Yaşar Zeynalov
Yaşar Zeynalov (5 aprel 1960, Bakı) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı.
== Həyatı ==
Yaşar Zeynalov 5 aprel 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Rəsimə 1975–1979-cu illər arasında Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində başlamışdır. 1979-cu ildə bu məktəbin məzunu olaraq, 1979–1985-ci illər arasında təhsilinə İ. Y. Muxina adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında davam etmişdir.
== Fəaliyyəti ==
1987-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasında müəllim işləməyə başlamış və 1994-cü ilə qədər bu vəzifəni davam etdirmişdir.
Yaşar Zeynalov 40-dan çox cizgi filmində rəssam kimi çalışmış və 500-dən çox kitab üçün illüstrasiyalar üzərində işləmişdir.
Rəssam Yaşar Zeynalovun əsərləri Bakı, Moskva, Sankt-Peterburq, Riqa, Tallin, Tbilisi, Minsk, Kiyev, Berlin, İstanbul, Ankara və İzmirdə 4 fərdi və 50-dən çox qrup sərgisində sənətsevərlərə təqdim edilmişdir. Sənətçinin şəkilləri Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Amerika, Hollandiya, Avstriya, İngiltərə, Yaponiya, Səudiyyə Ərəbistanı və İraqda bir çox böyük kolleksiyalarda yer almaqdadır.
2005–2008-ci illəri arasında İstanbul Böyükşəhər Bələdiyyəsinin Topkapı Mədəniyyət Parkında yerləşən "Panorama 1453 Tarix Muzeyi" nin inşasında Baş Rəssam vəzifəsində çalışmışdır.
2012-ci ildə Harbiye Hərbi Muzeyi üçün "Mohaç döyüşü" dioramını;
2016-cı ildə Konyada "Zindankale" dioramasını;
2017-ci ildə Konya İslam Mədəniyyət Mərkəzində "Konyanüma" panoramasını;
2018-ci ildə "Bursa 1326" panoramasını;
2018-ci ildə "Manisa Mesir Macunu Festivalı" nın dioramasını hazırladı.