Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir.
Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.