə

[redaktə | mənbəni redaktə et]

Əsas nef və transeptin kəsişdiyi yer hesab edilən mərkəzxaçlı qüllənin inşası demək olar ki, XIV əsrin başlanğıcında tamamlanmışdır. Hündürlüyü 123,14 metrə bərabər olan kafedral qülləsi indiyə kimi Böyük Britaniyada modifikasiyalara və dağıntılara məruz qalmayan ən hündür kafedral qülləsi hesab edilir (dünyanın ən hündür kilsələri siyahısında Solsberi kafedralı 20 sırada qərarlaşmışdır). İçəridən qüllə taxta dayaq konstruksiyaları ilə doldurulmuşdur. Hələ inşaat işləri zamanı mərkəzxaçlı qüllə öz böyük ölçülərinə və çəkisinə görə cənub-qərb istiqamətində əyilməyə başlamışdır. Bunun qarşısını almaq məqsədilə, 1320-ci ildə aparılan yenidənqurma işləri çərçivəsində, qüllənin künclərinə və çatıların daxilinə yerləşdirilən dəmir troidlərin və möhkəm kontrforsların köməyi ilə qüllənin dağılmasına qarşı etibarlı mühafizə sistemi yaradılmışdır. Təhlükəsizliyin təmin edilməsi üzrə aparılan işlər zamanı həmçinin mərkəzxaçlı qüllənin şərqinə geniş ölçülü tağ sıraları da əlavə edilmişdir. Daha kiçik həcmli elementlərin üzərində olan tağ sıralarının sahib olduqları zirvə hissələrinin başıaşağı şəkildə yerləşdirilməsi və onların ümumi görünüşü qotika dövrü üçün bir yenilik idi. Həmin tağların özünəməxsus görkəmi daha sonralar çağdaş memarlar tərəfindən "qayçıyabənzər" adının verilməsinə səbəb olmuşdur. Yeni memarlıq elementinin tətbiqi digər Avropa ölkələrində bir qədər şübhə ilə yanaşılmasına baxmayaraq, İngiltərədə o populyarlaşır və artıq 1338-ci ildə həmin qayçıyabənzər tağlar Uells kafedralında da tətbiq edilir.

1415-ci ildə qüllənin qərb hissəsinin ətrafında quraşdırılmış arkbutanlar əlavə möhkəmlik vermişdir. Qüllənin daxilindəki torşəkilli günbəzaltı sahənin inşası isə 1479-cu ildə tamamlanmışdır. Bunun nəticəsində Solsberi kafedralının mərkəzxaçlı qülləsi digər ingilis kafedrallarının taleyini yaşamadı və öz ilkin görkəmini qoruyub saxlamış yeganə kilsə qüllələrindən birisi hesab edilir. Əlavə armaturalı bərkitmə işlərinin icra edilməsinə baxmayaraq, qüllə tam şəkildə qorunmamışdır: markirovka işləri nəticəsində, qüllənin ən yüksək şpil hissəsinin cənub-qərb istiqamətində təxminən 75 sm əyildiyi məlum olmuşdur[3]. Mərkəzxaçlı nahiyəyə daxil olan zaman, buradakı sütunların qüllə və şpilin çəkisinin altında necə yəildiklərini müşahidə etmək olar. Bu yaxınlarda aparılan yenidənqurma və bərpa işləri zamanı həmin sütunlar əlavə olaraq bərkidilmişdirlər.

