I Yaqub bəy Gərmiyanoğlu, həmçinin Yaqub bin Əlişir bin Müzəffərdin bin Əlişir (türk. Yakub bin Ali Şir bin Muzaffereddin bin Alişîr) və ya Karmanos Alisurios (yun. Κάρμανος Αλισύριος; v. 1340) — Anadolunun qərbində, Kütahya ətrafında yerləşən Gərmiyan bəyliyinin qurucusu. Gərmiyanın II Məsuda (1284–1297, 1303–1308) qarşı üsyan etməsinə baxmayaraq, Yaqub çox keçməmiş, Rum sultanı III Keyqubadın (1298–1302) boyunduruğunu qəbul etmişdir. Rum sultanlığı qısa müddət sonra süqut etmişdir. Həmin vaxt Yaqubun səltənəti şərqdə Ankaraya qədər uzanmış, Bizans imperiyasından və Katalon Şərq Kompaniyasından alınan müxtəlif şəhərləri özündə birləşdirmişdir. Yaqubun qonşu dövlətləri ona tabe idi və onun hakimiyyəti müasir tarixçilər tərəfindən "iqtisadi cəhətdən çiçəklənən" kimi təsvir edilmişdir. Onun yerinə "Çaxşadan" ləqəbli oğlu Mehmed keçmişdir.
Yaqub bəy Gərmiyanoğlu | |
---|---|
təq. 1300 – 1340 | |
Sonrakı | Mehmed Çaxşadan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1340 |
Milliyyəti | Anadolu türkü |
Fəaliyyəti | siyasətçi |
Atası | Kəriməddin Əlişir |
Uşaqları |
|
Dini | islam |
XI əsrdə Qərbi Asiyanın çox hissəsi Səlcuqlu dövlətinin hakimiyyətinə tabe idi. Səlcuqlar sülaləsinin bir qolu Anadoluda XII əsrin sonlarından 1237-ci ilə qədər yüksəliş dövrünü yaşamış islam dövləti olan Rum sultanlığını yaratmışdır.[2] Gərmiyan ilk dəfə 1239-cu ildə Rum sultanlığından II Keyxosrovun hakimiyyəti altında meydana çıxdı. I Yaqubun ata tərəfdən babası Müzəffərəddin[3] Malatya ətrafındakı ərazidə Baba İshaqın üsyanını yatırmaq tapşırığı almışdı.[4] II Keyxosrov 1243-cü ildə Monqol imperiyası ilə Kösə dağ döyüşündə böyükmiqyaslı məğlubiyyətə uğramışdı. Bu, Rum sultanlığının vassallaşması ilə nəticələnmiş və dövlət monqollara hər il böyük həcmdə vergi ödəməyə məcbur olmuşdur. Monqol imperiyasının parçalanması ilə Anadolu Hülakü xanın (1256–1265) əsasını qoyduğu Elxanilər dövlətinin hakimiyyəti altına düşmüşdür. 1277-ci ildə Misirin Məmlük sultanı Baybarsın Anadoluya yürüşü nəticəsində yaranan xaos zamanı Səlcuqlu irsinin iddiaçısı olan və Cimri kimi tanınan Ələddin Siyavuş monqollara qarşı üsyan qaldırmışdı.[2] Gərmiyanoğulları sülaləsinin üzvü Hüsaməddin[b] Qərbi Anadoluda Cimri və Qaramanoğulları bəyi Mehmed ilə vuruşmuşdu.[4] Cimri və Mehmed aradan qaldırılmışdı, lakin Qaramanoğullarının Anadoludakı varlığı davam etmiş və bu, Səlcuqların süqutunun əlaməti kimi regionda daha çox bölünməyə işarə etmişdir.[2]
1283-cü ildə atası III Keyxosrov monqollar tərəfindən edam edildikdən sonra II Məsud sultan olmuş, ardınca Gərmiyanoğulları Rum sultanlığından müstəqillik elan etməyə cəhd göstərmişdir. Gərmiyanoğulları və Səlcuqlar arasında qarşıdurma II Məsudun ölümündən sonra sakitləşmişdir və Yaqub yeni hökmdar III Keyqubadın vassalı olmağa razı qalmışdır. O zaman Yaqubun səltənəti şərqdə Ankaraya qədər uzanırdı. Nikifor Qriqoraya görə, onun ərazisi Dənizli və Qarahisar, Georgi Paximerə görə isə Tripolisi özündə birləşdirirdi.[4]
