Vilyam Qoldinq

Ser Vilyam Jerarld Qoldinq (ing. William Gerald Golding; 19 sentyabr 1911[1][2][…], Nyuki[d], Cənub-Qərbi İngiltərə[d][3]19 iyun 1993[1][2][…], Perranauortal[d], Cənub-Qərbi İngiltərə[d]) — ingilis yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983). Təxmini 40 illik ədəbiyyat yaradıcılığı karyerası dövründə 12 roman və ona bütün dünyada məşhurluq gətirən "Milçəklər tanrısı" (bir başqa adı "Milçəklər kralı") əsərini yaratmışdır.

Vilyam Qoldinq
ing. William Gerald Golding
Doğum tarixi 19 sentyabr 1911(1911-09-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 19 iyun 1993(1993-06-19)[1][2][…] (81 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Təhsili
Fəaliyyəti yazıçı, şair, romançı, ssenarist, fantastika yazıçısı[d]
Fəaliyyət illəri 1934-cü ildən
Tanınmış əsərləri
Mükafatları "Britaniya imperiyası" ordeni komandoru Cəngavər bakalavrı
william-golding.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İngilis yazıçısı Vilyam Gerald Qoldinq Kornoull qraflığında, məktəb müəllimi ailəsində doğulmuşdu. Bioqraflarının yazdığına görə ilk yaradıcılıq təcrübələri yeddi yaşına aiddir. Valideynlərinin təkidi ilə iki il Oksford universitetində təbiət elmlərini öyrənsə də, sonradan bu məşhur ali məktəbi incəsənət sahəsi üzrə bakalavr diplomu ilə başa vurmuşdu. İlk şeirlər kitabını 1933-cü ildə nəşr etdirmişdi.

Yaradıcılığının başlanğıc mərhələsində Vilyam Qoldinq dramaturgiyaya da maraq göstərmişdi. O, rejissor və baş rolun ifaçısı kimi iştirak etdiyi bir neçə pyesinin Londonun kiçik teatrlarında tamaşaya qoyulmasına nail olmuşdu.

İkinci Dünya savaşında Qoldinq Britaniyanın hərbi-dəniz qüvvələrində xidmət etmişdi. Müharibə başa çatdıqdan sonra yenidən Solsberidəki müəllimlik işinə qayıtmışdı. 1961-ci ilə qədər fasiləsiz pedaqoji sahədə çalışmışdı. Həmin dövrə qədər dalbadal dörd roman yazsa da, heç birinin çapına nail ola bilməmişdi.

Lakin uğursuzluqlara baxmayaraq yazmağı davam etdirmişdi. 1954-cü ildə "Feyber ənd Feyber" nəşriyyatı müəllifin iyirmidən çox naşir tərəfindən zəif əsər kimi geri qaytarılan "Milçəklər tanrısı" romanını çap etdi. Əsər Britaniyada bestsellerə çevrildi. Növbəti ildə ABŞ-də nəşr olundu. 1959-cu ildə isə ingilis rejissoru Piter Bruk onun motivləri əsasında bədii film çəkmişdi.

Şübhəsiz, "Milçəklər tanrısı"nın yazılmasına Qoldinqin müharibədə iştirakının mühüm təsiri olmuşdu. Yazıçı etiraf edirdi ki, yalnız müharibəni gördükdən sonra o, "insanların nələrə hazır olduqlarını" anlamışdı. Müharibənin sınaqlarından keçən, amma "arıların bal istehsal etdikləri kimi insanların da pislik yaratdıqlarını anlamayan adam ya kordur, ya da ağlını itirmişdir".

Romanın əsasında insan təbiətindəki yaramazlıq və naqisliklər dayanırdı. İngilis yazıçısı R. Ballantaynın Viktoriya dövrü Britaniyasının nikbin imperiya təsəvvürlərindən bəhs edən "Mərcan adası" romanına parodiya kimi düşünülmüş "Milçəklər tanrısı" bir neçə il ərzində ingilisdilli ölkələrdə 20 milyon nüsxədən çox satılmışdı. Müəllif vəhşi adaya düşən orta təbəqəyə məxsus mədəni gənclərin tədricən insanlıq simalarını itirərək ibtidai icma dövrünün vəhşi və bəsit varlıqlarına çevrilmələrini böyük ustalıqla əks etdirmişdi.

