Əxi Evrən

Əxi Evrən (dekabr 1169, Xoy1 aprel 1261, Kırşəhər) – Mənşəcə Ələvi Türk sufisi olan[1], əxilik təriqətinə mənsub sufi alim. Güney Azərbaycanın Xoy şəhərində anadan olan Əxi Evrən, uzun bir səfərdən sonra Xorasandan Anadoluya gələrək Hacı Bektaş Vəlinin Ələvi-Bektaşi, sufi türkmən məzhəbinə bağlanmış, öz adını daşıyan Əxilik təşkilatının qurucusu olmuşdur. O, dabbaqların ələvi türkmən ustadı və şeyxi, 32 növ tacir və sənətkarın lideri idi.

Əxi Evrən
Şeyx Nəsrəddin Mahmud
Doğum tarixi
Doğum yeri Xoy
Vəfat tarixi
Vəfat yeri Qırşəhər
Vəfat səbəbi Öldürülüb
Vətəndaşlığı Səlcuq imperiyası
Milliyyəti Türk
Dini İslam (Ələvi-Bəktaşi)
Fəaliyyəti vaiz[d]

Adının etimologiyası

[redaktə | mənbəni redaktə et]

Əxi Evrən bu günə qədər gəlib çıxan əsərlərinin heç birində öz adını tam çəkməmişdir. O şəxsindən “bu zəif”, “bu kasıb” kimi ifadələrlə bəhs etmiş, buna baxmayaraq bəzi əsərlərində kəlamçı olduğunu və adının Mahmud olduğunu örtülü bir formada söyləmişdir. Mənbələrin verdiyi məlumata əsasən onun tam adı Şeyx Nəsrəddin Əbül Haqayiq Mahmud ibn Əhməd əl-Xoyidir. Ölümündən bir müddət sonra təxminən XV əsrin ortalarında qarşımıza Əxi Evrən adı ilə çıxır. Lakin bu adın “Evrən”, “Evran” yoxsa “Örən ” olduğu mübahisəlidir. Mənaqıbnamə mətnlərində Evrən sözü ilan, əjdaha mənasında işlənir. Professor Mikayıl Bayram, Əli Əfəndi, Aşıq Paşazadə və Dədə Qorqudda işlənmə formasına görə Evrən tələffüzünə üstünlük verir. Fransız alim Taeschner də onun kimi Evrən tələffüzündən istifadə edib. Bir digər türk tarixçi Cavad Haqqı Tarım isə Evran adını ön plana çəkir. Örən tələffüzünə isə Fuad Körpülünün tədqiqatlarında rast gəlmək mümkündür.

Şeyx Nəsirəddin Əbül Haqayiq Mahmud bin Əhməd əl-Xoyi hicri 566/ miladi 1171-ci ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. Atasının adı Əhməddir. Anasından öz əsərlərində “Qadın ana” kimi bəhs etdiyi üçün əsl adı tam dəqiq bilinmir. Onun Cənubi Azərbaycanın Xoy şəhərində anadan olması tarixşünaslıqda etnik mənasubluğu ilə bağlı bəzi mübahisələr doğursa da, Xoy şəhəri Səlcuqlu sultanı Toğrul zamanından Türkmənlərin yaşayış məntəqələrindən biri olduğu üçün əslən türk olması qəbul edilən faktlardandır. Əxi Evrənin doğum ili ilə bağlı da bir sıra iddialar irəli sürülmüşdür. Belə ki, onun doğum ili bəzi mənbələrdə 1171 bəzi mənbələrdə isə 1236-cı il kimi qarşımıza çıxır. Lakin yaxın dostu Sədrəddin Konəviyə yazdığı bir məktubda 1199-cu ildə Heratda Fəxrəddin ər-Razinin xidmətində çalışdığını bildirməsi bu məsələ ilə bağlı mübahisələri sonlandırmışdır.[2]

Əxi Evrənin uşaqlığı doğulduğu Azərbaycanda, Xoy şəhərində keçib. İlk təhsilini Əhməd Yəsəvinin Xorasan və Mavəraünnəhr ətrafındakı tələbələrindən alıb. Daha sonra həcc ziyarəti zamanı Əvhədüddin Kirmani ilə tanış olur. Kirmani də Əhməd Yəsəvi kimi türkcə danışan, Anadolu türkmənləri və dərvişləri üzərində dərin iz buraxan bir şəxs idi. Bu cəhəti ilə Əxi Evrənə də təsir etmiş, hətta onu qızı Fatma Bacı ilə evləndirmişdir.[3]

