ŞƏRİFLƏR
Məhəmməd peyğəmbərin nəvəsi Həsənin soyundan olanlardır.
Misirdə Fatimilərin xəlifəliyi dövründə (297/910 – 567/1171) Məhəmməd peyğəmbərin qızı Fatimənin hər iki oğlu Həsən və Hüseynin soyundan olanları şəriflər adlandırırdılar.
Ancaq, sonra yalnız Həsənin soyundan olanları belə adlandırılmağa başlanmışdır.
Şəriflər də seyidlər kimi Xilafətin müxtəlif dövrlərində, siyasi səbəblər üzündən təqib olunmuşdurlar. Abbasi xəlifəsi Əbu Cəfər Mənsurun (139/754 – 158/775) xəlifəliyi dövründə şəriflər təqib olunmuş, Harun ər-Rəşidin dövründə isə onlara böyük sayğı və və ehtiram göstərilmişdir. O zaman şəriflər cübbə adlanan yaşıl rəngli uzun geyim və baş örtüyü geyinirdilər. Məmlüklər (I) dövrü və Osmanlı imperiyasında da onlar buna bənzər geyimlər geyinmişdirlər.
Abbasilər dövründən başlayaraq seyidlər və şəriflərin işlərinə nakiblər adlanan dövlət məmurları baxırdılar. Şəriflərdən dövlət başçıları və valilər təyin edilirdi. Onlardan hətta Məkkə valiləri də təyin olunurdu.
Ayrıca, Şimali Afrikadakı İdrisilər dövlətinin kralları da şəriflər olmuşdur.