Asif Bəkirli
Asif Şahnəzər oğlu Bəkirli (1964, Alıkənd, Göyçay rayonu) — Publisist, Professional Kouç, Auditor, "Fəxri Fərman", "Tərəqqi" medalı, "Əməkdar mühəndis" və "Qızıl Qələm" mükafatı laureatı.
== Həyatı ==
Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunun Alıkənd kəndində neftçi ailəsində anadan olmuşdur. Bakı şəhər 220 nömrəli və Göyçay şəhər 9 nömrəli orta ümüm-təhsil məktəblərində təhsil almışdır.1981-ci ildən əmək fəaliyyətinə çilingər kimi başlamış, 1982–1984-cü illərdə Rusiya Federasiyasının Amur vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. 1984–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsində təhsil almış və oranı İnşaat mühəndisi ixtisası üzrə bitirmişdir.
== Fəaliyyəti ==
Ali təhsilini aldıqdan sonra 1989-cu ildən etibarən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməklə yanaşı, gənc mütəxəssis kimi neft sənayesində layihəçi-mühəndisdən başlayaraq ardıcıl olaraq, aparıcı mühəndis, qrup rəhbəri, baş mütəxəssis, şöbə rəisi, Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin rəisi kimi çalışmışdır. 2005–2011-ci illərdə Təlim Tədris Sertifikatlaşdırma departamentinin direktoru işləmiş, 2011-ci ildən etibarən SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi işləyib.
2023-cü ilin sonlarından Azfen MMC-nin Baş direktorunun müşaviri, 2024-cü ilin əvvəlindən isə İnsan Resursları üzrə müavini kimi çalışır.
Fəaliyyəti dövründə dünyanın inkişaf etmiş bir çox ölkələrində işgüzar səfərlərdə olmuş, ölkə daxilində və xaricində ən yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə təşkil olunmuş menecmentlik, insan resurslarının idarəedilməsi, liderlik, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi idarəetmə sistemləri ilə bağlı təlim və praktiki kurslarda iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür. Bu sertifikatlar içərisində Avropa Keyfiyyət Təşkilatının (EQQ ) ISO keyfiyyət, OHSAS 18001 Əməyin Mühafizəsi Təhlükəsizliyi, ISO 14000 Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Auditor sertifikatları da vardır. Beynəlxalq standartların tətbiqi və insan resurslarının idarəedilməsi ilə bağlı mütəmadi olaraq mətbuat və Kütləvi İnformasiya vasitələrində çıxışlar etmiş və məqalələri dərc olunmuşdur.