YF-23
Northrop YF-23 Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanmış amerikan istehsalı tək pilotlu, cüt mühərrikli stels (Stealth) təyyarədir. Bu təyyarə ABŞ Müdafiə Nazirliyinin yeni nəsil təyyarəsi üçün keçirilən Təkmil Taktiki Döyüşçü tenderini qazanmaq uğrunda Lockheed YF-22-ə qarşı mübarizə aparmışdır. Yalnız 2 prototipi hazırlanmışdır: Kod adları, Black Widow II (Qara Dul 2) və Gray Ghostdur (Boz Ruh).
1980-ci illərdə ABŞ HHQ SSRİ-nin qabaqcıl Sukhoi Su-27 və onun tamamlayıcısı olan MiG-29-a qarşı mübarizə aparmaq üçün yeni nəsil təyyarə yaratmaq qərarına gəldi. Amerikanın ən qabaqcıl aviasiya şirkətləri ABŞ HHQ-nin müraciətinə cavab olaraq bir neçə dizayn təklif etdi. HHQ bunlardan yalnız Northrop və Lockheedin dizaynlarını növbəti mərhələyə qəbul etdi. Daha sonra sırf bu tender üçün Northrop McDonnel Douglas aviaşirkəti ilə, Lockheed isə Boeing və General Dynamicslə əməkdaşlığa getdi.
YF-23 YF-22-ə nisbətən daha kiçik radar izli və daha sürətli olsa da ondan daha az cəld idi. 4 illik təkmilləşdirmə-qiymətləndirmə mərhələsindən sonra ABŞ HHQ YF-22-ni 1991-ci ildə qalib elan etdi və nəticədə YF-22 istehsala F-22 adı ilə girdi.
ABŞ Hərbi Dəniz Qüvvələri TTD proqramından həm də F-14 təyyarələrinin əvəzlənməsi üçün istifadəni planlaşdırırdı, lakin bu plan sonradan ləğv edildi.