Xor və presviteri

[redaktə | mənbəni redaktə et]
Kafedralın xoru

Xor otaqları mərkəzxaçlı qüllənin şərq hissəsindən Müqəddəs Üçlük kapellasının yerləşdirildiyi xor təpəsinə qədər uzanır. Xorun tamamlayıcı hissəsini formalaşan altar düzbucaqlı formaya malikdir və onun yan keçidləri bir-birinin qarşısında olan iki xomut vasitəsilə davam etdirilmişdir. Klerikal rahiblər üçün nəzərdə tutulmuş xorlarda və presviteridə təməldən yuxarıya doğru bir qədər genişlənən qınabənzər tağ sıraları əvəzolunmaz ornamentlərlə bəzədilmişdir. Tağ sıralarında quraşdırılmış, çoturlanaraq üzərindəki günbəzə uyğunlaşdırılan 8 sütun "en-delit" tərzinə uyğun gələn bütün atributlara sahibdirlər. Qərb fligelində yerləşən köndələn transept binasında olduğu kimi, buradakı tağlarda ziqzaqabənzər lent ornamentləri ilə tamamlanmışdır. Kafedral fənərinə doğru istiqamətlənən presviteri isə qızılgül və ya astra çiçəklərinin ləçəkləri təqlid edən rozetta kəkilləri ilə bəzədilmişdir[13]. Ser Gilbert Skott tərəfindən 1870-ci ildə yaradılmış yepiskop taxtı da məhz kafedral xorunda yerləşir. Ümumilikdə götürdükdə Solsberi yepiskopluğunun tabeliyində olan ərazi Dorset və Uayltşir qraflıqlarının ən böyük hissələrini əhatə edir və iqtisadi rayon ilə birlikdə təxminən 750. 000 dindar insanı özündə cəmləşdirir[3].

Şərq arkadası 2 ardıcıl şəkildə qarşıya qoyulan bölmələr vasitəsilə formalaşmışdır, onların künclərində isə mərmər heykəllər quraşdırılmışdır. Burada quraşdırılmış sütunların üslubu müqayisə olaraq daha öncələr Kenterberidə yaradılmış nümunələrə çox bənzəyir. Künc dayaqlar həmin tərzdə olan dəyirmi 4 əlavə sütunların yardımı ilə tərtib edilmişdir. Şərq istiqaməti boyunca uzanan şərq arkadası əsas kafedral binası ilə daha alçaq hündürlüyə malik olan Müqəddəs Üçlük kapellası ilə ahəngdar keçid yaradır. Məhz burada hələ 1225-ci ildə kafedralın ilk altarı təqdis edilmişdir. Kapellanın cənub-qərb küncündə köşk yerləşir və onun daxilində yerləşdirilən kiçik sandıqçada 1226-cı ildə kafedralda dəfn edilən yepiskop Osmundun qazıntılar zamanı aşkar edilmiş sümük qalıqları saxlanılır. Köhnə Sarum adlı yaşayış məntəqəsinin mövcud olduğu dövrlərdə yaşamış Osmund daha qədim kafedralın inşasının və ümumiyyətlə İngiltərədə xristianlığın bərqərar olunmasının vacib təşəbbüskarlarından biri hesab edilir. 1457-ci ildə Roma Papası onu müqəddəslər sırasına daxil etdikdən sonra onun dəfn olunduğu yer qazılaraq açılır və sümüklərin bir qismi götürülərək ehtiram olunan əmanət kimi möhtəşəm inkrustasiyalı sandıqçanın daxilinə yerləşdirilir. Bununla belə Reformasiya dövründə o dağıdılır və ancaq uzun illər sonra yenisi ilə əvəz olunur[3].

Xorun dörd bərabər enə malik qollarının üzərində yerləşdirilmiş qübbənin daxili səthindəki fresk silsilələrinin tökülmüş detalları XIX əsrdə qismən təkrarən boyadılaraq bərpa olunmuşdur. Yüksək xor otaqlarının freska silsilələrində medalyonların daxilinə yerləşdirilmiş peyğəmbər obrazları, eləcə də badamvari halqanın içərisindəki İsa Məsihin obraz təsvirləri təqdim olunmuşdur ("mandorla" adlandırılan bu halqa, xüsusilə Avropa rəsm sənətində müqəddəs adamların bədənini örtən, badam şəkilli bir işıq haləsi sayılır). İsa Məsihin təsvirini 4 həvari və müxtəlif mələk obrazları haşiyələndirir. Monastır üçün olduqca önəmli olan liturgiya və digər dini nəğmə mərasimləri adətən kafedralın bu hissəsində icra edilir. Bunun başlıca səbəbi, xoristlərin ifalarınnı dinləməyə gələn prixod nümayəndələrinin fresk əsərlərdən valeh olmaları və bununla da yüksək dini əhval-ruhiyyəni əldə etmələridir.

