Ələkbər bəy Xasməmmədov
Ələkbər bəy Xasməmmədov (1870, Yelizavetpol – 1925, Bakı) — ictimai, siyasi xadimi, hüquqşünas. Gəncə şəhər Dumasının, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Gəncə Müsəlman Milli Komitəsinin, Difai Partiyasının Mərkəzi Komitəsinin üzvü, Qeyrət partiyasının qurucularından biri.
Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Mart soyqırımını araşdırmaq üçün hökumətin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sədri daha sonra isə Azərbaycan Məhkəmə Palatasının böyük sədri vəzifələrini icra edib.
Ələkbər bəy Xasməmmədov 1870-ci ildə Gəncədə anadan olub. Moskvada hüquq təhsili alıb. Gəncə şəhər Dumasının, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və onun təftiş komissiyasının üzvü olub.
1905-ci ilin yayında Qafqazda yerli idarəetmə orqanlarının təşkili ilə bağlı yaradılan üç nəfərdən ibarət heyətin (Əlimərdan bəy Topçubaşov və Adil xan Ziyadxanovla birlikdə) üzvü seçilib. Bu heyət Gəncə bələdiyyə seçkilərinin nəticələrini təsdiq etdirməli, müsəlmanların yerli idarə orqanlarına seçilməsindəki hüquqi məhdudiyyətlər aradan qaldırılmayınca yeni seçkilərin dayandırılması üçün müvafiq Rusiya orqanları qarşısında məsələ qaldırmalı idi. Ələkbər bəy 1905-ci ildə Gəncədə yaradılmış Qeyrət partiyasının qurucularından biri olub.
1906-cı il fevralın 20-də Azərbaycanlı və erməni nümayəndələrinin Tiflisdə keçirilən "barışdırıcı qurultayında" Gəncə qəzasını Adil xan Ziyadxanla birgə Ələkbər bəy Xasməmmədov da təmsil edib.