Kürdəxanı
Kürdəxanı — Bakının Sabunçu rayonunun tabeliyində olan kənd.
== Etimologiya ==
Sara Aşurbəyliyə görə bu ad kürdlərlə bağlıdır.
== Tarixi ==
Kürdəxanıda yaşayışın iki min ildən bəri mövcud olduğu ehtimal edilir. Bunu yer üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, mis, tunc, dəmir materiallarından istehsal olunan təsərrüfat alətləri, aşınmaya məruz qalmasına baxmayaraq bu və ya digər dərəcədə formasını qoruyub saxlayan soyuq silah nümunələri, habelə orta əsrlər dövrünü əhatə edən və köhnə qəbiristanlıqdan tapılan, düzəldilmə tarixi 900 il əvvələ gedib çıxan qəbirüstü sinədaşı, inşaat dövrü XV əsrin 40-cı illərinə təsadüf olunan xanəgah – zaviyə, təqribən bu zamanda tikilən məscid binası, bəzi ehtimallara görə XVII əsrin yadigarı olan hamam və sair də təsdiq etməkdədir.
"Kürdəxanı" sözünün bir neçə izah variantı da mövcuddur. Bir ehtimala görə coğrafi məfhum "kord//korda//kordə" sözündən və "xanı" topomorfantından yaranmışdır və bıçaq düzəldilən yer mənası verir. İkinci gümana görə, guya vaxtilə yaşayış məskənini üç tərəfi su olubmuş və cəzirə, yarımada şəklində imiş. Məhz coğrafi məkana görə bu yer "Kürdəxanı" adlanmışdır.
== Tarixi abidələri ==
Hacı Zeynal hamamı — XVII əsr
Hacı Cəfərqulu hamamı — XII əsr
Aşağı məscid — 1444-cü il (kitabəsində yazılıb: Bu Cümə məscidinin tikilməsinə Hacı Peşəng peyğəmbərin hicrətinin 848-ci ilində əmr etdi. Allahın daim ona salamı olsun)
Soltan Əli məscidi — XIX əsr
Türbə — XVI əsr
Hamam — 1905-ci il
Kürdəxanıda mövcud qalalardan tikintisi nisbətən yaxın dövrlərə təsadüf edəni Yamin qalasıdır.