Müqəddəs Üçlük kapellası

[redaktə | mənbəni redaktə et]
Ledi kapellası
Kapellanın tavanı
Kapellanın interyeri

Kafedral presviterisinin şərq hissəsinə birləşən Müqəddəs Üçlük kapellası bəzən "Müqəddəs Tanrı Anası" kapellası olaraq da adlandırılır. Əhəng daşı materialından olan kontrforslu dirək divarları burada mövcud deyil. Kapella iki şərq "yoxundan" (daha çox Almaniya və digər qohum xalqlar arasında yayılmış "yox" (alm. Joch‎), dörd dirək vasitəsilə formalaşan məkan vahidi hesab edilir), bir qədər uzadılmış künc neflərdən və həmçinin şərq istiqamətində bir qədər irəli çıxardılmış mərkəzi otaqdan ibarətdir (mərkəzi otaq purbek mərmərindən hazırlanmış və ayrı-ayrı yerləşdirilən dayaqların və sütunların köməyi ilə üç nefə bölünmüşdür). Həmin üç aşırımlı zal öz ümumi görünüşü ilə Fransanın Anju tarixi vilayətində yerləşən Anje şəhərinin mərkəzi Sen-Serj kafedralının daxili tərtibatını xatırladır və çox güman ki, Vinçesterdəki müvafiq Müqəddəs Tanrı Anası kapellasına təsir göstərmişdir. Fransız qotikasından fərqli olaraq, burada kapella otağının ayrıca seqmentləri bir-birinə doğru qarşılaşdırılaraq, unifikasiya edilmiş vahid ansamblda birləşdirilməmişdir.

Üstüörtülü qalereya və rəhbər evi

[redaktə | mənbəni redaktə et]

Oktoqonal təməl üzərində yerləşən üstüörtülü qalereya və kafedral rəhbərinin evi (ing. Chapter House, kapitul), Londonda yerləşən məşhur Vestminster abbatlığının nümunəsi əsasında 1240–1270 və yaxud 1263–1284-cü illər arasında inşa edilmişdir. Böyük Britaniyanın kraliçası və Hindistanın imperatriçası I Viktoriyanın hakimiyyətə gəlməsi şərəfinə üstüörtülü qalereyanın daxili həyətində Livandan gətirilmiş iki sidr ağacı əkilmişdir. O, Britaniya adalarının ən böyük üstüörtülü qalereyası hesab edilir. Qalereyanın tikintisi ümumilikdə götürdükdə 1270-ci ildə başlanmış və təxminən 1310-cu illərdə tamamlanmışdır. Tikinti prosesi ilə daha aydın şəkildə məlumatlanmaq üçün qabırğalı qübbənin sütunların köməyi ilə dörd hissəyə parçalanmış xaçvari açardaşlarına baxmaq lazımdır. 1280-ci illər arasında rəhbər evinə həmçinin geniş iki marşlı vestibül əlavə edilmişdir.

Solsberi kafedralından əksinə olaraq, rəhbər evinin interyeri müxtəlif heykəltəraşlıq nümunələri ilə olduqca zəngin şəkildə bəzədilmişdir. Giriş qapısının üzərindəki arxivoltun iki heykəli müvafiq olaraq səxavəti və ədavəti rəmzləşdirirlər. İşıqlı arkaturanın səthindəki relyef ornamentlər qədim Əhdi-Ətiq kitabının yaradılış tarixini illüstrativ formada bəhs edirlər. Arkarura profillərini üzəridə gənc və yaşlı, gəmgin və gülümsəyən insan başları bəzəyir; bu cür anfas heykəlciklər həmçinin kafedral konsollarına da yerləşdirilmişdir. Qalereyanın şərq oxunda kafedral dekanlığı yerləşir (katolisizm dinində vikari adı ilə də tanınan dekan, inzibati və ruhani funksiyaları yerinə yetirir); onun divarlarını üç müxtəlif nöqtəyə baxan saqqallı kişi başları bəzəyir. Rahib evinin xarici divarları, eləcə də kürsülüyün arkadalarında geniş ölçülü ajur ornamentli pəncərələr quraşdırılmışdır. Bunun nəticəsində Orta əsr otağı gur şəkildə işıqlanmışdır. İnşaat işlərində pəncərələr və divarların səthində istifadə olunmuş qrizayl rəsm nümunələri qotika üslubu ilə ziddiyyət təşkil etdiyi üçün XIX əsrdə tamamilə yeniləri ilə əvəz olunmuşdurlar.

