Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17 iyun 1926, Bakı, Azərbaycan SSR – 15 sentyabr 2007, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1977), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986).
Elbəy Rzaquliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Mükafatları |
|
Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olmuşdur. Hələ məktəbdə oxuyarkən Bakı Pionerlər evinin rəssamlıq studiyasında məşğul olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olmuşdur.[1]Burada rəssamlıq fakültəsində oxuyan gənc rəssam Q.Şeqal, Y.Pimenov, A.Dixtyar və M.Boqdanov kimi peşəkar rəssam-pedaqoqlardan dərs alıb.[2]
Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm"[2] kinostudiyasında işləməyə başlamışdır. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir: rəngkar və kino rəssamı.[3]
Rəssamın kinostudiyada ilk işi kinorejissor Hüseyn Seyidzadə və Yan Fridin 1954-cü ildə quruluş verdikləri “Doğma xalqımıza” bədii-sənədli filmidir. O, bu film üzərində rəssamlardan C.Əzimov və A.Freydlə birgə işləyib. Bu filmin ardınca 1955-ci ildə dostu C.Əzimovla birgə “Bəxtiyar” və “Görüş” kinokomediyalarına bədii tərtibat verib.[2]
1960-cı ildə Bakıda, 1960–1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur.[4]
Yaratdığı əsərlərdən "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digərləri böyük maraqla qarşılanmışdır. "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və s. kinofilmlərin rəssamı olmuşdur.[5]
2007-ci il 15 sentyabrda 81 yaşında vəfat etmişdir.