Ananda Marqa
Ananda Marqa — qeyri-ənənəvi dini cərəyan.
Sanskrit dilindən tərcümədə "səadət yolu" mənasını ifadə edən bu dini cərəyan 1955-ci ildə Hindistanda, Bihar ştatının Camalpur şəhərində Prabhat Rancan Sarkar (1921-1990) adlı hindli tərəfindən yaradılmışdır.
Rancan Sarkar 1954-cü il noyabrın 7-də Camalpur şəhərində tərəfdarları qarşısında çıxış edərək, "Brahma İsta Marqa" (Brahmaya aparan yol) adlı yeni dini cərəyan yaratdığını elan etmişdir. Cərəyan 1955-ci ilin 9 yanvarında təşkilat kimi Bihar ştatında qeydiyyatdan keçmiş və həmin ilin 7 noyabr tarixindən etibarən Ananda Marqa adı ilə fəaliyyətə başlamış, meditasiya dərsləri üçün müəllimlər hazırlamışdır. Sarkar yaratdığı və rəhbərlik etdiyi təşkilatın üzvlərini moralistlər (əxlaq dərsi verənlər) adlandırmışdır. Onun təliminə görə, meditasiya vasitəsilə ali düşüncə əldə edən insanlar bir-birinə ruhən yaxınlaşaraq, indiki dünyanı tərk edir, yeni həyata daxil olurlar. Bu cərəyan özündə yoqaya məxsus psixotexniki meditasiyası ilə tantrizmin (sehrli dini ayinlər vasitəsilə fövqəltəbii enerji əldə etmək haqqında təlim) vəhdətini ehtiva edir. Sarkar deyirdi ki, "Mən ardıclılarımı tanrılara və müqəddəs varlıqlara çevirəcəyəm. Qalib olmaq üçün insan öz həyatını, mövcudluğunu unutmalıdır". Onun fikrincə, insanlar özlərini müxtəlif dil, din, millət qruplarına bölünmək əvəzinə, bütün bəşəriyyətin daxil olduğu vahid, böyük ailənin hissələri hesab etməlidirlər.