Rəhbər evinin günbəzi həmahəng və çətir formalıdır. Mərkəzdə qərarlaşan sütundan yuxarıya doğru 16 qövsşəkilli qabırğa uzanır; səkkiz diaqonal və onları əvəzləyən digər səkkiz qabırğanın hər birisi müvafiq olaraq 3 hissəyə şaxələnir. Beləliklə həmin qabırğalar sayəsində rəhbər otağının planı çoxkünclü ulduzu xatırladır.

Kafedral kitabxanası təxminən 1445-ci ildə monastırı şərq qanadında təsis edilmişdir. Kitabxanada günümüzə kimi qorunub saxlanılmış Böyük Azadlıqlar Xartiyasının 4 nüsxəsindən birisi saxlanılır. Qeyd etmək lazımdır ki, 1952-ci ildə Avstraliya hökuməti nümayəndələri Xartiyanın bir nüsxəsini alaraq parlamentlərində saxlamışlar. Bu gün də bu nüsxə hamıya nümayiş olunur. Digər nüsxə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Milli Arxivdə saxlanılır. 2007-ci ildə isə 21 milyon dollara digər bir nüsxə Devid Rubenşteyn tərəfindən əldə edilmişdir. 1215-ci ildən bəri Solsberidə qorunan nüsxə ən yaxşı salamat qalmış nümunə sayılır.

Solsberi kafedralında yerləşdirilməsi planlaşdırılan saatın mexaniki detalları 1386-cı ildə vahid bir şəkildə toplanaraq 1792-ci ilə kimi sərbəst olaraq yerləşən kampanila zəng qülləsinin yuxarı hissəsinə quraşdırılmışdır. O, Böyük Britaniya ilə yanaşı çox güman ki, bütün dünyanın indiyə qədər fəaliyyətini dayandırmamış saat mexanizmi və saat qülləsi hesab edilir[14]. Saatın siferblatlı rəqəm lövhəciyi mövcud deyil, bunun əvəzinə hər saat üçün xüsusi melodik zəng səsi vurulur. Kampanilanın demontaj edilməsindən sonra şəhərin istedadlı tikinti ustaları tərəfindən saat mexanizmi kafedralın digər mühafizə edilmiş qülləsinə köçürülmüşdür (orada saat təxminən 1884-cü ilə qədər istismar edilirdi). Daha sonralar saat naməlum səbəbdən qüllədən çıxardılaraq aradan qaldırılır və unudulur, lakin 1929-cu ildə kafedral çardağında təsadüfən yenidən aşkar edilir. Olduqca əziyyətli restavrasiya işlərinin tamamlanmasından sonra, saatın 1956-cı ildə təkrar istismara verilməsi həyata keçirilmişdir. 2007-ci ildə kafedralda aparılan təmir-bərpa layihəsi çərçivəsində qüllənin qədim saatı sanasiya və təmizləmə işlərinə məruz qalmışdır[15].

Saata əlavə olaraq kafedralda həmçinin XIII əsrə aid edilən yarımdairəvi strukturlu və taxta materiallardan hazırlanan sandıqça yerləşir; onun içərisində qorunub saxlanılan qədim seremonial keşiş libasları sözün əsl mənasında kafedral üçün bir relikviya hesab edilir[3].

Kafedral orqanı 1877-ci ildə İngiltərənin tanınmış Henry Willis & Sons şirkətinin emalatxanasında inşa edilmişdir[16]. Musiqi aləti 1934-cü ildə yeni trakturalar ("traktura" — orqan klavişlərinin bir-biri ilə əlaqəsini təmin edən mexanizmlərin və aqreqatların ümumi məcmusudur) ilə təchiz edilmiş və yeni oyun masasını əldə etmişdir (həmin masaya çoxsaylı klavişlər inteqrasiya edilmişdir). Ərğənunçular tərəfindən yerinə yetirilmiş klavişlərin yerdəyişmə dispozisiyası cüzi olaraq qiymətləndirilirdi; klavişlər şveller qutusunun yanında yerləşdirilmişdirlər. Musiqi alətinin sonuncu kökündən dəyişikliyi 1993-cü ildə icra olunmuşdur. Bununla belə, orqanın 1877-ci ilə aid edilən olduqca gəliz səs-boru sistemi demək olar ki, heç bir dəyişikliyə məruz qalmamışdır.

