Tütək səsi — rejissor Rasim Ocaqovun filmi.[1] 1976-cı ildə premyerası baş tutan "Tütək səsi" İsa Hüseynovun "Saz" və "Tütək səsi" əsərlərinin əsasında ekranlaşdırılıb.
Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.
Filmdə həyat da, məhəbbət də, sarsıntı da, sevinc də var.
Film yazıçı İsa Hüseynovun "Tütək səsi" və "Saz" povestlərinin motivləri əsasında ekranlaşdırılmışdır.
Filmdə kənd camaatının tarladan qayıtması səhnəsində 500 nəfər iştirak etmişdir.
Filmdə İsfəndiyar kişinin sazda ifa etdiyi hava "Ruhani"dir. Bu epizod 9 dubla çəkilmişdir. Aktrisa Xalidə Quliyevanın dediklərinə görə İsfəndiyar kişini canlandıran Məmmədrza Şeyxzamanov hər dublda həqiqətən ağlayırmış.
Natura çəkilişləri (Qusarın Xuray, Əniğ, Urva və digər kəndlərində çəkilib), kütləvi səhnələrdə kənd əhalisinin (500 nəfərə yaxın kənd sakini) iştirakı, real portret planlar əhvalata dokumental ton gətirir.
"Tütək səsi" Rasim Ocaqovun "Qatır Məmməd"dən sonra ikinci tammetrajlı bədii filmidir. O, Cəbrayıl rolunda Qatır Məmməd obrazına çəkdiyi Şahmar Ələkbərovu görmək istəyirdi. Çəkilişlər başlananda Şahmar Ələkbərov ağır xəstələnir. Ona görə rejissor moldavan aktyoru Mixail Volontiri dəvət edir. Onun personajını isə Şahmar Ələkbərov səsləndirib.
Tapdıq rolunun ifaçısı Akif Əli uzun müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri işləyib.
Cəbrayılla Sayalının evinin qarşısındakı səhnə milis maşınlarının nəzarəti altında çəkilib. Kənd camaatına elə gəlib ki, aktyor doğrudan da əsgər namusuna sataşıb. Ona görə Volontiri döymək istəyiblər.
Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 32; 304; 511.
M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 220–223; 227–232; 268.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Sevda Sultanova "Cəbrayılla Sayalını NKVD məcburi evləndiribmiş – "Tütək səsi"nə çəkilməyənlər" Kulis.az
Kərimov Hafiz. "Ürfani" havalarının variantlarına dair". Konservatoriya jurnalı, N:1–2(47), Bakı-2020