Əliheydər İbrahimov
Əliheydər Əliqulu oğlu İbrahimov (24 dekabr 1906, Bilgəh, Bakı qəzası – 6 noyabr 1953, Bakı) — Sovet hərbi qulluqçusu, Böyük Vətən müharibəsinin, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, 4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri, Qızıl Ordunun qvardiya mayoru.
Əliheydər Əliqulu oğlu İbrahimov 1906-cı il dekabrın 24-də Bakının Bilgəh kəndində dünyaya gəlib. Zaqafqaziya hərbi məktəbini, sonra isə birləşmiş süvari hərbi məktəbini bitirib polk qərargahının rəisi olmuşdur. 1926-cı ildən 1937-ci ilə qədər bir sıra şəhərlərdəki hərbi məktəblərdə, hissələrdə, birləşmə və diviziyalarda xidmət edib. Əliheydər İbrahimov hər yerdə özünü bacarıqlı və mahir əsgər kimi göstərmiş, komandanlığın və şəxsi heyətin rəğbətini qazanmışdır. 1941-ci ildə alman-faşist işğalçıları Sovetlər ölkəsinə hücum etdiyi vaxtda Əliheydər İbrahimov komandanlığa müraciət edərək cəbhəyə göndərilməsini xahiş edir, vətənin istiqlaliyyəti uğrunda əsl qəhrəman kimi vuruşacağına and içir. Cəbhəyə gəldikdən sonra Əliheydər İbrahimov komandanlığın əmri ilə 4-cü qvardiya Kuban qırıcı tank əleyhinə korpusunda divizion komandiri vəzifəsinə təyin edilir. Əvvəllər Şimali Qafqaz cəbhəsində, sonralar isə Cənub cəbhəsində, 3-cü və 4-cü Ukrayna cəbhələrində alman-faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib, Poltava yaxınlığında zədə almasına baxmayaraq Taqanroq, Nikolayev, Odessa şəhərlərinin alınmasında özünü əsl qəhrəman kimi göstərir. Dəfələrlə əlbəyaxa döyüşlərdə iştirak etmiş, xeyli düşmən texnikasını məhv etmiş, düşmənin xeyli əsgər və zabitini əsir götürmüş, böyük strateji əhəmiyyətə malik məntəqələrin azad edilməsində müstəsna xidmətləri olmuşdur. Əliheydər İbrahimovun komandirlik etdiyi divizion Brest şəhərinin azad olunmasında böyük fəallıq, misli görünməmiş qəhrəmanlıq göstərmişdir.