ÇUL

is.
1. Üstündə oturmaq və ya soyuqdan qorunmaq üçün atın və bəzi başqa heyvanların dalına salınan qıldan və ya yundan toxunma qalın örtük.
Şirməmməd öküzləri rahatladı, çullarını alıb qabaqlarına yem tökdü. E.Sultanov.
[Nisə xala:] Yəhərləmək lazım deyil, çulu aşır üstünə. Qantəmir.

2. dan. Geyim, paltar mənasında (istehza ilə).
◊ Çul kimi yerə sərilmək – yerə dəymək, birdən bərk yıxılmaq. Bayram qoşalüləni hərləyib qırma barıtı bəyin qarnına doldurur.
Bəy çul kimi yerə sərilir. Ə.Vəliyev.

Çulunu sudan çıxarmaq – birtəhər dolanmaq, işin içindən çıxmaq.
[Şirzad Yarməmmədə:] Deyirəm, qorxaqsan, birtəhər sürünüb çulunu sudan çıxarmaq istəyirsən. M.İbrahimov.
Turaclılar demişkən [Qurban] oxuyub qurtarmadı, bəlkə süründü, ölüm-zülüm çulunu sudan çıxartdı. Ə.Vəliyev.

ÇUQUNTÖKMƏ
ÇUL-ÇUXA

Значение слова в других словарях