Bu məqaləni vikiləşdirmək lazımdır. |
Muxtar Həsən oğlu Avşarov (15 fevral 1914[1], İrəvan – 6 dekabr 2004[2], Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002).[3]
Muxtar Avşarov | |
---|---|
Muxtar Həsən oğlu Avşarov | |
Doğum tarixi | 15 fevral 1914[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 dekabr 2004[2] (90 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Uşaqları | |
Atası | Həsən Avşarov |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1938–2004 |
Mükafatları | |
IMDb | ID0012775 |
Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olmuşdur. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində ailə üzvləri ilə Türkiyəyə köçüb. Amma orada çox qala bilmədiyindən ailə əvvəlcə Bakıya, sonra Gəncəyə köçüb.[4]
1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oxumuş və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayır. Hələ məktəbli vaxtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraxmadığından boş vaxtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan almışdır. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır.
1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir. O, Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları ifa etmişdir. 1936-cı ildə yeni yaranmış siyasi şöbə tərəfindən Moskvaya iki aylıq mədəni-maarif kursuna göndərilmiş və oranı bitirdikdən sonra Gəncə Mədəniyyət evində kütləvi işçi vəzifəsinə təyin edilmişdir. Bir müddətdən sonra onu Gəncə Dövlət Dram Teatrına dəvət etmişlər. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M. Avşarov sonralar Səməd Vurğunun "Vaqif" pyesində Zülfüqar, Cəfər Cabbarlının "Nəsrəddin şah", "Yaşar", "1905-ci ildə", "Almaz" əsərləri ilə səhnəyə çıxır. Böyük Vətən müharibəsi başlanandan üç gün sonra onu siyasi əqidəsinə görə həbs etmişlər. Guya ki, M. Avşarov ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək "Kirovabad" qoyulmasına və Gəncə Teatrına Beriyanın adının verilməsinə etiraz etmişdir. Beş il həbsdə yatan M. Avşarov nəhayət yazdığı ərizələrin müqabilində vaxtından beş il əvvəl azadlığa buraxılmışdır. Onun qayıdışı ilə Gəncə teatrı Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərini tamaşaya qoymuş və əsas rolu oynamaq ona tapşırılmışdır. Tamaşanın ertəsi günü onu yenidən teatrdan azad etmişlər. Əmr belə idi ki, o, ictimai yerlərdə, ictimaiyyət arasında olmamalıdır. Bir müddət işsiz qalan M. Avşarov dəyirmanda fəhlə işləyir, nəhayət Stalinin ölümündən sonra yenidən Gəncə teatrında fəaliyyətni davam etdirir. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrındakı uğurlu çıxışlarına görə 1960-cı ildə M. Avşarov respublikanın əməkdar artisti fəxri adına layiq görülür.
1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışmış, yüzlərlə tamaşada müxtəlif xarakterli obrazlar yaratmışdır. Həmişə dostluqdan söz düşdükdə M. Avşarov zarafatyana belə deyirdi: "Qadınlara mənim çox səmimi münasibətim olmuşdur. Mən onlarla olan dostluğumu yüksək qiymətləndirirəm. Çünki, onlara sirr vermək olar". Həmin müddətdə "Azərbaycanfilm" kinostudiyasında Hüseyn Seyidzadənin "Dəli Kür" filminin çəkilişləri başlayır və Muxtar Avşarova o qədər də böyük olmayan bir rol həvalə olunur. Bu filmdəki rolun uğurlu alınması onun kino fəaliyyətini artırır və bundan sonra "Atları yəhərləyin" filminin çəkilişləri başlayır. Burada İran kəndxudası obrazını yaradan Muxtar Avşarov xarakterik bir aktyor oyunu göstərmişdir. M. Avşarov 1989-cu ildə "yenidənqurma" dövrünün qərarlarına uyğun olaraq "60 yaşından yuxarı olan adamlar işdən azad olmalıdır" qərarı ilə işdən azad oulnur. 1992-ci ildə xalq artisti Amaliya Pənahova özünün Bakı Bələdiyyə Teatrını yaradır və qocaman aktyor Muxtar Avşarovu həmin teatra dəvət edir. Teatrda işlədiyi müddətdə "Nadir şah" (Nəriman Nərimanov), "Dönüş" (Cəfər Cabbarlı) və bir çox tamaşalarda maraqlı, rəngarəng obrazlar qalereyası yaradır. 1996-cı ildə Mədəniyyət Fondu nəzdində "Sönməyən ulduzlar" teatrı fəaliyyətə başlayır və bu teatrda rejissor işləyən Məmmədkamal Kazımov M. Avşarovu həmin teatra dəvət edir. "Solğun çiçəklər" (Cəfər Cabbarlı) pyesindəki Əbdül əmi rolu ona həvalə olunur.
Ömrünün sonlarına doğri onun görmə qabiliyyəti zəifləyir. Belə ağır vaxtlarda yenə də onu yeni rollara dəvət edirdilər. Görkəmli kinorejissor Vaqif Mustafayev onu çəkiliş meydançasına dəvət edir, aktyor yalnız ayaq addımlarını saymaqla filmə çəkilir. 2002-ci il oktyabrın 2-də Muxtar Avşarov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, elə həmin ilin noyabrın 7-də isə Bakı Bələdiyyə Teatrının 10 illik yubileyi ilə əlaqədar olaraq, xalq artisti fəxri adına layiq görülmüşdür.[5] 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.[4]
2004-cü ilin dekabr ayında Muxtar Həsən oğlu Avşarov dünyasını dəyişib.