Səs-boru sistemi, eləcə də xor mexanizmi orqanın cənub, əsas və solo mexanizm hissələri isə şimal sahəsində yerləşirlər. Həmçinin pedal mexanizmi iki hissəyə bölünmüşdür. Orqan 4 manual və pedalın üzərində yerləşən 65 registrdən ibarətdir. Trakturalara gəlicə isə, onlar elektrik əsasa malikdirlər[17] .

I Xor mexanizmi C–c4
1. Lieblich Gedackt 16′
2. Open Diapason 8′
3. Flute Harmonique 8′
4. Lieblich Gedackt 8′
5. Salicional 8′
6. Gemshorn 4′
7. Flute Harmonique 4′
8. Lieblich Gedackt 4′
9. Nazard 22/3
10. Flageolet 2′
11. Tierce 13/5
12. Trumpet 8′
Tremulant
II Əsas mexanizm C–c4
13. Double Open Diapason 16′
14. 1st Open Diapason 8′
15. 2nd Open Diapason 8′
16. Claribel Flute 8′
17. Stopped Diapason 8′
18. 1st Principal 4′
19. 2nd Principal 4′
20. Flute Couverte 4′
21. Twelfth 22/3
22. Fifteenth 2′
23. Mixture IV
24. Trombone 16′
25. Trumpet 8′
26. Clarion 4′
III Səs-boru mexanizmi C–c4
27. Contra Gamba 16′
28. Open Diapason 8′
29. Lieblich Gedackt 8′
30. Viola de Gamba 8′
31. Vox Angelica 8′
32. Octave 4′
33. Flute Harmonique 4′
34. Super Octave 2′
35. Mixture III
36. Vox Humana 8′
37. Hautboy 8′
38. Contra Fagotto 16′
39. Trompette 8′
40. Clarion 4′
Tremulant
IV Solo mexanizmi C–c4
41. Violoncello 8′
42. Cello Celestes 8′
43. Flute Harmonique 8′
44. Flute Harmonique 4′
45. Cor Anglais 16′
46. Clarinet 8′
47. Orchestral Oboe 8′
48. Tuba 8′
49. Tuba Clarion 4′
Tremulant
Pedal mexanizmi C–f1
50. Double Open Diapason 32′
51. Open Bass 16′
52. 1st Open Diapason 16′
53. 2nd Open Diapason 16′
54. Violone 16′
55. Bourdon 16′
56. Lieblich Gedackt 16′
57. Octave 8′
58. Viola 8′
59. Flute 8′
60. Octave Viola 4′
61. Octave Flute 4′
62. Mixture IV
63. Contra Posaune 32′
64. Ophicleide 16′
65. Clarion 8′
  • Normal, Sub- və Superoktavalı klavişlər

