Yom Kippur müharibəsi
Yom Kippur müharibəsi və ya digər adları ilə Ramazan müharibəsi, Oktyabr müharibəsi (ivr. מלחמת יום הכיפורים, Milẖemet Yom HaKipurim, və ya מלחמת יום כיפור, Milẖemet Yom Kipur; ərəb. حرب أكتوبر, Ḥarb ʾUktōbar, və ya حرب تشرين, Ḥarb Tišrīn) Misir və Suriyanın başçılığı altındakı Ərəb dövlətlərindən ibarət koalisiya ilə İsrail arasında 6–25 oktyabr 1973-cü il tarixləri arasında baş vermiş döyüşlərə verilən addır. Bəzi ədəbiyyatlarda 1973 Ərəb-İsrail müharibəsi də adlandırılır. Döyüşlər ən çox 1967-ci ildə baş vermiş Altıgünlük müharibə ərzində İsrail tərəfindən ələ keçirilmiş ərazilərdə, Sinay yarımadasında və Qolan təpələrində baş tutmuşdur. Müharibənin baş verməsinin əsas səbəblərindən biri də Misir prezidenti Ənvər Sadatın Süveyş kanalını yenidən açmağa cəhd etməsi olmuşdur.
Müharibə 6 oktyabr tarixində yəhudi xalqı üçün ən müqəddəs gün sayılan Yom-Küpür günü Ərəb koalisiyası tərəfindən İsrail mövqelərinə gözlənilən hücumla başladı. Misir və Suriya qoşunları gözlənilməz hücum nəticəsində atəşkəs xəttini keçərək Sinay yarımadası və Qolan təpələrinə daxil oldular. ABŞ və SSRİ müharibəni kəskin şəkildə pisləsə də, hər iki dövlət müharibə ərzində qarşı cəbhələrdə mövqe tutdular ki, bu da nüvə silahına malik iki dövləti qarşı-qarşıya qoydu.
Misir qoşunları uğurlu hücum əməliyyatı nəticəsində Sinay yarımadasına daxil olsa da, İsrail tərəfi öz qoşunlarını üç gün ərzində toplayaraq əks-hücuma keçdi və hücumda olan Misir qüvvələrini geri çəkilməyə məcbur etdi.