Xəlil bəy Xasməmmədov (tam adı: Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov, mühacirətdə: Halil Has Mehmet Gürgören; 25 oktyabr 1873, Yelizavetpol – 11 avqust 1945, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə və daxili işlər naziri.
Xəlil bəy Xasməmmədov | |
---|---|
Xəlil bəy Hacıbaba oğlu Xasməhəmmədov | |
24 dekabr 1919 – 1 aprel 1920 | |
Əvvəlki | Teymur bəy Makinski (vəzifə bərpa edilib) |
Sonrakı | vəzifə ləğv olunub |
6 oktyabr 1918 – 7 dekabr 1918 | |
Əvvəlki | Fətəli xan Xoyski |
Sonrakı | Teymur bəy Makinski |
28 may 1918 – 17 iyun 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Fətəli xan Xoyski |
26 dekabr 1918 – 14 mart 1919 | |
Əvvəlki | Behbud xan Cavanşir |
Sonrakı | Nəsib bəy Yusifbəyli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 oktyabr 1873 |
Doğum yeri | |
Vəfat tarixi | 11 avqust 1945 (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1], diplomatiya[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xəlil bəy Xasməmmədov 1873-cü ildə Gəncədə anadan olmuşdur. Gəncə klassik gimnaziyasında orta təhsil almışdır O, Moskva Universitetinin hüquq fakültəsini (1895) bitirib müstəntiq işləmişdir.
Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləmişdir.[2]
Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilmişdir (1907). Xəlil bəy Xasməmmədov Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olmuş, xalq azadlığı partiyasını təmsil etmişdir. Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov fraksiyanın proqramını "Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğundan, tam şəkildə qəbul etmirdilər. Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırmış və onun qanunvericilik yolu ilə keçirilməsini təklif etmişdi. "İttifaqi-müslimin" təşkilatının din və hüquq komissiyalarının üzvü olmuşdur.
3-cü Dövlət dumasında (1907–1912) Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat idi. O, Dumanın imperatora müraciət hazırlanması, sorğular, köçürmə işi, məhkəmə islahatı üzrə komissiyalannın üzvü idi. Xəlil bəy Xasməmmədov Qafqaz müsəlmanlarının mənafeyini müdafiə edərək Duma deputatlarına bəyan etmişdi ki, "dövlətimizin siyasi quruluşunun bu və ya başqa ciir adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir". Xasməmmədov Dumanın iki illik fəaliyyəti dövründə müsəlmanların hüquqlarının imperiyanın əsas əhalisi ilə bərabərləşdirilməsi, onların maarifiənməsi, rifahının yüksəldilməsi üçün heç bir iş görülmədiyini Duma üzvlərinin nəzərinə çatdırmış, kəndlilərin torpaq azlığından əziyyət çəkdiyini vurğulamışdır.[2]
Xasməmmədov Dumanın bütün fəaliyyəti dövründə müxtəlif sorğular və məsələlər üzrə (ədalətli idarəçilik, yerli əhaliyə torpaq verilməsi, xalq təhsili, hərbi mükəlləfıyyət, seçki, dini etiqad, zemstvə idarələrinin tətbiqi, yerli məhkəmənin dəyişdirilməsi və s.) çıxış etmişdir. Xalq təhsili məsələləri barədə çıxışlarında Xasməmmədov ibtidai məktəbdə ana dilində təhsili müdafiə etsə də, "dövlət dilini bilməyi zəruri" sayırdı. Xasməmmədov Zaqafqaziya (Qori) seminariyası Azərbaycan şöbəsinin Yelizavetpola (Gəncəyə) köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi barədə Xalq Maarifi Nazirliyi qarşısında vəsatət qaldırmışdı. O, 1911 il noyabrın 30-da hərbi mükəlləfıyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb etmişdi.[2]
Xasməmmədov Yelizavetpol şəhər bələdiyyə rəisi (1913–1917) işləmişdir. Fevral inqilabından (1917) sonra Gəncədə "Türk Ədəmi-Mərkəziyyət" partiyasının yaradıcılarından biri, 1917 ildə keçirilmiş Qafqaz (Bakı, aprel) və Ümumrusiya (Moskva, May) müsəlmanları qurultaylarının iştirakçısı olmuşdur. "Müsavat" partiyasının birinci qurultayında (Bakı, 1917, 26–31 oktyabr) Mərkəzi Komitənin üzvü seçilmişdir. Xasməmmədov Azərbaycan milli hərəkatının rəhbərlərindən biri, Yelizavetpol Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli şurasının (1918, 27 may) üzvü olmuşdur. O, 1918 ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə daxil idi.[2]
Xəlil bəy bütün həyatı boyu "Azərbaycana muxtariyyət" amalı uğrunda mübarizə aparmış, onun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyətində ədliyyə sisteminin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə 1918-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur[3]
X. Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918 il 6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışmışdır. "Müsavat" partiyasından Azərbaycan Parlamentinin üzvü idi. Xəlil bəy Xasməmmədov Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında (1919, aprel-iyun) iştirak etmişdir.
