Vaqif Əlixanlı
Vaqif Əlixanlı (tam adı: Əlixanov Vaqif Ənvər oğlu) — Azərbaycan nasiri, dramaturq, tərcüməçi. Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri (2015-2022), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1972), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019).
== Həyatı ==
Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Azərbaycan SSR-nin Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub.
Universitet illərində hərbi xidmətini başa vurub, universiteti bitirərək, 1968-ci ilin avqustundan Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb.
"Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişinin yaradıcılılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri populyarlığı, yüksək peşəkarlığı ilə seçilib.
1976-cı ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib.
1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunub.
O vaxtkı Azərbaycan SSR Teatr truppaları və musiqi heyətləri ilə respublikanı Yaponiya, Norvec, Türkiyə və başqa ölkələrdə, eləcə də İttifaqın müxtəlif yerlərində təmsil edib.
1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən – AzTV-yə qayıdır.