Solsberi kafedralının obrazı incəsənətdə

[redaktə | mənbəni redaktə et]
  • Yepiskop bağından Solsberi kafedralına açılan mənzərə — ingilis rəssamı Con Konsteblin peyzaj üslubunda yaradılmış rəsm əsəri;
  • Nobel mükafatı laureatı olmuş yazıçı Ser Vilyam Jerarld Qoldinqin "Şpil" romanında bəhs edilən kafedral şpilinin inşası, Solsberi kafedralının şpilinin allüziyası hesab edilir. Bundan əlavə laraq qeyd etməyə dəyər ki, romanda adı tez-tez çəkilən kafedral dekanı və baş qəhrəman Coslin (ing. Jocelin) obrazının əsası, 1111–1184-cü illərdə İngiltərənin dini lideri olaraq fəaliyyət göstərmiş və Solsberinin baş yepiskopu olmuş Coslin de Boxondan (ing. Josceline de Bohon) götürülmüşdür.
  • Solsberi kafedralı 2010-cu ildə rejissor Ken Follet tərəfindən ekranlaşdırılan "Torpağın dirəkləri" (ing. The Pillars of the Earth) adlı serialda nümayiş edilən nəhəng kilsənin memarlıq simasının yaradılması üçün prototip obraz olaraq seçilmişdir[18].
  1. archINFORM (alm.). 1994.
  2. Harry Batsford, Charles Fry: The Cathedrals of England, S. 83.
  3. 1 2 3 4 5 6 7 8 9 10 Handzettel aus dem Jahr 2000, anlässlich eines Besuchs der Kathedrale ausgegeben.
  4. 1 2 3 4 5 6 7 8 Ute Engel: Architektur der Gotik in England, S. 118/119.
  5. 1 2 3 4 5 Clifton-Tylor: S. 99–106
  6. Günter Kowa: Architektur der Englischen Gotik, S. 61/62.
  7. The cathedral of Salisbury: From the foundation to the fifteenth century Arxivləşdirilib 2014-09-10 at the Wayback Machine auf british-history online.
  8. Daniel Baumann: Stephen Langton: Erzbischof von Canterbury im England der Magna Carta (1207–1228) in Band 144 von Studies in medieval and Reformation traditions, BRILL, 2009, S. 391–393.
  9. Bəzi müəlliflər tərəfindən kapella "Bizim Ledi" (ing. Lady Chapel) adlandırılır və bunun başlıca səbəbi, altarıların birisinin Müqəddəs Məryəmə ithaf olunması ilə bağlı idi
  10. Ute Engel: Architektur der Gotik in England, S. 136
  11. Уте Энгель. Готическая архитектура в Англии. 2002. 2019-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-11.
  12. "Neues Taufbecken". 2013-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-11.
  13. Ute Engel: Architektur der Gotik in England, S.130
  14. "Oldest Working Clock, Frequently Asked Questions, Salisbury Cathedral". 2009-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-08.
  15. "Clock repaired, Salisbury Cathedral". 2008-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-17.
  16. "Wiltshire, Salisbury Cathedral of the Blessed Virgin Mary". National Pipe Organ Register. İstifadə tarixi: 7. Mai 2011.[ölü keçid]
  17. "Informationen zur Orgel". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.
  18. Ken Follett: Kingsbridge: Real or fictional? Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  • Harry Batsford, Charles Fry: The Cathedrals of England, 7th Edition, B. T. Batsford Ltd., London 1948
  • Alec Clifton-Tylor: The Cathedrals of England, Thames & Hudson, London 2001
  • David Watkin: English Architecture: A Concise History, Thames & Hudson, London 2001, ISBN 978-0-500-20171-8, S. 40–75
  • John Cannon: Cathedral: The Great English Cathedrals and the World That Made Them, 600–1540, Constable, London 2007, ISBN 978-1-84119-841-5, S. 11–17; S. 415–422
  • Hans Koef/Günther Binding: Bildwörterbuch der Architektur, 4. Ausgabe, Alfred Kröner Verlag, Stuttgart 2005
  • Günter Kowa: Salisbury und der strenge Stil in Architektur der Englischen Gotik, DuMont Buchverlag, Köln 1990, S. 123–130
  • John Wilkinson: Salisbury Cathedral's secrets: laying the foundations, Capivard, 2003
  • Laurence Keen, Thomas Cocke: Medieval art and architecture at Salisbury Cathedral in British Archaeological Association Conference Transactions, Volume 17, British Archaeological Association, 1996, ISBN 978-0-901286-67-3
  • Louis Grodecki: Kapitel IV. Der Partikularismus im 13. und 14. Jahrhundert in Weltgeschichte der Architektur. Gotik, Deutsche-Verlags-Anstalt GmbH, Stuttgart 1986, S. 96–102
  • Sydney Evans: Salisbury Cathedral: A reflective Guide, Michael Russell Publishing, Salisbury 1985.
  • Ute Engel: Architektur der Gotik in England in Rolf Toman (Hrsg.): Gotik – Architektur. Skulptur. Malerei, Tandem Verlag, 2004, S. 118–136

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]