Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meyidxana (Ordubad)
Meyidxana — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində yerləşən tarixi tikili. Bu abidə Ordubad şəhərinin şərq tərəfində yerləşən "Malik İbrahim qəbiristanlığı"nın şimalında qəbiristanlığı şimal tərəfdən əhatə edən dağın cənub ətəyində, dağın yamacı qazılmaqla, bəzi yerlərdə qayanın çapılması yolu ilə inşa edilmişdir. Ona görə də tikilinin giriş hissəsi istisna olmaqla qalan hissəsi torpağın altındadır. Tikilinin cənubdan giriş qapısının baş tərəfində bir kitabə qoyulmuşdur. Sarımtıl rəngli mərmər lövhə (38x30 sm) üzərində dörd sətirdə ərəb-fars dillərində süls elementli nəsx xətt ilə həkk edilmiş kitabənin mətninin tərcüməsi belədir: "Allahın rəğbətini qazanmaq məqsədilə bu mübarək şərəfli məkan mərhum, cənnətməkan Hacı Ağacan Ordubadinin oğlu yaranmışların ən kiçiyi Hacı Zeynəlabdinin səyi və təşəbbüsü ilə cəmadiəl-axir ayının 2-si tarixində, 1264-cü ildə (06.05.1848-ci il) tamam oldu". Ordubad şəhər əhalisinin söylədiyinə görə bu buna xidməti xarakter daşımış, orada meyidlər yuyulmuş və hər hansı bir səbəbdən meyidin müvəqqəti saxlanmaq zərurəti yarandıqda, orada saxlanmışdır. Məhz buna görə də daxilində daim, xüsusilə isti yay aylarında sərin hava olmasını təmin etmək məqsədilə tikilinin çox hissəsinin (arxasının, yanlarının və üstünün) torpağın altında qalması üçün abidə dağın yamacında inşa edilmişdir. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.