Səadət Cəmiyyəti
Bakı müsəlman Ruhani Cəmiyyəti "Səadət" — 1907-ci ildən Bakıda fəaliyyət göstərən və xalqın maariflənməsində, milli oyanışında mühüm rolu olmuş müsəlman xeyriyyə cəmiyyəti.
"Səadət" cəmiyyəti 7 iyun 1907-ci ildə yaradılmışdır. Cəmiyyətin yaranması və fəaliyyətində görkəmli xeyriyyəçi, maarifpərvər Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur. "Səadət"in əsas məqsədi xalqı maarifləndirmək, onun mədəni inkişafında özünəməxsusluğunu qorumaq olmuşdur. Cəmiyyət köhnə üsullu məktəb və mədrəsələrin yenidən qurulmasına, təkmilləşdirilməsinə, onların yayılmasına, kitabxanalar, qiraətxanalar açılmasına çalışırdı.
1908-ci ildə cəmiyyət tərəfindən Bakıda açılmış "Səadət" məktəbində Fərhad Ağazadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Axund Molla Ağa Əlizadə, Molla Qədir İsmayılzadə, Məmməd Hənəfı Terequlov, Əli Hüseynov, Kərim bəy Məlikov və b. müəllimlik edirdilər. Məktəbin müdiri Əli bəy Hüseynzadə idi. Cəmiyyətin bütün məktəb proqramlarına Qori seminariyasının məzunu Fərhad Ağazadə rəhbərlik edirdi.
Cəmiyyətin fəaliyyətində mütərəqqi din xadimləri yaxından iştirak edirdilər.