Taras Kuzyo[4][5] (ing. Taras Kuzio) — Birləşmiş Krallıq akademiki və eksperti. O, Ukrayna siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi üzrə ixtisaslaşmışdır. Kuzyo 2010-cu ildə Krımın Rusiya tərəfindən ilhaq ediləcəyini proqnozlaşdırmışdır.[6] Onun Birləşmiş Krallıq vətəndaşlığı var, lakin Kanadanın paytaxtı Toronto şəhərində yaşayır.[7]
Taras Kuzyo | |
---|---|
ing. Taras Kuzio | |
Doğum tarixi | 7 aprel 1958[2] (66 yaş) |
Doğum yeri |
|
Elm sahələri | iqtisadiyyat[1], politologiya[1], Postkommunizm[1], millətçilik[1], Təhlükəsizlik siyasəti[1] |
İş yerləri |
|
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Taras Kuzyo Sasseks Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi, London Universitetində svetşünaslıq üzrə magistr dərəcəsi və Birminhem Universitetində politologiya üzrə doktorantura dərəcəsinə malikdir. O, Yel Universitetinin doktorantı olmuşdur.
Kuzyo 1986-cı ildə Ukrayna SSR-də cari hadisələr haqqında məlumat toplamağa və onları tərcümə etməyə başlamış, bu məlumatları Birləşmiş Krallıqda yerləşən Ukrayna Press Agentliyi (UPA) vasitəsi ilə mediaya vermişdir. UPA ayda iki dəfə çap olunan "Sovet Milliyyətləri Araşdırması" və aylıq "Sovet Ukrayna İşləri" publikasiyalarını nəşr edən Sovet Milliyyətləri Araşdırmaları Cəmiyyətinin bir qolu idi. Kuzyo 1992–1993-cü illərdə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda elmi işçi kimi çalışmış, 1993–1995-ci illərdə isə "Ukrayna Biznes İcmalı"nın redaktoru olmuş və Ukrayna Biznes Agentliyinə rəhbərlik etmişdir. O, 1995–1998-ci illərdə İngiltərədə yerləşən Birminhem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzində baş elmi işçi vəzifəsində çalışmışdır. Kuzyo burada Ukraynada millət və dövlət quruculuğu üzrə doktorluq dissertasiyasını qorumuşdur. O, 1990-cı illərin ikinci yarısında Ukrayna Parlamentinin Məsləhətçilər Şurasında baş elmi işçi vəzifəsində çalışmışdır.
Kuzyo 1998–1999-cu illərdə Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən NATO İnformasiya və Sənədləşdirmə Mərkəzinin direktoru kimi çalışmışdır.[8] O, 1998 və 2002-ci illərdə Ukraynada keçirilən parlament seçkiləri zamanı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında uzunmüddətli müşahidəçi, 2004-cü ildə Ukraynada keçirilən prezident seçkilərində Milli Demokratiya İnstitutunun müşahidəçisi vəzifələrində çalışmışdır.
Kuzyo 2004–2006-cı illərdə Corc Vaşinqton Universitetinin Elliott Beynəlxalq Münasibətlər Məktəbinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunda (IERES) qonaq professor olaraq çalışmışdır.[9] O, 2010–2011-ci illərdə Vaşinqton şəhərində yerləşən Cons Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbinin Transatlantik Münasibətlər Mərkəzində Avstriya Marşal Planı Vəqfi adından qonaq proffessoru olmuşdur.[10] Kuzyo 2011–2012-ci illərdə Yaponiyanın Hokkaydo Universitetinin Slavyanşünaslıq Mərkəzində qonaq professor vəzifəsində çalışmışdır. O, hal-hazırda Alberta Universitetinin Kanada Ukraynaşünaslıq İnstitutunda baş elmi işçidir.
Kuzyo ABŞ hökumətinin müxtəlif şöbələrində Ukraynada demokratiya, idarəçilik və insan hüquqları mövzusunda məsləhətçi kimi çalışmışdır. Hüquqşünaslar üçün siyasi sığınacaq iddiaları ilə bağlı ekspert rəyləri hazırlamış və oliqarxlar, korporativ basqınlar haqqında araşdırmalar ilə bağlı ekspert rəyi vermişdir.
Kuzyodan tez-tez televiziya, radio və çap mətbuatında müsahibə alınır. O, Avromeydan, Rusiyanın Krımı ihlaq etməsi və Donbasdakı münaqişə ilə bağlı fikirlərini bildirmişdir. Kuzyo 30 illik jurnalistika karyerası boyunca postkommunist məkan, xüsusilə də Ukrayna və Rusiya siyasətinə dair təqribən 1400 məqalə yazmışdır.