60-cı illərin başlanğıcında Qoldinq müəllimlikdən uzaqlaşaraq yalnız bədii yaradıcılıqla məşğul olurdu. Bu dövrə qədər artıq onun "Varislər" (1955), "Oğru Martin" (1956), "Sərbəst yıxılma" (1959) romanları və "Mis kəpənək" pyesi çap edilmişdi. "Varislər" digər məşhur ingilis yazıçısının — Herbert Uelsin "Tarixi oçerk" əsəri ilə polemika şəklində yazılmışdı.

XIV əsr ingilis həyatından bəhs edən "Piramida" (1967) romanını bir çox tənqidçilər ideya məzmunu və bədii sənətkarlıq baxımından Qoldinq yaradıcılığının zirvəsi sayırlar. "Milçəklər tanrısı" ilə müqayisədə bu əsərdə reallıqla əfsanə daha sıx şəkildə çulğalaşmışdı. Sonrakı əsərlərində yazıçı metafizik və sosial mövzuları ayrı-ayrılıqda əks etdirməyə üstünlük vermişdi. Onun nəsr yaradıcılığı nüfuzlu Avropa ədəbi mükafatlarından sayılan Bukerlə (1980) də mükafatlandırılmışdı.

1983-cü ildə Vilyam Qoldinq "aydın və realist təhkiyə sənəti ilə universal mif və çoxmənalılığın birləşdirilməsi nəticəsində müasir dünyada insan mövcudluğunun mahiyyətini başa düşməyə imkan verən romanlarına görə" Nobel mükafatı aldı. Mükafatın məhz Qoldinqə verilməsi ciddi mübahisələrə səbəb olmuşdu. Onun rəqibi avropalı oxuculara daha yaxın olan Qrehem Qrin idi. Müzakirələr zamanı İsveç Akademiyasının üzvü, ədəbiyyatşünas Artur Lundkvist qəbul edilən qərarların yekdilliyi ilə bağlı çoxillik ənənəni pozaraq Qoldinqin namizədliyi əleyhinə səs vermişdi. Lundkvist etirazını Qoldinq yaradıcılığının sırf ingilis hadisəsi olması və əsərlərinin ciddi maraq doğurmaması ilə əsaslandırmışdı.

Ənənəvi Nobel mühazirəsində "Bizim daha çox məhəbbətə, daha çox insanpərvərliyə, daha çox qayğıya ehtiyacımız var" — deyən yazıçı elmin izah etdiyi dünyada özünü bədbin, əxlaq və mənəviyyatın qanunları ilə yaşayan və idarə olunan dünyada isə nikbin saydığını bildirmişdi.

Nobel laureatı kimi yazdığı "Kağız adamlar" (1984) romanını Qoldinq anqlosaks və amerikan dünyagörüşlərinin qarşılaşdırılması və onların ziddiyyətli məqamlarının üzə çıxarılması motivləri üzərində qurmuşdu.

Vilyam Qoldinq 1966-cı ildə Kral ədəbiyyat cəmiyyətinin üzvü seçilmişdi. 1988-ci ildə isə kraliça Yelizaveta ona Böyük Britaniyanın cəngavəri titulunu vermişdi. Həyatının son illərini yazıçı Uiltşir qraflığındakı malikanəsində keçirmişdi. Gəncliyində dəniz vurğunu olsa da ahıl yaşlarında fortepianoda çalmağı, qədim yunan poeziyasını oxumaq üçün öyrəndiyi yunan dili məşğələlərini davam etdirməyi və arxelogiyaya dair kitablar oxumağı daha üstün tutmuşdu.

Qoldinq haqqında kitablar

[redaktə | mənbəni redaktə et]
  • Bernard Bergonzi, J. S. Whitely. William Golding (1982, Sussex Publications. Audio Edition. ISBN 0-905272-33-1)
  • Bernard F. Dick. William Golding (1986, Twayne Publishers Inc., U. S., ISBN 0-8057-6925-0)
  • G. Handley. Brodie’s Notes on William Golding’s Lord of the Flies (1990, ISBN 0-333-58098-2)
  • R. A. Gekoski, P. A. Grogan. William Golding . A Bibliography 1934–1993 (1994, ISBN 0-233-98611-1)
  • Pralhad A Kulkarni. William Golding: A Critical Study (1994)
  • Kevin McCarron. William Golding)Writers and Their Work) (1994 ISBN 0-7463-1143-5)
  • Andrew Bent. A Study Course on William Golding’s Lord of the Flies (1995 ISBN 1-86083-036-6)
  • Harold Bloom. William Golding’s Lord of the Flies (1995 ISBN 1-60413-814-9)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 William Golding // Nationalencyklopedin (швед.). 1999.
  3. 1 2 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]