Əxi Evrən
Əxi Evrən (dekabr 1169, Xoy, Qərbi Azərbaycan ostanı – 1 aprel 1261, Kırşəhər) – Mənşəcə Ələvi Türk sufisi olan, əxilik təriqətinə mənsub sufi alim. Güney Azərbaycanın Xoy şəhərində anadan olan Əxi Evrən, uzun bir səfərdən sonra Xorasandan Anadoluya gələrək Hacı Bektaş Vəlinin Ələvi-Bektaşi, sufi türkmən məzhəbinə bağlanmış, öz adını daşıyan Əxilik təşkilatının qurucusu olmuşdur. O, dabbaqların ələvi türkmən ustadı və şeyxi, 32 növ tacir və sənətkarın lideri idi.
Əxi Evrən bu günə qədər gəlib çıxan əsərlərinin heç birində öz adını tam çəkməmişdir. O şəxsindən “bu zəif”, “bu kasıb” kimi ifadələrlə bəhs etmiş, buna baxmayaraq bəzi əsərlərində kəlamçı olduğunu və adının Mahmud olduğunu örtülü bir formada söyləmişdir. Mənbələrin verdiyi məlumata əsasən onun tam adı Şeyx Nəsrəddin Əbül Haqayiq Mahmud ibn Əhməd əl-Xoyidir. Ölümündən bir müddət sonra təxminən XV əsrin ortalarında qarşımıza Əxi Evrən adı ilə çıxır. Lakin bu adın “Evrən”, “Evran” yoxsa “Örən ” olduğu mübahisəlidir. Mənaqıbnamə mətnlərində Evrən sözü ilan, əjdaha mənasında işlənir. Professor Mikayıl Bayram, Əli Əfəndi, Aşıq Paşazadə və Dədə Qorqudda işlənmə formasına görə Evrən tələffüzünə üstünlük verir.