Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti
Bakı Şəhər Xalq Deputatları Soveti, 1937-ci ildən 1977-ci ilədək Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1920-ci ildən 1937-ci ilədək Bakı Fəhlə, Əsgər və Matroslar Soveti və ya qısaca Bakı Şəhər Soveti, Baksovet — Azərbaycan Sovet Sosialist Respublikasında Bakı şəhərinin yerli özünüidarə orqanı.
== Tarixi ==
Aprel işğalından sonra Bakı Şəhər İctimai Özünüidarəsinin də fəaliyyətinə son qoyuldu. Hakimiyyəti ələ alan Azərbaycan Kommunist Partiyası Bakı şəhərində Bakı Müvəqqəti İnqilab Komitəsini təsis etdi. Bu komitəyə rəhbərlik Əliheydər Qarayevə tapşırıldı.
1 ay sonra, 28–29 may tarixlərində Bakı Müvəqqəti İnqilav Komitəsinin xələfi və Bakı şəhərinin yeni yerli qanunverici orqanı Bakı Fəhlə, Əsgər və Matroslar Sovetinə, qısaca Bakı Sovetinə seçkilər keçirildi.
I çağırış Bakı Sovetinin ilk sessiyası 13 iyun 1920-ci ildə keçirilmişdir. Həmin iclasda Bakı Sovetinin İcraiyyə Komitəsinə üzvlər və sədr seçilmişdir. İclasda Əliheydər Qarayev Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri seçilmişdir. İcraiyyə Komitəsinin sədri seçildikdən sonra Əliheydər Qarayev Aşqabadda dəfn olunmuş 26 Bakı komissarının nəşlərinin Bakıya gətirilməsini təklif etmiş, təklif iştirakçılar tərəfindən dəstəklənmişdir. O, Bakı Soveti İcraiyyə Komitəsinin sədri kimi oktyabrın 31-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən hazırlanmış 1908-ci ildə fəaliyyətə başlamış "Kurinskaya Voda" müəssisəsinin milliləşdirilməsi və müəssisənin idarə olunmasının Bakı Sovetinin su təchizatı idarəsinə verilməsi haqqında dekreyini imzalayanlardan biri idi.