Əxi Evrən 1204-cü ildə Bağdada gəlir. Burada bir sıra elm adamları ilə yanaşı Fəxrəddin ər-Razi ilə tanış olur. Bağdadda olarkən 34-cü Abbasi xəlifəsi Nasir li-Dinillahın qurduğu Fütüvvət təşkilatına qoşulur. Əsərlərindən də məlum olur ki, Əxi Evrən Bağdadda öz təhsilini geniş inkişaf etdirərək, təfsir, hədis, kəlam, fiqh, təsəvvüf, fəlsəfə və tibb sahəsində əsərlər qələmə almışdır. O həmçinin, İhvanüs-Səfanın, Fərabinin, İbn Sinanın , Fəxrəddin ər-Razinin əsərlərini oxumuş bəzilərini isə tərcümə etmişdir.[4]

Kayseriyə gəlişi və Əxilik təşkilatı

[redaktə | mənbəni redaktə et]

Əxi Evrən 1205-ci ildə müəllimi Kirmani ilə birlikdə Anadoluya, daha sonra isə Türkiyənin Kayseri şəhərinə gəlir. Hacı Bektaş Vəlinin Vəlayətnamə əsərində Əxi Evrən ilə bağlı belə bir qeyd var

“Həzrəti Hükar Hacı Bektaş Vəli Xorasan diyarından Ruma gəlib suluyca Qarauyuqda qərar qıldıqdan sonra, Əxi Evrən sultan Konya şəhərindən Kayseriyə oradan Kırşəhərə gəlmişdir. ”

Vəlayətnamənin başqa bir bölməsində isə Əxi Evrənin Kayseridə bir dabbaqxanası olduğu və burada işlənilmiş dəri satdığından bəhs olunur.[5]

Burada o, yerli əhalisi ermənilərdən, yunanlardan və çox az sayda xristian türklərdən və sonradan buraya köçən müsəlman türkmənlərdən ibarət bir Kayseri ilə qarşılaşmış, Ədməd Vəhbi Əcərin qeyd etdiyi kimi özünü etnik və etnik cəhətdən tək hiss etmişdir. Mərkəzi Asiyadan köçüb Kayseridə məskunlaşan türklər arasında Əhməd Yəsəvi dərvişləri, alimlərlə yanaşı , tacir və sənətkarlar da var idi. Yerli erməni və yunan (Bizans) həmkarları ilə rəqabət aparmaq, peşə və ticarətlərini möhkəm saxlamaq üçün onlara birlik və həmrəylik lazım idi.[6] Bu ehtiyacı çox yaxşı təsbit edən Əxi  Evrən əvvəlcə Kayserili əsnaf və sənətkarları bir ittifaq altında toplayaraq, sənət və ticarət etikasını və maraqlarını təmin etmək məqsədilə Əxilik qurumunu yaratdı. Daha sonra dövlətin himayəsi və dəstəyi ilə sənətkarların sənətlərini icra etmələri üçün bir sənaye şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edən Əxi Evrən bu şəbəkənin mərkəzindəki məscid və xanəgahda təşkilat mənsublarına dini və dünyəvi təhsil verməyə başlayır. Əxilik zaman ilə elə bir məqama çatır ki, əsrlər boyu tacir və sənətkarlara istiqamət göstərərək, Hacı Bektaş adət-ənənələri ilə birlikdə yeniçəriliyin yaranmasında da mühüm amil olur. Hətta dövlət adamları da bu təşkilata qoşulmağı şərəf hesab edirdilər. I Əlaəddin Keyqubadın Əxilik institutuna himayədarlığı nəticəsində bu şəbəkə bütün Anadoluya yayıldı. Bundan əlavə, Əxi Evrən Bəktaşilər arasında “Qadın Ana” kimi tanınan Kirmaninin qızı, həyat yoldaşı Fatma Xatun vasitəsilə Kayseridə Baciyan-ı Rum (Anadolu Bacıları) təşkilatını qurmuşdur.[7]

