Ağ Aşıq Allahverdi
Ağ Aşıq Allahverdi (1754, Kərkibaş və ya Nəqədə, Qərbi Azərbaycan ostanı – 1860, Kərkibaş) — Aşıq Alının ustadı, görkəmli aşıq, şair.
== Həyatı ==
Ağ Aşıq kimi tanınmış Aşıq Allahverdi haqqında bilgilər biri-birinin əksidir.
I. Ağ Aşığın, – Allahverdinin babası Şeyx Osman sufi-dərviş təkkəsinin mürşüdü imiş və müridləri ilə quzeydən, – çox güman, Qazax-Şəmşədil yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı Kosacan kəndində yerləşibmiş. Doğrudan da, vurğulamalıyam ki, Arazın güneyində və Naxçıvanda, – qatı fanatik şiə mühitində Osman adı mümkünsüz idi və indi də belədir.
II. Şeyx Osman və oğlu Qara Osmanoğlu, aşıq olmasalar da, gözəl saz çalıb oxuyurmuşlar. Yəni onların "... aşıqlığı...təkkə mərasimi çevrəsindən kənara çıxmayıbmış". Lakin Allahverdi "coşub-daşdığından", xalq yığnaqlarına can atdığından, dindar çərçivəyə sığmadığından təkkədən, atasından, babasından üz döndərir, – bir sözlə, onların üzünə ağ olur. Və anadangəlmə saçı-saqqalı, qaşı-kipriyi ağ Allahverdinin xalq arasında Ağ Aşıq adı ilə tanınmasını "böyüyün üzünə ağ olmağı" ilə bağlamaq daha düzgün olardı.
III. Atası Qaranın şairliyi yoxuymuş, lakin babası Şeyx Osmanın söz deməyi var imişsə də, heç bir nümunəsi bizlərə gəlib çatmayıb.