Azat Abdullin
Azat Xammat oğlu Abdullin (rus. Азат Хамматович Абдуллин; 26 iyun 1931, Başqırdskaya Urqinka[d], Başqırd MSSR – 11 noyabr 2023, Moskva) — Başqırdıstan dramaturqu, yazıçı və publisist.
== Həyatı ==
1949-cu ildən 1953-cü ilə qədər Ufa Başqırd Pedaqoji İnstitutunun Tarix fakultəsində təhsil almışdır. 1956-cı ildə Moskvanın Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspirantura dərəcəsini bitirmişdir.
Təhsil aldıqdan sonra Ufaya qayıdır və Başqırd Dövlət Universitetində dərs deyir, sonra Moskvaya yollanır və burada peşəkar yazıçı və dramaturq olur.
1963-cü ildə Sergey Çekmaryovun həyatına həsr olunmuş "Məni unutma, günəş!" (rus. «Не забывай меня, солнце!») pyesini yazaraq ədəbi fəaliyyətə başlamışdır. Tamaşa SSRİ-nin bir çox teatrlarında səhnəyə qoyulmuşdur (xüsusən, təxminən 10 il Qazaxıstan Dövlət Akademik Teatrının səhnəsində yer almışdı), Ufa və Moskvada bir neçə dəfə başqırd və rus dillərində təkrar nəşr edilmişdir.
"On üçüncü sədr" (rus. «Тринадцатый председатель») (1979) dramı Abdullinə ümumittifaq şöhrəti qazandırmışdır.