Əxi Əmrə (Təbriz – 1409) — Mənşəcə türk olan Azərbaycan sufi alimi.
ƏXİ ƏMRƏ | |
---|---|
Doğum yeri | Təbriz (Heri,Kəlibat), Azərbaycan,Ağqoyunlu dövləti |
Vəfat tarixi | 1409-1410 |
Vəfat yeri | Qırşəhər, Osmanlı |
Ömər Xəlvətinin davamçısı Əxi Əmrə Təbrizin Heri qəsəbəsinin Kəlibat kəndində doğulub. Heri və Şirvanda yaşamış və elm təhsilini də bu yerlərdə almışdır. Əmir Teymurun yürüşləri zamanı Heridən köç edərək Anadoluya gəlmiş və Qırşəhərdə məskunlaşmışdır. Bəzi müəlliflər qeyd edirlər ki, ona əxi deyilməsinin səbəbi Əxi Evrənin nəslindən olmasıdır, lakin Mehmet Rıhtım yazır ki, Əxi Evrənin Xoylu olduğunu nəzərə alsaq və Anadoluda yaşayıb öldüyünü düşünsək bu ehtimal zəif xarakter daşıyır. Şeyx Əxi Əmrə 1409–1410-cu ildə vəfat etmişdir.
Qəbrinin Qırşəhərdə Təpəviran kəndində və Heri qəsəbəsində Güzərgah körpüsü yaxınlığında xəlvətilər qəbristanlığında olması kimi iki ziddiyyətli məlumat var.
Qırşəhərdə Əxi Evrənin xanəgahı və qəbri mövcuddur, lakin Əxi Əmrəyə aid hər hansı bir qəbrə rast gəlinməyib. Mehmet Rıhtım isə qeyd edir ki, Əxi Əmrənin Şirvanda yaşayıb, elə burada da dəfn edildiyini güman etmək olar.
Onun vəfatı zamanı Şirvanda Şirvanşah Şirvanşah I İbrahim xan (1382–1417) hakimiyyətdə idi. Şeyxin dörd xəlifəsi bunlardır: məkkəli Əbu Talib, sinoplu Pir Təvəkkül, şirvanlı Əmir Rəbbani və şamaxılı İzzəddin Xəlvəti.