Nərmin Qaralova
Nərmin Qaralova (tam adı: Nərmin Ziyadxan qızı Qaralova; 10 dekabr 1982, Bakı) — musiqişünas, ssenari müəllifi, televiziya aparıcısı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD), BMA-nın dosenti.
Nərmin Qaralova Asəf Zeynallı adına musiqi kollecinin (1997–2001-skripka ifaçılığı üzrə), Bakı Musiqi Akademiyasının (2001–2005 bakalavr, 2005–2007 magistratura, 2007-aspirantura) tələbəsi olub. Tələbə ikən Gənclər təşkilatı ilə ahıllar, körpələr evində, hərbi hissələrdə konsert proqramlarında çıxış etmiş, çoxlu sayda təşəkkürnamələrlə, mükafatlarla təltif edilmişdir. Türkiyənin Ege Universitetinin professor heyəti ilə Azərbaycanın bölgələrində folklor nümunələrinin toplanmasında yaxından iştirak etmişdir. Kollecdə oxuyarkən "Ayna" televiziya filminə çəkilib.
2005-ci ildən İTV-də aparıcı redaktor, 2007-ci ildən isə AzTV-də aparıcı redaktor vızifəsində çalışır. Bu illər ərzində Maestro Niyazi, Canəli Əkbərov, İslam Rzayev, Səyavuş Kərimi, Elmira Abbasova, Rauf Abdullayev, Polad Bülbüloğlu və başqa tanınmış musiqi xadimləri haqda televiziya filmlərini, eləcə də Azərbaycanda keçirilən festivalların (M. L. Rostropoviçə həsr olunmuş 1, 2, 3 Beynəlxalq festivalı, Beynəlxalq Muğam Festivalı, Arif Məlikovun yubileyi ilə bağlı festival, Bakı Caz Ferstivalı 2009 və s) gündəliklərini hazırlayaraq geniş tamaşaçı kütləsinə çatdırmışdır.
Televiziya həyatı ilə yanaşı 2008-ci ildən pedaqoji fəaliyyətlə də məşquldur. O, Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının baş müəllimidir.