Məmməd Sadıq bəy Ağabəyzadə
Sadıq bəy Ağabəyzadə və ya Məhəmməd Sadıq Ağabəyzadə (15 mart 1865, Göyçay, Şamaxı qəzası – 9 oktyabr 1944, Lvov) — general-mayor, şərqşünas alim, Azərbaycan polisinin qurucusu və islahatçısı, Azərbaycan Demokratik Respublikasının Daxili işlər nazirinin müavini.
Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlmişdir. 1883-cü ildə Bakı Real Məktəbini bitirmişdir. 1886-cı ildə Peterburq Hərbi Piyada və Artilleriya Məktəbini (II Konstantinov hərbi məktəbi) bitirmişdir. O eyni zamanda Hərbi Nazirliyin Baş qərargahının Şərq dilləri kursunda qiyabi oxumuşdur.
1886-cı ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlamışdır. 10 il keçdikdən sonra, 1896-cı ildə imtahanlarını müvəffəqiyyətlə vermiş, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olunmuşdur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilmişdir.
1913-cü ildə xəstəliyinə görə general-mayor rütbəsində təqaüdə çıxaraq, Göyçaya qayıdan Ağabəyzadə Birinci dünya müharibəsi başladıqdan sonra yenidən orduya səfərbər edilmişdir. O, Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şəqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olmuşdur.