Beyləqan ərazi özünümüdafiə batalyonu
Beyləqan ərazi özünümüdafiə batalyonu (kiril qraf. Бејләган әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Beyləqan batalyonu — Qarabağ müharibəsində Beyləqan rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu.
== Yaranması ==
Beyləqan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə həmsərhəd olmasa da, həmin ərazilərə yaxınlığı ilə seçilir. Qarabağ münaqişəsinin ilk vaxtlarında XX əsrin 80-cı illərinin sonunda Beyləqan əhalisi, xüsusilə gənc nəsil könüllü qaydada döyüş bölgələrinə Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Ağdam, Laçınlarına üz tutur, orada yerli əhalinin özünümüdafiə dəstələrinə yardım edirlər.
1991-ci ilin oktyabr ayından etibarən respublikada milli müdafiə batalyonlarının yaradılmasına başlanılır. O dövrdə ancaq Dağlıq Qarabağ və Ermənistanla sərhəd rayonlarda özünümüdafiə batalyonların yardılmasına icazə verilir. Bu səbəblə Beyləqan kimi münaqişə ocağından nisbətən aralı rayonda batalyonun yaradılmasına Müdafiə Nazirliyi əmr verməmişdi. Lakin rayon rəhbərliyi, hərbi komissarlıq, xüsusilə rayon gəncləri belə bir batalyonun yaradılmasını arzulayır.
1991-ci ilin payızından etibarən Beyləqan əhalisi müdafiə məqsədilə lazımi hazırlıqlara başlayır, rayon ərazisində olan idarə, müəssisə və təşkilatlar yerli əhali ilə birlikdə batalyonların yaradılmasında iştirak edir, vəsait toplanır. 1991-ci ilin sonlarında Müdafiə Nazirliyinin nümayəndələri tez-tez Beyləqan rayonunda olur, rayon rəhbərliyi və hərbi komissarlığın nümayəndələri hər dəfə onlarla görüşdükdə rayonda könüllülərdən ibarət özünümüdafiə batalyonun yaradılması firkini irəli sürür və batalyon yaratmağa hazır olduqlarını bildirirlər.