Xasməmmədov 1920 ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunmuşdu. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmamış, İstanbulda yaşamış, coşğun siyasi-publisistik fəaliyyət göstərmiş, "Yeni Qafqasya" (1923–1927), "Azəri-türk" (1928–31), "Odlu yurd" (1920–1930), "Azərbaycan yurd bilgisi" (1932-ci ildən nəşr olunub) jurnallarında, Parisdə fransızca çıxan "Prometey" (1929–38), rusca "Kavkaz" (1932–1938), Berlində Azərbaycan türkcəsində nəşr edilən "İstiqlal" (1932–1934) və "Qurtuluş" (1934–1938) qəzet və jurnallarında siyasi məzmunlu məqalələr dərc etdirmişdir.
Xasməmmədov Azərbaycan Milli Mərkəzinin (1924, İstanbul) Mərkəzi Komitəsinin və "Müsavat" partiyası xarici bürosunun (İstanbulda fəaliyyət göstərirdi) 3 nəfərdən (Məhəmməd Əmin Rəsulzadə — sədr, Mirzə Bala Məmmədzadə — katib və Xəlil bəy Xasməmmədov — xəzinədar) ibarət rəyasət heyətinin üzvü idi. 1930-cu illərin əvvəlində Milli Mərkəz və Xarici Büro daxilindəki ixtilafların dərinləşməsi Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələndi. Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli və digərləri ilə birlikdə Xasməmmədov M. Ə. RəsuIzadəyə qarşı müxalif mövqedə dayanırdı. Sovet hökumətinin təzyiqi ilə Məhəmməd Əmin Rəsulzadə Türkiyəni tərk etdikdən. sonra Xəlil bəy, Şəfi bəy Rüstəmbəyli və başqalarının Avropadakı mərkəzdən göstəriş almadan, müstəqil fəaliyyət göstərmək meyli gücləndi. Nəticədə, Milli Müsavat Xalq Partiyasının konfransında (avqust 1936, Varşava) Xəlil bəy Xasməmmədov partiya sıralarından xaric edilmişdi.
Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqlan ilə sıx birliyinin qızğın tərəfdarı olan Xasməmmədov Azərbaycan və şimali Qafqaz mühacirləri tərəfındən yaradılmış "Azərbaycan-Dağlılar birliyi" adlanan qurumun ilk sədri seçilmişdi. 1942-ci ilin yazında Almaniyanın Xarici işlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy Xasməmmədov da olmuşdur.
O dövrdə daxili işlər orqanları hərbi nazirlik, təhlükəsizlik və xüsusi xidmət orqanları ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərirdi. Bunun da əsas səbəblərindən biri o idi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı işləyən əks qüvvələrin xeyli hissəsi milli ordunun və digər qurumların tərkibində əsgər, çavuş, zabit, polis və s. vəzifələr daşıyırdılar. Ona görə də hökumətin əleyhinə planlaşdırılan hər hansı bir təxribatın qarşısını almaq üçün belə birgə fəaliyyət zəruri idi.[4]
Ömrünün qalan illərini İstanbulda yaşamış Xəlil bəy 1945-ci il avqustun 11-də[5] xərçəng xəstəliyindən vəfat edib və bir gün sonra Əhməd bəy Ağaoğlunun məzarının yanında, Fəriköy məzarlığında dəfn edilib.