Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bioloji preparatlar
Bioloji preparatlar – bioloji mənşəyə malik məhsullar, o cümlədən vaksin, qan preparatları, allergenlər, somatik hüceyrələr, toxumalar, rekombinant zülallar. Bunlar insan və heyvanların yoluxucu və parazit xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi, onların həyat göstəricilərinin yüksəldilməsi, bitkilərin zərərvericilər və xəstəliklərdən qorunması, torpaqların münbitliyinin artırılması və s. üçün istifadə olunur. == Ümumi məlumat == Tibb və baytarlıq bioloji preparatları təsir mexanizmi və praktiki təyinatına görə müalicəvi (spesifik hiperimmun zərdablar, qamma-qlobulinlər, interferonlar), profilaktik (vaksinlər), diaqnostik (antigenlər, həmçinin allergenlər, zərdablar) və tənzimləyici olur. Onlar biokombinat və biofabriklərdə mikroorqanizmlər ştamları və onların fəaliyyət məhsulları, həmçinin tərkibində bioloji stimulyatorlar olan heyvan toxumaları əsasında hazırlanır. Kənd təsərrüfatı və meşə bitkilərinin zərərvericiləri ilə mübarizədə istifadə olunan bioloji preparatlar arasında ən çox sporəmələgətirən entomopatogen bakteriya Bacillus thuringiensis əsasında hazırlanan preparatlar (entobakterin, dendrobasillin, dipel və s.) yayılmışdır. Bu preparatların aktiv hissəsi endotoksin zülalının kristallarıdır; bunlar həssas cücünün orqanizminə qida ilə daxil olub bağırsaq iflicinə və septisemiyaya səbəb olur. Əkin, çəmən, bağları gəmiricilərdən qorumaq üçün dənli bakterodensid buraxılır; onun təsiredici hissəsi gəmiricilərdə yatalağabənzər xəstəlik törədən salmonella cinsinə aid bakteriyalardır. Göbələk mənşəli bioloji preparatlardan boverin (kolorado böcəyinin sürfələrini məhv etmək üçün), antibiotiklər – trixotesin, fitobakteriomisin (bitkilərin müxtəlif bakteriozlarının, buğdanın kök çürüməsinin müalicəsində), virus mənşəli bioloji preparatlardan Mamestra brassicae-nin tırtıllarının məhv etmək üçün, dəyişkən ipəksarıyanı ilə mübarizədə istifadə olunur. Bioloji preparatlar ətraf mühit və insan üçün az zərərlidir, biosenozda təbiət əlaqələrini pozmur, seçici təsirə malikdir.