Argentinanın dövlət quruluşu
Argentinanın dövlət quruluşu - 1853-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
== Dövlət quruluşu ==
Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik Respublikadır. Milli bayram günü olan Müstəqillik Günü 1816-cı il 11 noyabr tarixindən qeyd olunur. Ölkə Konstitusiyası 1853-cü ildən (1860, 1898, 1957, 1994-cü illərdə edilmiş düzəlişlərlə) qüvvədədir.
== İnzibati ərazi bölgüsü ==
23 əyalətə (Korrientes, Santa-Krus, Mendosa, Kordova, Santa-Fe, Katamarka, Rio-Neqro, Sanxuan, Salta və s.) və 1 muxtar paytaxt dairəyə (Buenos-Ayres)
bölünür.
== Dövlət başçısı ==
Ölkə Prezidenti dövlət və hökumət başçısıdır və təyin etdiyi Nazirlər Kabinetinə rəhbərlik edir (Kabinetin başçısı 10 dekabr 2011-ci ildən Xuan Manuel Abal Medinadır). Prezident ümumxalq səsverməsi yolu ilə iki dəfədən çox olmamaq şərti ilə 4 il müddətinə seçilir. Senatın (Parlamentin Yuxarı Palatası) sədri ölkənin vitse-prezidenti sayılır.
Hökumət üzvlərinin və Ali Məhkəmənin hakimlərinin təyin və yaxud azad edilməsi, qanunların imzalanması və dərc edilməsi, beynəlxalq müqavilə və sazişlərin imzalanması, silahlı qüvvələrin ali baş komandanı olaraq fövqəladə və müharibə vəziyyətinin tətbiqi, amnistiya verilməsi və s. mühüm məsələlər dövlət başçısının səlahiyyətlərinə aiddir.