Aydın Abi Aydın (Aydın Abiyev)
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb.
Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.
Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.