Əxi Evrənin 1227-1228 (h. 625) ildən sonra Konyada məskunlaşdığı və sənəti ilə məşğul olduğu, həmçinin müdərrislik etdiyi bilinir. II Qiyasəddin əxilərin hamisi atası Sultan I Əlaəddin Keyqubad (miladi 1237) öldürərək onun yerinə keçir. Sultan və vəziri Sadəddin Köpək əxilərə qarşı çıxırlar. Nəricədə Əxi Evrən və bir çox əxilər həbs edib cəzalandırılır. Bu hadisələr əxilərin və türkmənlərin üsyanına səbəb oldu. Bu vaxt monqol ordusu Anadoluya girərək Səlcuq ordusunu məğlub etdi. Əxilər monqollara müqavimət göstərsələr də, şəhərə daxil olan monqollar Əxi Evrənin həyat yoldaşı Fatma Bacı da daxil olmaqla bir çox şəxsi qılıncdan keçirib, bəzilərini əsir götürürlər. Bu hadisələrdən sonra Əxi və Bacı təşkilatı dağıldı.[8]

Qiyasəddin Keyxosrovun vəfatından sonra azadlığa çıxan Əxi Evrən, təxminən bir il Dənizlidə qaldıqdan qısa müddət sonra Şəms-i ​​Təbrizinin qətlində əməkdaşlıq etdiyi, Mövlananın oğlu Əlaəddin Çələbi ilə Kırşehərdə məskunlaşır. Evrən həyatının təqribən 14-15 ilini burada yaşayır.[9]

Əxi Evrənin Kırşəhərdə məskunlaşması ilə əxi təşkilatı (əvvəlki qədər olmasa da) güclənir. Lakin əxilərin və türkmənlərin monqollara qarşı dəstəklədiyi vəzir Qadı İzzəddinin məğlubiyyəti ilə onlar daha bir ağır zərbə alırlar. Monqol tərəfdarı olan IV Rüknüddin Qılıncarslan Konyada taxta çıxdıqdan sonra Əxi Evrən və əxilərə  qarşı mübarizəyə başlayır.[10]

Mövlana Cəlaləddin Rumi ilə ixtilafı

[redaktə | mənbəni redaktə et]

Əxi Evrən və ətrafı ilə Mövlana Cəlaləddin Rumi və ətrafı arasında baş verən qarşıdurmanın kökləri çox qədim dövrlərə gedib çıxır . Bu qarşıdurmalar Əxi Evrənin müəllimi, təfsirçi-ilahiyyatçı Fəxrəddin ər- Razi ilə Mövlananın atası Bahaəddin Vələd arasındakı ixtilafın Anadolu uzantısıdır. Bu ixtilaf və mübahisə nəticəsində Xarəzm sultanı Məhəmməd şah Fəxrəddin ər -Razini dəstəkləyincə, Bəhaəddin Vələd mühacirət edir və Anadoluya gəlir. Əslində, istər Mövlanə, istərsə də Şəmsi Təbrizi əsərlərində ər-Razini tənqid edirdi.[11]

Bu iki şəxs arasında ixtilafın digər bir səbəbi isə məzhəb və məşrəbləri arasındakı fərqlər idi. Bunların üzərinə siyasi qarşıdurmanın əlavə olunması düşmənçiliyin pik həddə çatmasına səbəb oldu. Bu siyasi qarşıdurmalardan birincisi Əxi Evrən və Türkmənlər II Qiyasəddin Keyxosrova müxalif olduğu halda, Mövlanə və onun çevrəsinin dost olması idi. Ancaq Əxi Evrən ilə Mövlana Cəlaləddin Rumi arasında siyasi qarşıdurma monqolların Anadoluya hücumu ilə başladı. Əxilər və türkmənlər monqollarla döyüşərkən, Mövlana və çevrəsi monqolları dəstəkləyir. Əcər yazır:

O, Çingiz xanın ilahi şəxsiyyət olduğunu iddia edərək, monqolların oruc tutduqlarını, hətta atlarının da oruc tutduqlarını söyləyirdi.  Mövlana və Şəms-i ​​Təbrizi söhbət məclislərində monqolların zülmündən bəhs edənlərə qəzəblənir və monqol zülmünü yumşatmağa çalışırdılar.[12]