Öməri Yaqubun ən güclü türk əmiri olduğunu, bir çox qonşularının onun tabeliyində olduğunu və Bizans imperiyasının ona hər il 100,000 qızıl pul ödədiyini qeyd etmişdir.[4] Öməri, həmçinin səyyahlar Heydər Öryan və Balabanın müşahidələrinə əsasən, Yaqubun ərazilərinə 700-ə yaxın yaşayış məntəqəsinin daxil olduğu bildirilmişdir. Bu mənbəyə görə, Yaqub 40,000 süvariyə sahib idi və müharibə dövründə 200,000 qoşun toplamağa qadir idi. Buna baxmayaraq, müasir Türkiyə tarixçisi Varlık bu rəqəmi şişirdilmiş hesab edir.[5]
Yaqub nəhayət, Simav və Kula regionlarını fəth etmişdir, lakin bu ərazilər sonradan Katalon Şərq Kompaniyası tərəfindən geri qaytarılmışdır. Eynilə onun əvvəllər ələ keçirdiyi Filadelfiya (sonralar Alaşehir kimi tanınır) 1304-cü ilin yazında katalonlar tərəfindən tutulmuşdur, lakin şəhər 1314-cü ildən ona cizyə ödəməyə başlamışdır.[4] Yaqub Osmanlı dövləti ilə düşmən münasibətdə olmuş, 1313-cü ildə Karacahisar yaxınlığında onlara hücum etməsi üçün Çavdar tatarlarını təxribata çəkmişdir. 1325-ci ildə Həmidoğulları və Əşrəfoğulları bəylərini darmadağın etdikdən sonra Elxanilərin Anadolu valisi Dəmirdaş Qərbi Anadolu hökmdarları üzərində hakimiyyət qurmağa, Gərmiyan, Filadelfiya, Dənizli və Menteşe ərazilərini ələ keçirməyə cəhd göstərmişdir. Yaqubun kürəkəni Dəmirdaşın tabeliyində olan sərkərdə, həmçinin Afyonqarahisar bəyi idi. Ona Ərətnanı ələ keçirmək vəzifəsi verilmişdi, lakin o, uğursuzluqdan sonra Kütahyaya qaçmışdı. Yaqub Ərətna ilə döyüşə girmək üzrə olanda 1327-ci ildə Dəmirdaş Yaqubun kürəkənini geri çağırmışdır.[5]
Yaqubun hakimiyyəti altında olan region iqtisadi cəhətdən çiçəklənirdi,[4] burada ədəbi və elmi himayədarlığın artması müşahidə olunurdu.[6] Ruminin nəvəsi Ulu Arif Çələbi 1312-ci ilə qədər regiona səfər etmiş və Yaqub üzərində mənəvi avtoriteti qorumuşdur.[5]
Yaqub öz padşahlığının sonlarında bir növ sikkə zərb etmişdir.[7] 1307-ci ildə zərb edilən "Xan-ı Gərmiyan" titulundan bəhs edən və mənsubiyyəti açıqlanmayan bir sikkə I Yaqubla eyniləşdirilir. O, sonralar Sandıqlı qalasının yaxınlıqdakı bulağa köçürülən kitabələrdə "Sultan əl-Gərmiyaniyyə Çələbi əl-Əzəm əzzamallahu qədrəhu" kimi xatırlanır. Bundan başqa, Yaqub Qarahisar mövləvixanası üçün bir vəqf sahibi idi. İsmayıl Haqqı Uzunçarşılının yazdıqlarına görə, onun Uşak yaxınlığındakı Hacım kəndinin zaviyəsində 1321-ci ilə aid olan başqa bir vəqfinin də olduğu ehtimal edilir, lakin orada vəqf sahibinin atasının adı Mehmed olaraq qeyd edilmişdir.[1]
Yaqubun 1340-cı ildə Məmlük sultanlığı ilə məktub mübadiləsi apardığı məlumdur. Bunlar onun həyatının ən son məlum qeydləridir və ölümünün dəqiq ili məlum deyil.[5] Yaqubun ölümündən üç əsr sonra fəaliyyətə başlamış Övliya Çələbinin yazdığına görə, o, Kütahya yaxınlığındakı Hıdırlıq təpəsində dəfn edilmişdir.[6] Yaqubun "Çaxşadan" ləqəbli, Mehmed adında bir oğlu var idi. Mehmed onun varisi idi və o öldükdən sonra taxt-tacda onun yerinə keçmişdir.[5]
Yaqubun atası Əlişirin nəvəsi, Müzəffərəddin Əlişirin oğlu Kəriməddin Əlişir idi. Yaqubun Hüsaməddin adlı bir qardaşı, həmçinin Bədrəddin Murad adlı bir oğlu olduğu məlum olan bir bacısı var idi. Yaqubun iki qızı var idi.[3] 1363-cü il tarixli sənədə əsasən, Yaqubun Musa adlı başqa bir oğlu da var idi.[5]