Aaarne-Tompson Göstəricisi
Aaarne-Tompson Göstəricisi — Aarne-Tompson-Uther İndeksi (ATU İndeksi) folklorşünaslıqda istifadə olunan nağıl süjetlərinin göstəricisidir. ATU İndeksi bir qrup beynəlxalq alim tərəfindən edilən ümumiləşdirmə və təkmilləşdirmənin məhsuludur: İlk dəfə 1910-cu ildə fin folklorşünası Antti Aarne tərəfindən alman dilində tərtib edilmişdir; sonralar göstərici ingilis dilinə tərcümə edildi, təkmilləşdirildi və Amerikalı folklorşünas Stis Tompson tərəfindən genişləndirildi (1928, 1961); 2004-cü ildə isə alman folklorşünası Hans-Yorq Uter tərəfindən yenidən nəzərdən keçirilərək təkmilləşdirildi.
Tompson "Xalq nağılı"nda nağıl növünü belə müəyyənləşdirir:
Nağıl, bir növ, müstəqil varlığa sahib olub ənənəvi xarakter daşıyır. Tam bir povest kimi izah edilə bilər və mənasından başqa heç bir nağıldan asılı deyil. Həqiqətən başqa bir nağılla izah edilə bilər, ancaq təkbaşına izah edilə bilməsi onun müstəqilliyini təsdiqləyir. Yalnız bir və ya bir neçə motivdən ibarət ola bilər.
S. Tompsonun Aarne sisteminə gətirdiyi yeniliklərdən biri də zəncirvari nağılları və təsnifata daxil edilməyən nağılları ayrıca qrup şəklində verməklə Aarne sistemindəki bölgünü bir qədər genişləndirməsi oldu. Bu kimi dəyişikliklərdən sonra həmin kataloq beynəlxalq aləmdə Aarne-Tompson göstəricisi (bundan sonra AT) kimi tanınmağa başlayır.
Avstriya konsulu İohann Georq von Hann, 1864-cü ildə nəşr olunan Yunanıstan və Albaniya folklor kitabına giriş olaraq qırx dörd nağıl "düstur"un ilkin təhlilini hazırladı.
Sabine Barinq-Kold, 1866-cı ildə von Hannın siyahısını tərcümə etdi, əlli iki nağıl növünə qədər genişləndirərək, "Nağıl radikalları" kitabında çap etdirdi.