ŞİƏLƏR

Əli ibn Əbu Talibi və onun soyundan olan imamları xəlifə və dini rəhbər kimi qəbul edən müsəlmanlardır. Sayca sünnilərdən sonra ikinci ən böyük müsəlman məzhəbidir. İslam tarixinin ilk dövrlərində şiəlik siyasi bir cərəyan kimi ortaya çıxmışdır. Sonrakı dövrlərdə isə öz dini dünyagörüşlərini formalaşdıraraq məzhəbə çevrilmişdir. Tarixdə çoxlu şiə məzhəbləri olmuşdur. Onların bəzilərini Əli ibn Əbu Talibi və onun soyundan olan imamları tanrılaşdırdıqlarına görə “qulat” ya “əliilahi” adlandırılmışdırlar. Onlar druz, ələvi, nüseyrilər kimi dini cərəyanlarda təmsil olunurlar. Bu dini cərəyanların ardıcılları Türkiyədə, Suriyada və Livanda yaşayırlar. Şiələrin çoxluğunu isna-əşərilər təşkil edir. Onlar Azərbaycanda, İranda, İraqda, Bəhreyndə və Yəməndə yaşayırlar. Zeydi şiəliyi isə əsasən Yəməndə geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, şiə azınlığı bütün müsəlman ölkələrində mövcuddur. Şiəliyin tarixi İslamın erkən dövrlərindən başlayır. 11/632-ci ildə Məhəmməd peyğəmbərin vəfatından sonra mədinəli ənsarlar təcili olaraq yığışıb Səd ibn Übədə adlı nüfuzlu bir səhabəni xəlifə elan etmişdirlər. Ancaq, o zaman mühacirlərdən olan Əbu Bəkr, Ömər və Əbu Übeydə onların toplantı yerinə gəlib xəlifənin soyunun mədinəli deyil, Məkkənin Qureyş qəbiləsindən olmasının daha məqsədəuyğun olmasını iddia etmişdirlər. Mədinəlilər bu iddia ilə razılaşmalı olmuşdurlar. Elə orada da Əbu Bəkr xəlifə elan olunmuş və sonra müsəlmanların çoxu ona beyət etmişdir. Ancaq, onun namizədliyi ilə razılaşmayan və xəlifəliyə Əli ibn Əbu Talibin daha çox layiq olduğunu iddia edənlərdə olmuşdur. Onların arasında Əbu Zər Ğəffari, Səlman Farisi kimi çox nüfuzlu səhabələr də yer alırdılar. Müəyyən vaxtdan sonra onlar çoxluğa tabe olaraq Əbu Bəkrin və onun varisi olacaq Ömərin xəlifəliklərini tanımışdırlar. Xəlifə Osmanın vəfatından sonra 34/656- cı ildə Əli ibn Əbu Talib xəlifə seçilmişdir. Ancaq, onun dövründə Xilafətin müxtəlif bölgələrində mərkəzi hakimiyyət zəifləmiş, üsyanlar ölkəni bürümüş, hətta vətəndaş müharibəsi belə başlamışdır. Onun əsas rəqibləri Müaviyə ibn Əbu Süfyan, eləcə də xaricilər olmuşdurlar. Elə o dövrdə, şiələr bir siyasi güc kimi formalaşıb fəaliyyət göstərməyə başladılar. 39/661-ci ildə Əli qəsd nəticəsində şəhid edilmişdir. Onun oğlu Həsən isə mübarizəni davam etdirmək gücündə olmadığına görə o, hakimiyyəti Müaviyəyə təslim etmək məcburiyyətində qalmışdır. Ancaq, şiələr bundan sonra da Müaviyə və digər Əməvi hökmdarlarına qarşı müqavimətlərini davam etdirmişdirlər. Onlar Əməvilərin sülalə hakimiyyətini tanımamış, yalnız Əlinin soyundan olan insanları imamətə və Xilafətə layiq görmüşdürlər. Müaviyənin ölümündən sonra onun oğlu Yəzid xəlifə elan olunmuşdur. Ancaq, onun hakimiyyətini Xilafətin bir çox bölgələrində tanımamışdırlar. Həmin vaxt şiələr daha da aktivləşmiş və Əlinin oğlu Hüseynə beyət etmişdirlər. O da öz tərəfdarlarının çağırışına səs verərək Kufəyə doğru yola çıxmış, ancaq yolda Kərbəlada Əməvi qoşunu ilə qarşıdurmada 58/680-ci ildə öldürülmüşdür. Onun vəfatından sonra Xilafətdə vətəndaş qarşıdurması daha da çox qızışmışdır. Yəzid taxtdan salınmış, Əməvilərin nüfuzu yalnız Suriyada qalmışdır. Bu əlverişli şəraitdə şiələr hakimiyyəti ələ ala bilməmişdirlər. Nəticədə, Xilafətin cənubunda Abdullah ibn Zübeyri xəlifə kimi tanımışlar. Onun xəlifəliyi dövründə şiələrin qeysanilər adlanan bir qismi Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibn Hənəfiyyəyə beyət edib üsyan qaldırmışdırlar. Onlar həm Əməvilərə, həm