Əşərilər
Əşərilik - İslamda etiqadi məzhəblərindən biri.
Məzhəbin banisi Əbül-Həsən Əşari (873-936) İslam ictimai, hüquqi və fəlsəfi fikir tarixinin görkəmli nümayəndələrindən biri olmuşdur. Bəsrədə yaşayıb-yaratmış, Bağdadda isə vəfat etmişdir. Əşarinin kəlam elmindəki yolu ilk sxolastiklər (kəlamçılar) - mötəzililərin məktəbindən başlamışdır. O, qırx yaşınadək Mötəzilə kəlamçısı Əbu Əli əl-Cubbainin tələbəsi olmuş və bu məzhəbin nümayəndəsi kimi tanınmışdır. Sonralar Mötəzilikdən ayrılıb, Əhməd ibn Hənbəlin yolunu tutan "Əhli-hədis" zümrəsinə qatılmışdır. Əşari, Əhli-hədis və Əhli-sünnətə müxalif olanlarla güclü elmi mübahisə aparmışdır. Dini-nəzəri baxışları qısa zamanda İraq, Suriya, Misir, və Məğribdə geniş yayılmışdır.
Əşari ancaq Quran, sünnə və Həzrət Peyğəmbərin səhabələrindən, onların ardıcılları olmuş sonrakı nəsillərdən (tabiyunlardan) dövrünədək gəlib çatmış ənənəvi dünyagörüşü dəstəkləmişdir. O, Həzrət Peyğəmbərdən nəql olunan bütün hədisləri qəbul edərək, onların bir (əhəd), yaxud çox (mütəvatir) adamlar tərəfindən rəvayət edilməsinə fərq qoymurdu.