Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vladislav İlliç-Svitıç
Vladislav Markoviç İlliç-Svitıç (rus. Владисла́в Ма́ркович И́ллич-Сви́тыч; 12 sentyabr 1934, Kiyev – 22 avqust 1966, Şyolkovo, Moskva vilayəti) — Sovet dilçisi. XIX əsrin əvvəllərindən başlayan müqayisəli-tarixi metod əsasında yaranmış zəngin elmi mənbələr XX əsrin 60-cı illərində Sovet alimi V. M. İlliç-Svitıça daha əsaslı araşdırmalar aparmağa imkan vermişdir. O, 1966-cı ildə "Opıt sravneniə nostratiçeskix əzıkov (semitoxamitskiy, kartvelğskiy, indoevropeyskiy, uralğskiy, dravidiyskiy, altayskiy)" adlı qiymətli əsərini hazırlamış, əsər müəllifin vəfatından bir neçə il sonra — 1971-ci ildə çap olunmuşdur. Ensiklopedik lüğətdəki:"Nostratik dillərin qohumluğu fərziyyəsini Daniya alimi X. Pedersen irəli sürmüş, Sovet alimi V. M. İlliç-Svitıçın işləri onun elmi cəhətdən əsaslı olduğunu sübut etmişdir". — sözləri nostratik nəzəriyyənin doğruluğunu təsdiq etməklə yanaşı, bu sahədə V. M. İlliç-Svitıçın böyük xidmətlərini də göstərir. V. M. İlliç-Svitıç qeyd edilən dil ailələrində işlənən 245 sözün etimoloji təhlilini vermiş, ulu dildən gələn həmin sözlərin dil ailələrindəki arxetiplərini dəqiqləşdirib müqayisələr aparmaq istiqamətində xeyli iş görmüşdür. Ciddi fonetik araşdırmalar aparmış, dil ailələri arasındakı səs uyğunluqlarını müəyyənləşdirmək əsasında sözlərin eyni mənşədən törədiyini əks etdirən zəngin faktlar toplamışdır. Qeyd edilən altı dil ailəsi üzrə əvəzliklərin və əvəzliklərdən törəmiş şəxs şəkilçilərinin geniş cədvəlini vermişdir. Lüğət məqalələri alimin hər bir dil ailəsinə necə həssaslıqla yanaşdığını aydın göstərir.