də Abdullah ibn Zübeyrə qarşı vuruşmuş, sonra isə ona məğlub olmuşdurlar. Bundan sonra Əməvilər güclənib bütün Xilafətdə hakimiyyətlərini bərpa etmişdirlər. Şiələr isə bundan sonra onlara müqavimət göstərmişdirlər. Onların daha bir üsyanına Əli nəslindən olan Zeyd ibn Əli rəhbərlik etmiş, ancaq o da öldürülmüşdür. Onun davamçıları isə zeydi məzhəbinin təməlini qoymuşdurlar. Şiələr üçün ən əlverişli vəziyyət Əməvi hakimiyyətinin sonunda yaranmışdır. O zaman bütün Xilafəti üsyanlar bürümüşdür. Hakimiyyətə isə şiələr və Abbasilər iddia edirdilər. Ancaq, Abbasilər təşəbbüsü ələ alaraq Əməvilərə qarşı üsyanları təşkil edib onlara rəhbərlik etdilər. Bu səbəbdən də, şiələrin namizədi olan Cəfər Sadiq son məqamda ona təklif olunmuş hakimiyyətdən imtina etmişdir. Bundan sonra xilafətə Abbasilər gəlmişdirlər və siyasi rəqibləri olan Əli tərəfdarlarını təqib etməyə başlamışdırlar. Şiələrin hakimiyyət mübarizəsindəki uğursuzluqları, verdikləri çoxsaylı qurbanlar və ardı kəsilməyən təqiblər nəticəsində onların arasında qeybdə olan və ədaləti bərpa etmək üçün gələcək Mehdi inancı formalaşmışdır. Ancaq, onun kim olacağı barəsində şiələr birliyə gələ bilməmişdir. Hər dini cərəyan öz imamlarından birini Mehdi hesab etmişdirlər. Bundan başqa Əli ibn Əbu Talibin Fatimədən olan iki oğlu Həsən və Hüseyn var idi. Ona görə də, onun sülaləsi hüseyni və həsəni qollarına bölünmüş və onların hərəsinin öz tərəfdarları olmuşdur. Ancaq, həsənilər fundamental məzhəb yarada bilməmişdirlər, onların özlərinə məxsus dini dünyagörüşləri olmamışdır. Onların yalnız siyasi fəaliyyətləri olmuşdur. Hüseynilər isə fiqh sahəsində inkişaf edərək öz məzhəblərini formalaşdıra bilmişdirlər. Bundan başqa Əli ibn Əbu Talibin digər zövcələrindən də övladları olmuşdur. Onlardan biri olan Məhəmməd ibn Hənəfiyyəni qeysanilər imam kimi tanımışdırlar. Elə o zaman da şiəlik siyasi cərəyandan dini məzhəbə çevrilməyə başlamışdır. Onların özlərinə məxsus dini dünyagörüşləri və fiqhi məktəbləri yaranmışdır. Əli nəslinin nümayəndələrindən ibarət olan və sülalə sistemi ilə qurulmuş imamət təkcə hakimiyyət vasitəsi kimi deyil, həm də mənəvi rəhbərlik, ali müqəddəslik kimi başa düşülməyə başlamışdır. Abbasilər dövründə bir-biri ilə rəqabət aparan şiə məzhəblərinin çoxalması prosesi davam etmişdir. Onların arasında ən böyük ixtilaf II/VIII əsrin ortalarında baş vermişdir. O zaman şiələrin çoxu altıncı imam kimi Cəfər Sadiqi tanıyırdılar. Onun vəfatından sonra bir çoxları onun kiçik oğlu Musa Kazımı imam elan etmişdirlər. Digərləri isə Cəfərin ölmüş oğlu İsmaili və onun oğlu Məhəmmədi imam kimi tanımışdırlar. Buna görə də, onları ismaili və ya “yeddiimamçılar” adlandırmışdırlar. Məhəmmədin ölümündən sonra ismaililər onun varislərinin qeybə çəkildiklərini elan etmiş və onların tərəfdarları imamların zühurunu gözləməyə başlamışdırlar. İsmaililərin inancına görə qeybdə olan imamları diridir, sadəcə hakimiyyətin təqiblərindən gizlənmiş və məqamı çatdıqda zühur edəcəkdir. Qeyb zamanı o, bəzi tərəfdarları vasitəsi ilə ümmətlə rabitə saxlamışdır. İsmaililər Misir və Şimali Afrikada Fatimilər Xilafəti kimi böyük və güclü bir ölkə yaratdıqdan sonra onlar qeyb dövrünün bitdiyini elan etmişdirlər. Ancaq, Fatimi xilafəti dağıldıqdan sonra onların təlimi iflasa uğramış və yenidən qurulmağa başlamışdır. Onlardan nizarilər və müstəlilər kimi qollar ayrılmışdır. Musa Kazımın imamətini tanıyanlar isə isna-əşəri şiəliyinin əsasının qoymuşdurlar. Ondan sonra onlar daha bir neçə nəfəri imam kimi tanımışdırlar. Onların