ÇİŞTİLƏR

sufi təriqətlərindən biridir. Təriqətin adı Muinəddin Həsən Çişti (633/1236) ilə bağlıdır. Onun soyu Sistandan gəlməkdədir. O, Buxara və Səmərqənd məktəblərində təhsil alıb, sonra Bəlxə, daha sonra isə Bağdada getmişdir. Orada o, Əbdülqədir Gilani, Sührəvərdi, Nəcməddin Kübra kimi tanınmış sufi alimləri ilə görüşmüşdür. O, Herat yaxınlığındakı Çişt kəndinin ətrafında yaşamış şeyx Əbu İshaq Şaminin başçılığı altında mənəvi yolçuluğa başlamışdır. Oradan o, Hindistana gedib məzarının yerləşdiyi Əcmərdə vəfat etmişdir. Elə orada da öz təkkəsini yaratmışdır. Çiştilər Hindistanda ən geniş yayılmış sufi təriqətidir. Onun davamçıları müasir Hindistan və Pakistanın islamlaşdırılmasında böyük rol oynamışdırlar. Bir müddət təriqətə Nizaməddin Övliya (726/1325-ci ildə vəfat etmişdir) başçılıq etmişdir. O dövrlərdə çiştilər yüksəliş dövrünü yaşamışdırlar. Ondan sonra bu təriqətdə parçalanma baş vermişdir. Dehli sultanı II Qiyasəddin Məhəmməd şahın (726/1325 – 752/1351) dövründə çiştilərə qarşı təqiblər olmuş, buna görə də onlar gücdən düşüb parçalanmışdırlar. Bundan sonra tarixin müxtəlif dövrlərində onların Uttar-Pradeşdə sabirilər, Pəncab və Sinddə nizamilər kimi bir çox qolları inkişaf etməyə başlamışdır. Çiştilərin səsli (cəhri) və səssiz (hafi) zikrləri vardır. Onların qırx günlük təkliyə (xəlvətə) çəkilmə, dünya həyatından uzaqlaşma kimi sufi adətləri mövcuddur. Onların mənəvi yolu 3 pilləlidir: şəriət, təriqət və həqiqət. Bu yolda onlar 44 məqamdan və 15 haldan keçməlidirlər. Çiştilərin arasında Vəhdətül-Vücud təlimi geniş yayılmışdı. Onlar İbn Ərəbinin əsərlərini şeyx Məsud bəydən öyrənmişdirlər. Çişti təriqətinin yazılı mənbələri onların şeyxlərinin dediklərindən və əsərlərindən ibarətdir. Hindistandan başqa çiştilər İndoneziya, Malayziya və digər Uzaq Şərq ölkələrində müsəlmanlar arasında geniş yayılmışdır.
CÜVEYRİYƏ BİNT HARİS
DARUN-NƏDVƏ