Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məsməxanım Qubadova
Məsməxanım Məhəmməd-Həsən qızı Qubadova - sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan teatr tənqidçisi. Məsməxanım Qubadova 1946-cı il fevral ayının 13-də Salyan şəhərində dünyaya gəlmişdir. Orta təhsilini 2 saylı orta məktəbdə alan M.Qubadova 1963-cü ildə ailə həyatı qurduğu üçün Bakı şəhərinə köçmüşdür. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olan M.Qubadova 1979-cu ildə oranı “ mədəni-maarif işçisi” ixtisası üzrə bitirmiş, elə həmin ilin oktyabr ayından institutun “Mədəni-maarif” fakultəsinin dekanlığında laborant vəzifəsində çalışmağa başlamışdır. 1982-ci ildən institutun “Aktyorluq” kafedrasına böyük laborant vəzifəsinə keçirilən M.Qubadova 1988-ci ildən “Özfəaliyyət teatr kollektivlərinin rejissoru” kafedrasının həm böyük laborantı, həm də, saat hesabı müəllimi olaraq fəaliyyətini davam etdirmişdir. O, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin dissertantı olaraq “Azərbaycan teatrında romantizm.(Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət” əsərinin C.Cabbarlı və H.Cavid yaradıcılığına təsiri)” mövzusunda müdafiə edərək (2003-cü ildə) sənətşünaslıq üzrə alimlik dərəcəsi almışdır. M.Qubadova araşdırdığı mövzu ilə bağlı dövrü mətbuatda onlarla elmi məqalələrini çap etdirməklə yanaşı , həm də “Azərbaycanda maarifçiliyin inkişaf mərhələləri” (1996), “Əli bəy Hüseynzadənin Azərbaycan mədəniyyətinin inkişafında rolu”(1998), “Dünya mədəniyyətinin inkişafında Şərqin rolu”(1998),“Azərbaycan teatrı tarixinə dair metodiki göstəriş”(2000), “Hüseyn Cavid dramaturgiyasının səhnə təccəssümü”(2002) kimi dərs vəsaitlərinin və “Azərbaycan teatrında romantizm.(Ə.Hüseynzadənin “Siyasəti-fürusət” əsərinin C.Cabbarlı və H.Cavid yaradıcılığına təsiri)” (2002), “Əli bəy Hüseynzadə və teatr”(2011) adlı monoqrafiyaların da müəllifidir. Hal-hazırda “Teatrşünaslıq” kafedrasının baş müəllimi vəzifəsində çalışan M.Qubadova teatr tənqidi və teatrşünaslığın nəzəri problemlərinə dair axtarışlarını davam etdirməkdədir.
Əsmətxanım Məmmədova
Əsmətxanım Məmmədova — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, şərqşünas alim, Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasının dosenti. Məmmədova Əsmətxanım Bəyəhməd qızı 1941-ci ildə Bakının Maştağa kəndində ziyalı ailəsində anadan olub, 1958-ci ildə C. Cabbarlı adına 187 nömrəli məktəbi əla qiymətlərlə bitirib və BDU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsinə qəbul olunub. 1963-cü ildə III kursda oxuyarkən "Fars ədəbi dili və Tehran dialektində baş verən fonetik dəyişikliklər" məruzəsinə görə Moskva Dövlət Universitetinin Fəxri fərmanı və fəxri tələbə bileti ilə təltif edilib. 1965-ci ildə universiteti bitirən Ə. Məmmədova Elmi Şuranın qərarı ilə kafedrada saxlanılıb, 1966-cı ildə AMEA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. Onun 2007-ci ildə nəşr olunan "Fars dilində vurğu" eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həmçinin ümumi dilçilik üçün təcrübi nəticələrlə zəngindir. "Fars dilinin orfoqrafiyası" kitabı bu sahədə mütəxəssislər və tələbələr üçün əyani vəsait kimi nəzərdə tutulub. Alimin "Lətifələr, yumoristik hekayələr və tapmacalar" adlı ədəbi dil və danışıq dili ilə müqayisə əsasında (disklə birgə) çap olunan dərs vəsaiti fakültə tarixində ilk təcrübədir. Ə. Məmmədova bir sıra jurnalların redaksiya heyətinin üzvü və elmi ekspertidir. Uzun illər pedaqoji təcrübəyə malik Əsmətxanım Məmmədovanın 150-yə yaxın məqaləsinin Azərbaycanda və xaricdə çap olunmuşdur. Xüsusi ilə vurğulamaq lazımdır ki, onun fars vurğusunun təbiətinə aid eksperimentə əsaslanan 60 səhifəlik məqaləsinin İranda müxtəlif dillərdə 4 dəfə çap olunmuşdur.