tanıdıqları imamların sayı 12 olduğuna görə onları isna-əşəri (oniki-imamçı) adlandırırlar. Onlar sonuncu imamı Mehdi elan edərək onun diri olub zühür edəcəyinə inanmışdırlar. Onikiimamçı şiəlik bir zaman Büveyhilər dövləti tərəfindən dəstəklənmişdir. Büveyhilər 334/946 – 467/1075-ci illərdə Abbasi xəlifələrini özlərinə tabe etdirmişdirlər. Elə o zaman oniki-imamçı şiələr öz ilahiyyatlarını və cəfəri adlanan fiqhlərini inkişaf etdirmiş, bu məzhəbi İslamın ən aparıcı məzhəblərindən birinə çevirə bilmişdirlər. Bundan sonra oniki-imamçı şiəlik X/XVI əsrdən sonra Səfəvilər və Qacarlar dövlətinin rəsmi məshəbi olmuşdur. Miladi 1979-cu ildə İranda baş vermiş inqilabdan sonra isnaəşərilik bu ölkənin rəsmi məzhəbinə çevrilmişdir. Başqa siyasiləşmiş şiə təriqətləri də tarix boyu müxtəlif ölkələrdə hakimiyyəti ələ ala bilmişdirlər. Məsələn, III/IX əsrdə Təbəristan və Yəmənin şimal bölgələri zeydi imamları tərəfindən idarə olunurdu. Yəməndə onların hakimiyyəti XIV/XX əsrə qədər davam etmişdir. Zeydi məzhəbi bu gün də Yəməndə böyük nüfuza malikdir. Onların öz ilahiyyatı və fiqhi vardır. Zeydiləri başqa şiə təriqətlərindən fərqləndirən cəhətləri odur ki, onların arasında Mehdinin qeybdə olması və zühur etməsi ideyaları inkişaf etməmişdir. Həsənilər isə Şimali Afrika (Məğribdə), Məkkə və bəzi digər bölgələrdə çox böyük nüfuza malik olmuş və dövlətlər qura bilmişdirlər.
ŞƏZZ
ŞİRK
OBASTAN VİKİ
Şiələr
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Şiələrin soyqırımı (İŞİD)
Şiələrin İraq Şam İslam Dövləti tərəfindən soyqırımı (ərəb. الإبادة الجماعية الشيعية من قبل دولة العراق والشام‎, ing. Genocide of Shias by Islamic State of Iraq and al-Sham) və ya Şiələrin İraq Şam İslam Dövləti tərəfindən təqibi (ərəb. اضطهاد الشيعة من قبل دولة العراق والشام‎, ing. Persecution of Shias by Islamic State of Iraq and al-Sham) — 2014-cü ilin avqust ayından başlayaraq İŞİD-in idarə etdiyi Şimali İraqda şiələrin sistematik şəkildə öldürülməsinə verilən ad. Şiələrin İraqda əksəriyyəti təşkil etmələrinə baxmayaraq, onlar İŞİD tərəfindən kütləvi şəkildə öldürülürdülər. 12 iyun 2014-cü il tarixində İŞİD qüvvələri Speyşer düşərgəsi qətliamında ən azı 1,600–1,700 şiə kursamnt və məhbus öldürmüşdür. Şahidlərin dediklərinə görə, terror təşkilatının Mosul şəhərini almasından sonra, onlar sünni və şiə məhbusları ayırmışdılar. 650 şiə məhbus başqa bir yerə aparılıb öldürülmüşdür. Kürd vəzifəliləri buna bənzər bir hadisənin Ərbil şəhərində baş verdiyi barədə məlumat veriblər.
Şiələrin təqibi
Şiələrin İraq Şam İslam Dövləti tərəfindən soyqırımı (ərəb. الإبادة الجماعية الشيعية من قبل دولة العراق والشام‎, ing. Genocide of Shias by Islamic State of Iraq and al-Sham) və ya Şiələrin İraq Şam İslam Dövləti tərəfindən təqibi (ərəb. اضطهاد الشيعة من قبل دولة العراق والشام‎, ing. Persecution of Shias by Islamic State of Iraq and al-Sham) — 2014-cü ilin avqust ayından başlayaraq İŞİD-in idarə etdiyi Şimali İraqda şiələrin sistematik şəkildə öldürülməsinə verilən ad. Şiələrin İraqda əksəriyyəti təşkil etmələrinə baxmayaraq, onlar İŞİD tərəfindən kütləvi şəkildə öldürülürdülər. 12 iyun 2014-cü il tarixində İŞİD qüvvələri Speyşer düşərgəsi qətliamında ən azı 1,600–1,700 şiə kursamnt və məhbus öldürmüşdür. Şahidlərin dediklərinə görə, terror təşkilatının Mosul şəhərini almasından sonra, onlar sünni və şiə məhbusları ayırmışdılar. 650 şiə məhbus başqa bir yerə aparılıb öldürülmüşdür. Kürd vəzifəliləri buna bənzər bir hadisənin Ərbil şəhərində baş verdiyi barədə məlumat veriblər.

Digər lüğətlərdə