Əxi Evrənin doğum tarixi kimi, ölüm tarixində də dəqiqlik yoxdur. Bununla belə, Mikayıl Bayram bildirir ki, onun dostlarına yazdığı məktubların tarixləri və əsərləri əsasında Əxi Evrənin miladi 1257 (miladi 655) və 1262 (miladi 660) illəri arasında öldüyü, hətta öldürüldüyü demək olar ki, dəqiqdir. Buna baxmayaraü Əxi Evrənin vəqfiyyəsi hicri 1307-ci ildə (hicri 706) tərtib edilmişdir. Mikayıl Bayram da 1277 (hicri 676) və 1307-ci  (hicri 706) illəri Əxi Evrənin vəqfiyyəsinin hazırlanma tarixi kimi verir. Bu halda Əxi Evrənin 1307 (706) ildə sağ olduğu düşünülür. Yenə də mövcud mənbələrdəki bəzi qeydlərə əsasən, Əxi Evrənin öldürüldüyü iddia edilsə də, bu məsələdə dəqiqlik yoxdur. Lakin Keramat-i Əxi Evrən adlı əsərə və bəzi Əxi şəcərələrinə əsasən , onun 93 il yaşadığı  qəbul edilən faktlardandır.[13]

Əxi Evrənin əsərləri ilə bağlı tədqiqatlar aparan Mikayıl Bayram aşağıdakı siyahını təqdim edir:[14]

  1. Mətali ül-İman (ilahiyyata dair)
  2. Tabsıratü-l Mübtıdu və Təzkiratül- Müntəhi (təsəvvüf fəlsəfəsi haqqında)
  3. Mənacihi Seyfi (Şafi məzhəbi haqqında)
  4. Lətaif-i Qiyasiyyə (4 cildlik əsər, ilk cilddə fəlsəfə, ikinci cilddə əxlaq və siyasət, üçüncü cilddə fiqh, sonuncu cilddə isə dua və ibadətlərdən bəhs olunur.
  5. Lətaif-i Hikmət (siyasətnamə janrında əsər)
  6. Ağaz u Əncüm (vəsiyətnamə)
  7. Mürşidül Kifayə
  8. Tuhfətüş - Şəkür (itmiş əsərlərindən biri)
  9. Ulam-ı Həqiqi (itmiş əsərlərindən biri)
  10. Elmüt- Təşrih (tibbə və anatomiyaya dair əsər)
  11. Yezdan- Şinaht (fəlsəfi mahiyyətli əsər)
  12. Müariul Musari (Şəhristaninin İbn Sinanı rəddiyəsinə rəddiyə)
  13. Məth-i Fəqr u Zəmm-i Dünya (Sührəverdi əl- Maqtulun Vəsiyyəsinin tərcüməsi)
  14. Tərcümə-i Əlvahul-İmadiyyə (tərcümə)
  15. Tərcümə-i Nəfsün-Natiqə (İbn Sinadan tərcümə)
  16. Tərcümə-i Kitabül-Hamsin fi-Usulid-din (Fəxrəddin ər-Razidən tərcümə)
  17. Tərcümə-i ət-Təvəccühül-Ətəmm Nahvəl-Həqq (Sədrəddin Konəvidən tərcümə)
  18. Tərcümə-i Miftahul-Qeyb (Sədrəddin Konəvidən tərcümə)
  1. M. Bayram – Ahi Evren, tasavvufi düşüncenin esasları, Ankara, 1995
  2. Uçma, 2003. səh. 66
  3. Uçma, 2003. səh. 67
  4. Ecer, 2007. səh. 48
  5. Ecer, 2007. səh. 50
  6. Əcər, 2001. səh. 11
  7. Uçma, 2003. səh. 53
  8. Uçma, 2003
  9. Ülgen, 2021. səh. 452
  10. Ecer, 2007. səh. 54
  11. Ülgen, 2021. səh. 454
  12. Çağatay, 1982. səh. 45
  13. Ülgen, 2021. səh. 453
  14. Bayram, 1991. səh. 232
  • Neşet Çağatay. Anadoluda Ahilik ve Bunun Kurucusu Ahi Evren. XLVI. Ankara: TTK Basımevi. Belleten. 1982.
  • Mikail Bayram. Ahi Evren ve Ahilik Teşkilatının Kuruluşu. Damla Matbaacılık. 1991.
  • Ahmet Vehbi Ecer. AHMED YESEVİ DERVİŞİ AHİ EVREN ve KAYSERİíDE AHİLİK. 1. Dergipark. 2001. 47–64.
  • Erol Ülgen. Esnaf ve Sanatkârların Pîri Ahi Evran ve Geçmişten Günümüze Ahilik. 61. Türk Dili ve Edebiyatı Dergisi. 2021. 447–469.
  • İsmet Uçma. Bir Sosyal Siyaset Kurumu Olarak Ahilik. İstanbul: T.C İSTANBUL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ÜNSTİTÜSÜ ÇALIŞMA EKONİMİSİ VE ENDÜSTRİ İLİŞKİLERİ ANABİLİM DALI. 2003.