Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neoplatonizm
Neoplatonízm, yeni-platonçuluq — III—VI yüzilliklərdə Platon və Aristotelin fəlsəfəsini şərq inancları ilə birləşdirən antik fəlsəfi cərəyandır. Neoplatonizmin əsas ideyaları varlığın birliyini Vahid-Əql-Ruh üçlüyündə təsəvvür etmək, insan ruhunun materiyanın təsirindən azad etmə yollarının göstərilməsi, həqiqətin intuisiya vasitəsilə kəşf edilməsidir. Yeni platonçuluq antik dünyanın sonuncu fəlsəfəsi və mistik məktəbi olmuşdu. Onun yaranması və inkişafı bizim eramızın III əsrinə təsadüf edilir. Bu dövr, eyni zamanda, xristian ilahiyyatının yaranması dövrü idi. Bu iki dünyagörüşü bir-biri ilə ideoloji mübarizə aparırdılar. Yeni platonçuluğun yaranması və inkişafı Roma imperiyasını bürümüş siyasi-iqtisadi və mənəvi böhran dövrünə təsadüf edilir. İmperiya öz süqutuna doğru irəlilədikcə cəmiyyətdə gələcəyə inamsızlıq, mənəvi boşluq, istibdada qarşı etiraz hissləri dərinləşirdi. Bu şəraitdə müxtəlif dini-fəlsəfi və mistik təlimlərin cəmiyyətdə yayılması labüd idi. Bütün imperiya boyu mövhumatlar, falçılıq və cadugərliyin müxtəlif formaları sürətlə yayılırdı.